Tağı Əhmədovun oğlu pulunu qaytarmasa, şəhid ailəsi intihar edəcək

19-05-2014, 11:01   
Tağı Əhmədovun oğlu pulunu qaytarmasa, şəhid ailəsi intihar edəcək
Bakı Metropoliteninin stansiyalarının keçidlərində ticarətin yığışdırılması bir çox ticarətçinin işsiz qalması və borca düşməsi ilə nəticələnib.

Köşklərin götürülməsi ortaya daha bir problem çıxarıb. Belə ki, ticarətçilər bir müddət əvvəl yenilənən hər köşk üçün onlardan alınan 17 min manatı geri ala bilmirlər. Belə vəziyyətlə üzləşənlərdən iki nəfər-Vidadi Hüseynov və Əlizadə Abbasov “Yeni Müsavat”a müraciət ediblər.

Xocalı soyqırımı zamanı 6 nəfər ailə üzvü qətlə yetirilən Vidadi Hüseynov bildirib ki, 2000-ci ildən “İnşaatçılar” metrostansiyasının keçidində ticarətlə məşğul olub. 2012-ci ildə Tağı Əhmədovun oğlu Rauf Əhmədovun Zaur adlı adamı gəlib ondan və bütün ticarətçilərdən pul tələb edib: “Mənə və digər ticarətçilərə dedi ki, köşklər yeniləndiyi üçün Rauf Əhmədovun göstərişi var. Kim qalıb işləmək istəyirsə, hər yerə görə 17 min manat ödəməlidir. Rusiyada yaşayan qohumlarıma müraciət edib onlardan borc aldım. İllərdir şərikli işlətdiyim, hərəsi 3 kvadrmetr sahəyə malik üç ticarət köşkünü mənə 50 min manata satdılar. Şərtlərini qəbul etməsəydik, yerlərimizi başqasına satırdılar.

Dolanışığımız oradan çıxdığı üçün məcbur olub bu qədər borcun altına girdim. Düşünürdüm ki, işlədikcə, borcu yavaş-yavaş qaytaracağam. Məndən pulu aldıqdan sonra Zaur və yanındakı şəxslərdən sənəd tələb etdim. O isə dedi ki, Rauf Əhmədov olan yerdə sənədə ehtiyac yoxdur, pul verənlərin siyahısı tutulur, siz burada həmişəlik işləyəcəksiniz. Zaur ”İnşaatçılar" ərazisinə baxan şəxs idi və Rauf Əhmədovun adamı idi. Onu da deyim ki, eni 1,5 metr yer üçün aylıq 450 manat icarəhaqqı ödəyirdik. Mən və digər ticarətçilər hər yerə görə 16-17 min manat verdikdən sonra da hər ay 450 manat icarə haqqını ödəyirdik. “İnşaatçılar”da ticarət yığışdırıldıqdan sonra həm ailəmizin dolanışığı kəsilib, həm də borcu qaytara bilmirik.

Bizi hədələyirlər ki, Rauf Əhmədovdan pulumuzu istəməyək. Rauf Əhmədovla görüşmək mümkün deyil. Bizə deyirlər ki, o, Xətai Rayon Məhkəməsində hakimdir, onunla görüşməyə cəhd edən kimi hamınızı həbs edəcəklər. Mən pulumu tələb edirəm. Bizdən həmin pulu alanda deyilmişdi ki, köşkləriniz heç vaxt bağlanmayacaq, bağlansa da pullarımız geri qaytarılacaq. Biz bu vədə inanıb bu qədər borca girmişik".

V.Hüseynov bəyan edib ki, Rauf Əhmədov onun pulunu qaytarmasa intihar etməkdən başqa çıxış yolu yoxdur: “Gedib Rauf Əhmədovun, ya da Tağı Əhmədovun evinin qarşısında intihar edəcəyəm. Mənim 6 nəfər ailə üzvümü ermənilər Xocalıda qətlə yetiriblər, özüm yaralanmışam. Bu qədər əzablar görmüş, sarsıntılar keçirmiş adamam. İndi də başıma belə bir müsibət gəldi. Başqa yolum yoxdur”.

İki azyaşlı uşaq atası Əlizadə Abbasov da Vidadi Hüseynovun üzləşdiyi aqibətlə üzləşib. V.Hüseynovla redaksiyaya gələn Ə.Abbasov bir yer üçün 17 min manatı Rauf Əhmədovun Zaur adlı adamına verdiyini, “İnşaatçılar” stansiyasının keçidindəki ticarət köşklərinin ləğvindən sonra pulunu hələ də geri qaytara bilmədiyini deyib: “Mənə demişdilər ki, nə vaxtsa bura sökülsə, ticarət yığışılsa səndən aldığımız 17 min manatı geri qaytaracağıq. İndi neçə vaxtdır pulumuzu geri ala bilmirik. Acınacaqlı durumla üzləşmişik. Bilmirik ki, ailəmizi dolandırmağın dərdini çəkək, yoxsa borcumuzu qaytarmağın”.

Dünən gün ərzində Rauf Əhmədovla əlaqə yaratmaq mümkün olmayıb. Şikayətçilərin dedikləri ilə bağlı onun da mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.