Saatlılı müəllimədən sensasion ittihamlarla dolu məktub – “Qarşımı kəsərək əxlaqsız münasibətlər təklif edirdi…”

26-08-2015, 07:50   
Saatlılı müəllimədən sensasion ittihamlarla dolu məktub – “Qarşımı kəsərək əxlaqsız münasibətlər təklif edirdi…”

Saatlı rayon Məzrəli kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Sara Malik qızı Həsənova Avropa.info-ya sensasiya doğuracaq məktubla müraciət edib.
Avropa.info həmin məktubu olduğu kimi təqdim edir:
“Mən Sara Malik qızı Həsənova müəllim işlədiyim Saatlı rayon Məzrəli kənd tam orta məktəbində 2008-2015-ci illərdə direktor işləmiş Mehman Şükürov tərəfindən aldadılaraq, öz adıma “Kapital bank”ın Saatalı şöbəsindən 4600 manat məbləğində kredit götürməyə məcbur edilmişəm. 2014-cü ilin yanvar ayında 24 ay müddətinə götürdüyüm bu kreditin faizləri ilə (gecikdirmə faizləri də əlavə edildikdə) 7000 manat pul mənim əməkhaqqı kartımdan çıxarılıb.
Bu müddət ərzində M.Şükürov mənə cəmi 500-600 manat pul verib. Qalanını isə verməyərək mənim hər cür ehtiyaclar içində yaşamağıma səbəb olub. Ali Məhkəmənin sədri cənab Zakir Rzayevin 11 iyun 2015-ci il tarixli qərarından sonra bu məsələnin polis şöbəsinə aid edildiyini nəzərə alıb Saatlı rayon polis şöbəsinə məsələ ilə əlaqədar şikayət ünvanlamışam. Şikayətim müstəntiq Ərşad Sülemanova tapşırılıb. Sonradan eşidim ki, Ərşad Süleymanov nəyinsə müqabilində keçmiş direktor Mehman Şükürovun tərəfini tutur.
Bununla bağlı Ərşada zəng etdim, dedim sənin mənim işimə biganəliyin rüşvət almağınamı görədir? Ərşad mənə dedi ki, “Əcəb edib rüşvət almışam”. Aidiyyəti orqanlar Ərşadın mənə dediyi bu sözləri mənim telefon nömrəmi araşdıraraq təsdiqləyə bilərlər. Bu barədə bu ilin avqust ayının 4-də DİN-nin 102 qaynar xəttinə zəng edib məlumat verdim. Bu dəfə qaynar xətdə mənimlə danışan bir xanım əməkdaş müraciətimi qeydə almaq istəmədi.
Məlum məsələ idi ki, mənim 102 xidmətimə etdiyim zənglər Saatlı rayon Polis şöbəsi tərəfindən ləğv etdirilirdi. Nəhayət, Saatlı rayon polis şöbəsindən Zaur Alışov adlı bir şəxs tərəfindən izahat vermək üçün çağırış məktubu gəldi. Bu o Zaur Alışov idi ki, xeyli vaxtdır rayonda müxtəlif yerlərdə qarşımı kəsərək mənə əxlaqsız münasibətlər təklif edirdi. Hər dəfə də məni hədələyərək onun murdar təklifləri ilə razılaşmadığım halda hər şey edəcəyi ilə hədələyirdi.
Qeyd edim ki, Zaur Alışov Saatlı rayon şöbəsində qərargah rəisi işləyir. Mən qorxa-qorxa da olsa, 24 avqust 2015-ci il tarixində səhər saat 10-da Zaur Alışovun kabinetində qəbulda oldum. Mən kabinetə daxil olan an Zaur Alışov kabinetin qapısını bağladı və mənə “otur” əmri verdi. Mən otağa daxil olan andan mənimlə təhqiramiz şəkildə danışmağa başladı. Zaur Alışov mənim qarşıma 102 qaynar xəttinə bildirdiyim məlumatın əksi yazılmış bir yazılı vərəq atdı ki, Ərşadın rüşvət almaq məsələsini izahatımda yazmayım. Mən razılaşmayanda o, mənə yaxınlaşıb əl və bədən hərəkətləri ilə toxunmağa, hətta güc tətbiq etməyə başladı. Mən qışqırıb bayıra qaçmaq istəsəm də, o, məni əlindən buraxmaq istəmirdi. Mən ondan prezidentə, baş prokurora şikayət edəcəyimi desəm də o, mənə, atama, anama iyrənc söyüşlər söyərək heç kəsdən qorxmadığını deyirdi.
Mən Azərbaycan qızıyam, Azərbaycan ziyalısı, 25 ilin müəllimiyəm. Aidiyyəti orqanlara üz tutub sual verirəm ki, Zaur Alışov görəsən arxasını hara bağlayıb ki, vətəndaşı xidməti otağında təhqir edir, əxlaqsız davranışlarla mənim qadınlıq ləyaqətimə toxunur və mənə güc tətbiq edir, başıma stul çırpır?
Maraqlıdır Saatlı polislərinə bu səlahiyyətlər, bu imtiyazlar haradan verilmişdir. Bu yazını eynilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya, Respublika Baş Prokurorluğuna, DİN-ə və digər aidiyyəti orqanlara da ünvanlayacam.
Qeyd: Bu yazıda irəli sürülən ittihamlar məktubu göndərən Sara Malik qızı Həsənovaya aiddir və saytın mövqeyi deyil. Yazıda irəli sürülmüş ittihamlarla bağlı adları çəkilən şəxslərin və DİN-in mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.