Binəqədidə yanan binanın təmirinə cavabdeh olan “Azəraqrartikinti” ASC təkcə orada işlətdiyi fəhlələrin pulunu ödəməkdə çətinlik çəkmir. Belə ki, ASC rəhbərliyinin dövlət qurumları ilə də borc sıxıntısı var.
Bu barədə Strateq.az-a verilən məlumata görə, deputat Ağalar Vəliyevin rəhbərlik etdiyi “Azəraqrartikinti” ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti ilə də borc qalmaqalı yaşayır:
«Deputat Ağalar Vəliyevin rəhbərlik etdiyi ASC-nin DSMF-nin adıçəkilən departamentinə 63 min 700 manat məcburi sosial sığorta borcu var. Ancaq ASC rəhbərliyi bu pulu ödəməkdən yayınıb. Buna görə də Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti “Azəraqrartikinti” ASC –yə qarşı məhkəmə qaydasında iddia qaldırıb. Hətta 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə ASC-yə qarşı qaldırılan 63.700 manatlıq borc iddiası təmin edilib. Məhkəmə qətnaməsinə görə, “Azəraqrartikinti” ASC bu borcu ödəməlidir. Ancaq Ağalar Vəliyevin rəhbərlik etdiyi ASC bu qətnamə ilə barışmaq niyyətində deyil».
Məlumata görə, “Azəraqrartikinti” ASC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib:
«ASC rəhbərliyi 63 min 700 manatlıq borc üzrə öhdəliyə xitam verilməsi və borcun silinməsinin DSMF-yə həvalə edilməsi tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Şikayət artıq icraata qəbul olunub. Artıq hakim Elmira Nağıyeva iş üzrə avqustun 11-nə iclas saatı da təyin edib».
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinin rəisi Şiraslan Əsədov kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.
Sonda onu da qeyd edək ki, Binəqədidəki yanan binanın təmiri üçün Prezident sərəncamı ilə 5 milyon manat da pul ayrılıb.