Rayon camaatı deyir ki, seçicilərin deyil, qohumlarının problemlərini həll etmək üçün seçilmiş Ərəstun Cavadovu görənə ənam verəcəklər
Parlament seçkiləri yaxınlaşdıqca indiyə qədər seçicilərinin gözünə bircə dəfə də olsun görünməyən deputatlar bir-bir üzə çıxmağa başlayırlar.
Elə seçki dairələri var ki, onların seçiciləri deputatlarını 5 il bundan əvvəl görüblər. Və həmin müddətdən bəri dəfələrlə cəhd etsələr də, həmin millət vəkillərini nə görə biliblər, nə də danışmaq üçün qəbuluna düşmək imkanı qazanıblar.
Həmin deputatlardan biri də Ərəstun Cavadovdur. Cənab Cavadov 2005-ci ildə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən mandat sahibi olub. Həmin vaxt əhalinin ayağına gedən sözügedən şəxs seçildikdən sonra isə «qeybə» çəkilib. Elə Ağsu camaatı da həmişə bundan giley-güzar edir.
“Bolgexeber”-ə danışan rayon sakinləri bildirirlər ki, Ə.Cavadov onlar üçün deputatlıq etməyib. «İndiyə qədər nə rayona gəlib camaatla görüşüb, nə də buraların problemlərindən xəbəri var. Bu azmış kimi, parlamentin iclaslarında bircə dəfə də olsun Ağsuyun problemlərini qaldırmayıb. Madam ki, gedib orda susacaqdı, o zaman adını niyə deputat qoyub? Qoy, bu işi bacaranlar seçilsin və camaatın da problemlərini dövlət yanında qabartsın».
Amma Ağsu əhli Ərəstun Cavadovun niyə deputat seçildiyi barədə də fikrə malikdir. Onların rəyinə görə, deputat mandatı camaata görə yox, özü və qohumlarına görə əldə saxlamağa çalışır. «Ərəstun Cavadovu mandat maraqlandırırdı. Onu əldə edəndən sonra yadına seçici düşməyibsə, bunu normal qarşılamaq lazımdır. Çünki onun məqsədi camaatın qayağısına qalmaq yox, qohum-əqrabasına gün ağlamaqdır. Ona görə, deputat olmaq istəyir ki, qardaşları vəzifədə qalsın, qohumlarına gəlir yerləri düzəldə bilsin».
Bu əsnada Ağsu sakinləri əməkdaşlarımız ilə söhbət əsnasında bir neçə maraqlı məqama da toxunublar. Onlar deyiblər ki, Ərəstun Cavadovun bir qardaşı icra nümayəndəsidir, digəri isə bələdiyyə sədri. «Əvvəlcədən də özünkülərini qabağa çəkməyi sevən biriydi. Deputat seçiləndən sonra ilk olaraq qardaşlarına yer düzəltdi. Yəqin ki, qarşıdakı 5 il üçün mandat əldə edərsə, o zaman digər qohumları üçün şərait yaratmağa başlayacaq».
Əməkdaşımızla söhbət edənlər onu da iddia ediblər ki, deputatın qardaşları Ağsunun Ərəbmehdibəy kəndini söküb, dağıtmaqla məşğuldurlar. «Adamın qardaşı Ərəbmehdibəydə sağ-salamat bir şey qoymayıb. Torpaqlarına kimi satıb. Əldə, ovucda da bir şey qalmayıb. Bir deputatın ki, qardaşları insanlara bu qədər zülm edir, ondan daha nə gözləmək olar?»