Sentyabrda kadr dəyişiklərinin yeni dalğası gözlənilir

19-05-2014, 11:13   
Sentyabrda kadr dəyişiklərinin yeni dalğası gözlənilir
Son bir ildə hakim komandanın 10 üzvü və 6 icra başçısı karyerasını bitirib; payızda proses daha geniş xarakter alacaq; hakimiyyətin “qara siyahı”sına düşən deputatların adları “Yeni Müsavat”da...

Hakimiyyət kadr dəyişikliklərinə bir qədər fasilə verib. Proses, böyük ehtimalla, sentyabrda davam etdiriləcək. Payızda xeyli icra başçısının, bəzi nazirlərin işdən çıxarılması gözlənilir. Eyni zamanda idarəetmə sistemində dəyişikliklər olacağı barədə iddialar da var. Bu barədə “Yeni Müsavat”a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin iddiasına görə, prosesə fasilə verilməsinin səbəbi kadr islahatlarına hazırlıqla bağlıdır: “Ötən prezident seçkisindən keçən 7 ayda 3 nazir (müdafiə naziri Səfər Əbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və kənd təsərrüfatı naziri İsmət Abbasov), 1 komitə sədri (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov), 4 rektor (Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Slavyan Universitetinin rektoru Kamal Abdulla, Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov), Prezident Administrasiyasının şöbə müdiri (Elnur Aslanov), 2 iri dövlət müəssisəsinin (Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov) - üst-üstə hakim komandanın 10 üzvü öz karyerasını bitirib.

Bir il öncə işdən çıxarılan təhsil naziri Misir Mərdanovu da buraya əlavə etsək, hakim komandada 11 yüksək çinli məmur öz vəzifəsi ilə vidalaşıb. Bundan əlavə, 6 icra başçısı (Kürdəmirin icra başçısı İrşad Əliyev, Ağdamın icra başçısı Nizami Sadıqov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Lerikin icra başçısı Rövşən Bağırov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Şamaxının icra başçısı Asif Məmmədov) işdən çıxarılıb. Bu proses sentyabrdan başlayaraq daha sürətlə davam edəcək”.

Mənbənin sözlərinə görə, komandanın yeniləşməsi 2015-ci ilin parlament seçkisinə hazırlıqlarla bağlıdır: “YAP-ın siyahısında növbəti seçkidə xeyli yeni simalar olacaq. İndiki YAP-çı deputatların əhəmiyyətli kəsiminə hakim partiya dəstək verməyəcək. Məsələn, tanınmış YAP-çı deputatlardan Hadı Rəcəbli, Rəbiyyət Aslanova, Ziyad Səmədzadə, Arif Rəhimzadə, Şəmsəddin Hacıyev (bu şəxslər hazırda Milli Məclisdə komitə rəhbərləridir), Ceyhun Osmanov, Sahib Alıyev, Fəzail Ağamalı, Aydın Abbasov, Etibar Hüseynov, Elton Məmmədov, Jalə Əliyeva YAP-ın siyahısında yer almayacaq. Eləcə də adları ictimaiyyətə tanış olmayan deputatların bir hissəsinə bu dəfə etimad göstərilməyəcək”.

Bununla belə, mənbə işdən çıxarılacaq nazir və komitə sədrlərinin adlarını açıqlamaqdan yayınıb: “Onu indidən deməyə ehtiyac yoxdur. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Ancaq hakimiyyətdə övladları harınlamış məmurların işdən çıxarılması ilə bağlı daxili qərar var. İsmayıllı və Quba hadisələrində bunun siyasi hakimiyyət üçün təhlükə yaratdığının şahidi olduq. Oğlu sərxoş vəziyyətdə qəza törədərək, xalq artistinin ailəsini məhv edən ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Mübariz Mədətov məhz buna görə prezident tərəfindən sərt cəzalandırıldı. Oğlu həbs edildi, özü isə işdən çıxarıldı. Bu kurs bundan sonra da davam etdiriləcək. Elə indi də mediada harın məmurlarla bağlı məlumatlar gedir. Onların heç biri cəzasız qalmayacaq".

Mənbənin iddiasına görə, payızda kadr dəyişikliyi ilə yanaşı, müəyyən struktur islahatları da aparılacaq: “Gömrük yükləri ASAN-Xidmət vasitəsilə bəyan ediləcək, elektron xidmətlərin əhatə dairəsi genişlənəcək. Bəzi nazirlik və komitələr birləşdiriləcək, bəziləri isə ləğv ediləcək. Yeni təyinatlarda istisnasız olaraq texnokratlara üstünlük veriləcək. Oliqarxlar tədricən hakimiyyət strukturlarından sıxışdırılacaq”.

Mənbə onu da bildirir ki, kadr dəyişikliklərinə fasilə verilsə də, “Gülən camaatı”na bağlı bəzi məmurların sentyabradək işdən çıxarılacağı da gözləniləndir: “Bu şəbəkə hələ durur və yaxşı təşkilatlanıb. Onlarla bağlı tezliklə qərarlar olacaq. Ancaq setin tam zərərsizləşməsi hələ çox çəkəcək. Çünki çox şaxələniblər...”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.