Ankara və Vaşinqton böyük strateji anlaşma içində

6-08-2015, 08:05   
Ankara və Vaşinqton böyük strateji anlaşma içində

Türkiyə ABŞ-la İŞİD-ə qarşı birgə əməliyyat hazırlayır; Amerika mətbuatı: “Yaxın Şərqdə xəritə dəyişəcək, bölgənin gələcəyini Türkiyə və ABŞ prezidentlərinin görüşü həll edəcək...”


Yaxın Şərq regionunda qanlı qarşıdurmalar davam edir. İŞİD və PKK terroru ilə mübarizənin yeni fazasına qərar verən Türkiyə hazırda bu mübarizəni daha effektli eləməyin, canlı itkiləri və qaçqınların sayını azaltmağın yollarını arayır.

Diqqətçəkicidir ki, bu yöndə Ankara ilə Vaşinqton ortaq anlaşma içindədir və heç vaxt olmadığı qədər qətiyyətli təsir bağışlayır.


Hər şeydən göründüyü kimi, bu iki supergüc bölgənin təzədən şəkillənməsinədək gedəcək proseslərdə sinxron siyasət yürütmək niyyətindədir ki, bu da həm də Azərbaycan adına sevindirici yenilik sayıla bilər.

* * * * *

“ABŞ və Türkiyə Suriyanın şimalında İŞİD-dən təmizlənərək qurulması planlaşdırılan təhlükəsiz bölgədən kürd hərbçilərinin keçidinə icazə verməyəcək”. Nüfuzlu “Wall Street Journal” nəşrinin yazdığına görə, bu bölgənin əhalisinin əksəriyyəti ərəb və türkməndir. Rəsmi Ankara kürd döyüşçülərin bu ərazilərə daxil olaraq yerli sakinləri qovacağından narahatdır.



Məlumatda deyilir ki, ABŞ hökuməti bufer zonada təhlükəsizliyin təmin olunmasına Kürd Müdafiə Birləşmələrini (YPG) buraxmayacağına dair Ankaraya söz verib. Bununla yanaşı, Birləşmiş Ştatlar hökuməti zəruri hallarda məsələnin yenidən gündəmə gətirilməsinin də vacib olduğunu qeyd edib.

Nəşr ABŞ-ın keçən ildən başlayaraq, Suriyada İŞİD-ə qarşı döyüşən YPG-yə dəstək olaraq aviazərbələr endirdiyini də xatırladıb. ABŞ-da fəaliyyət göstərən “Müharibələrin Araşdırılması İnstitutu” qeyd edir ki, Suriyada vətəndaş müharibəsi başlayandan YPG-nin nəzarət etdiyi ərazinin sahəsi böyüyüb. Türkiyə hökuməti isə YPG-nin PKK ilə müqayisədə daha praqmatik olduğu qənaətindədir. Lakin YPG-yə “qırmızı xətti” keçməməsi barədə xəbərdarlıq da edilib.



* * * * *
Beləcə, Ankara ilə Amerika arasında bir müddət çəkən durğunluqdan və Türkiyə-Rusiya dostluq dövrü “daşa dirənəndən” sonra iki dövlətin yenidən strateji əməkdaşlıq müstəvisinə qayıtdığını söyləmək mümkündür - təbii ki, qarşılıqlı siyasi qazanclar müqabilində.
Söhbət qardaş ölkəyə qarşı Qərbin istifadə etməkdə olduğu məkrli “kürd kartı”nın zəiflədilməsindən və İŞİD-ə qarşı ABŞ-ın marağında olduğu, Türkiyənin iştirakı ilə ən təsirli birgə tədbirlərlə bağlı anlaşmadan gedir. AKP iqtidarının başqa bir qazancı isə xarici və hərbi siyasətdəki yeni uğurlar fonunda erkən parlament seçkiləri üçün hakim partiyanın daha əlverişli start göstəricilərinə nail olması ola bilər.

* * * * *
“Yaxın Şərqdə xəritə dəyişəcək. PKK və İŞİD-ə qarşı böyük hərbi əməliyyatlar həyata keçiriləcək. Bəşər Əsədin hakimiyyətdən getməsi üçün Vaşinqton artıq daha fəal rol almağa başlayır. Bölgənin gələcəyi Türkiyə və ABŞ prezidentlərinin görüşündə planlaşdırılacaq”. Bu barədə də ABŞ mətbuatı yazıb (anspress).



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çin, İndoneziya və Pakistan səfərlərindən geri dönərkən jurnalistlərə Vaşinqtona səfər edəcəyi barədə verdiyi açıqlamadan sonra ABŞ mətbuatı yazır ki, görüşdə Yaxın Şərqin yeni sərhədləri formalaşdırılacaq.

Doğrudur, Ərdoğan bildirib ki, ABŞ səfərinin vaxtı dəqiq bilinmir. “BMT Baş Assambleyasının sessiyasında iştirak edərsəm, səfər sentyabrda, əks halda, bu ay baş tuta bilər” - deyib Türkiyə dövlət başçısı.

ABŞ mətbuatı yazır ki, Ərdoğanın bu səfəri regionla bağlı böyük dəyişikliklərə səbəb olacaq. Türkiyə ilə ABŞ arasında İncirlik hərbi bazası ilə bağlı razılığa gəlməsinə diqqət çəkən qəzetlər qeyd edir ki, Ərdoğanın “bufer zona” tələbini artıq Vaşinqton qəbul etmiş kimi görünür: “Vaşinqton Suriyada döyüşən YPG silahlıları arasından agentlərini geri çəkib. Bu isə YPG-nin bölgədə məhv ediləcəyi ilə bağlı bir siqnal hesab edilir. ”Hələb dəhlizi" adlandırılan Fərat çayının qərbindəki bölgə İŞİD terrorçularından tamamilə təmizlənəcək".

*****
Bütün bunlar isə Böyük Britaniyanı narahat etməyə başlayıb. İngilis mətbuatının yazdığına görə, anlaşma nəticəsində Fərat çayının qərbi tamamilə Türkiyəyə veriləcək.

“Keçən həftə əldə olunan İncirlik razılaşmasından sonra yeni addımlar atıldı. Türkiyənin PKK və İŞİD-ə qarşı böyük əməliyyatları yeni vəziyyətin yaranmasına səbəb oldu. Bu əməliyyatlar bitəndən sonra Türkiyə-Suriya sərhədindəki Fərat çayının qərbi bütünlüklə Türkiyənin olacaq. Bura Suriyanın Cerablus, Afrin, Hələb və İdlib şəhərləri daxildir” - ingilis mətbuatı qeyd edir.

* * * * *
Bur arada Türkiyə xarici işlər naziri vəzifəsini icra edən Mövlüd Çavuşoğlu İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatın hazırlandığını bildirib. Nazir bu haqda ASEAN ölkələri xarici işlər nazirlərinin görüşünün keçirildiyi Malayziyaya səfəri zamanı TRT televiziya kanalına verdiyi müsahibəsində deyib.

“ABŞ-la müqavilələrimiz çərçivəsində, xüsusilə də İncirlik bazasının istifadəsi ilə bağlı biz uzun bir yol qət etmişik. Biz görürük ki, oraya Amerikanın pilotsuz uçan aparatları və pilotların idarə etdiyi təyyarələr gəlməyə başlayıb. Tezliklə biz ABŞ-la birlikdə İŞİD qruplaşmasına qarşı kompleks şəkildə hərbi əməliyyatları həyata keçirəcəyik, - deyə XİN başçısı vurğulayıb.
Yerli mətbuat Pentaqona istinadən məlumat verir ki, ABŞ bu yaxınlarda yeni müqavilələr çərçivəsində İncirlik bazasından istifadə edib. İlk dəfə olaraq, oradan tam silahlanmış və döyüşə hazır vəziyyətdə olan pilotsuz uçan aparat havaya qalxıb. Həmin aparat Suriya ərazisində uçuş həyata keçirib, lakin bu ərazilərdəki İŞİD mövqelərinə zərbələr endirməyib. Bundan əvvəl ABŞ-a məxsus uçan aparatlar buradan havaya qalxıb, lakin onlar silahlı olmayıb və kəşfiyyat xarakterli uçuşlar həyata keçirib.

*****
Beləliklə, Türkiyə-ABŞ əlaqələri həm siyasi-diplomatik, həm də hərbi aspektləri özündə ehtiva eləməklə tamamən yeni keyfiyyət mərhələsinə adlamaqdadır. Yeni mərhələ qardaş ölkənin daha güclü və vazkeçilməz regional oyunçu statusunu möhkəmlədə bilər ki, bu da Azərbaycanın da milli maraqlarına uyğundur. Bölgə gerçəkdən də yeni şəkillənmə dövrünə girir. Bunun bir təzahürü də Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına yeni komandanın gətirilməsi sayıla bilər.


Siyasət şöbəsi /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.