Şəmkirdə “SP Evrosalda” MMC şirkəti işçilərin maaşını vermir. Firma aylardır ki, işçilərin əmək haqlarını ödəməkdən imtina edir. Sözügedən şirkət Şəmkirdə su və kanalizasiya xətlərinin çəkilişi üzrə dövlət proqramını icra edir.
Bu proqramın 2013-cü ildə yekunlaşması gözlənilsə də, iş hələ də davam edir. İşin baş podratçısı “Akkord” Şirkətlər Qrupu, subpodratçı şirkət isə həmin “SP Evrosalda” MMC-dir. Bugun.az xəbər verir ki, burada işləyən Abış Ələsgərov isə “Axar.az”a müraciətində şikayətləndi ki, 50-dən artıq işçi maaş ala bilmir:
“Şirkətin rəhbəri Nəsirov Samir və Cəfərov Aydındır. Bu adamlar üç aydır ki, pulumuzu vermirlər. “Akkord” şirkəti son səkkiz ayda beş dəfə bizim şirkətə pul köçürüb. Amma o vəsaitdən bir qəpik də olsun bizə verməyiblər. Təkcə bizim briqadaya 75 min manat pul verilməlidir. Gedib pulumuzu tələb edəndə deyirlər ki, pul verəsi deyilik, hara şikayət edirsiniz edin”.
Şikayətçinin sözlərinə görə, şirkətin rəhbəri S.Nəsirov ayrılan pulu ata malı kimi istifadə edir: “Samir Nəsirov pulu mənimsəyərək Dubaydan və Türkiyədən mal gətirib kommersiya ilə məşğuldur. Halbuki bu pul bizə çatmalıdır. Bir neçə yerə müraciət etsək də, heç kim şikayətimizə məhəl qoymayıb. Düz üç aydır ki, bizi süründürürlər”. Pulunu ala bilməyən Abış Ələsgərov bir neçə dövlət qurumuna şikayət etdiklərini, ancaq problemə əncam çəkən olmadığını bildirdi: “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişik. Prezident Administrasiyasında dəfələrlə olmuşuq. Orda bizi Şahin müəllim qəbul edib. Ondan sonra 5 min manat verildi bizə. Sonra dedilər ki, qalanını fevralın ortalarına kimi verəcəyik. Fevral ayında yenə müraciət etdik, dedilər ki, gedin, kimə deyirsiniz, deyin, pulu vermirik. Prezidentin İqtisadi məsələlər üzrə müşaviri Əli Əsədova müraciət etdik. O da “Azərsu”ya göstəriş verdi ki, bu işi araşdırsın. Amma hələ də məsələ həll olunmayıb”.
Şirkətin icraçı direktoru vəzifəsini daşıyan S.Nəsirov isə problemlə bağlı bunları dedi:
“O proseslər məndən əvvəl baş verib. Bu işlərdən xəbərim yoxdur. Hamının pulu verilib. Köhnə haqq-hesablar qalıb ki, ona da biz cavabdeh deyilik. Kimsə dələduzluq
edibsə, bunu şirkətin adına yazmaq lazım deyil”.
Mövzunu diqqətdə saxlayacağıq.