Mehman Əliyev: «Ramiz Mehdiyevin bu addımı hakimiyyətin seçki kampaniyasına PA rəhbəri ilə start verməsi anlamına gəlir»
Əgər son zamanlara qədər Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə bağlı mətbuatda gedən məlumatlar sırf onun səhhətində yaranan problemlərlə bağlı idisə, hazırda vəziyyət dəyişib. Hətta bir ara onun dövlət idarəçiliyindən Paşayevlər tərəfindən tamamilə sıxışdırıldığı iddia edilirdi.
Amma parlament seçkiləri ərəfəsində, xüsusilə hakim partiyada seçkilərilə bağlı gərginliyin artdığı dönəmdə R.Mehdiyev yenidən gündəmə gəldi. PA rəhbəri “Ikili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxdı. R.Mehdiyev kitabda Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. “Akademik Ramiz Mehdiyev bu kitabında da geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərib. Aydın şəkildə diqqətə çatdırılır ki, Azərbaycan hakimiyyəti hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüququn normaları və ölkənin milli maraqlarından çıxış edir”,- deyə xəbərdə bildirilir. Kitabda Ramiz Mehdiyevin “Ilham Əliyev yeni əsrin yeni lideridir”, “Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir” sərlövhəli müsahibələrini və “Ikili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi yer alıb.
Kitabın seçki ərəfəsində işıq üzü görməsi də təsadüfi sayılmır. Ramiz Mehdiyev indiki gərgin vəziyyətdə öz xidmətlərilə Ilham Əliyevin yaddaşını təzələməklə seçki savaşında üstünlüyü ələ almaq istəyir. Bununla o həm də rəqiblərinə əzələ nümayiş etdirir.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, R.Mehdiyevin bu addımı hakimiyyətin seçki kampaniyasına PA rəhbəri ilə start verməsi anlamına gəlir. Bu addımın seçkilər məsələsinə Azərbaycan hakimiyyətinin reaksiyası olduğunu deyən M.Əliyev bildirdi ki, kitabın işıq üzünü məhz seçki ərəfəsində görməsi təsadüfi deyil: “Hakimiyyət təmsilçiləri bu kitabda səslənən müddəaları seçkidə əsas tutaraq, ona uyğun hərəkət də edə bilərlər”.
R.Mehdiyevin kitabında əvvəlki xidmətlərini xatırlatmasına gəlincə isə, M.Əliyev vurğuladı ki, bu təsadüfi deyil, hakimiyyət daxilində tez-tez bundan istifadə edilir.
Hikmət