İsmayıllıda şəhid adına müdhiş dələduzluq

27-08-2015, 07:20   
İsmayıllıda şəhid adına müdhiş dələduzluq

İtkin düşən şəxsin maaşı necə mənimsənilib?

“Azadlıq”ın poçtuna maraqlı bir müraciət daxil olub. Şəhid adına 22 il ərzində edilmiş xəyanətlərə və mənimsənilmiş pul vəsaitlərini ört-basdır etməyə çalışan Ismayıllı mədəniyyət və turizm idarəsinin baş mühasibi Həcər Allahverdiyeva və şöbə müdiri Azər Abbasovun özbaşnalıqları barəsində tədbir görülməsi üçün ölkə başçısı Ilham Əliyev və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə olan açıq məktub həmçinin müdafiə naziri Zakir Həsənov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev və maliyyə naziri Samir Şərifova ünvanlanıb. Həmin qurum rəhbərlərinə üz tutan Ismayıllı rayonu, M.F.Axundov küçəsi, bina 34-A, mənzil 9 sakini Ürbabə Mahmudova yazır:

“Mən Qarabağ müharibəsində şəhid olmuş Təyyar Mahmudovun həyat yoldaşıyam. Həyat yoldaşım 1987 ci-ildən, Qarabağ müharibəsinə göndərildiyi günə kimi Sulut kəndindəki kitabxananın müdiri işləyib. O,07 aprel 1993 cü- ildə Ismayıllı rayon hərbi komissarlığı tərəfindən müharibəyə göndərilib. Şəhid olmuş qardaşım Eldar Nuriyevin dəfnində iştirakla əlaqədar 1993- cü ilin iyun ayında həyat yoldaşım Suluta gəlib və yenidən cəbhəyə qayıdıb. O vaxtdan 12 mart 2001-ci ilə kimi ondan heç bir məlumat olmayıb. 12 mart 2001 ci-ildə Ismayıllı rayon məhkəməsinin qətnaməsi əsasında həyat yoldaşımın Qarabağ döyüşlərində itkin düşdüyü müəyyən edilərək ölmüş hesab edilib və ona şəhid adı verilib. Mənimlə həyat yoldaşımın rəsmi qaydada olan nigahımızdan 03 dekabr 1993-cü ildə qızım Ruhiyyə Mahmudova doğulub. Həmin illəri hamımız çox yaxşı xatırlayırıq. Yoxsulluq, aclıq, səfalət, maddi-mənəvi çətinliklər, bir sözlə, insanların çəkdikləri əziyyətlərin içərisində öz körpəmlə rayon mərkəzindən 50 km aralı bir məsafədə keçirdiyim bu ömrü rəzalət içərisində yaşamışam. Körpə qızımla hansı zülmləri çəkmişəm, ondan bir allahım xəbərdardır. Qızımı kürəyimə sarıyıb dağlardan böyürtkan, dərman üçün ot bitkiləri yığıb sataraq yaşamışıq. Elə vaxt olub ki, günlərlə ac qalmışıq. Odun ehtiyatımız olmadığı üçün soyuqdan əziyyət çəkmişik. Maddi imkanımız olmadığı üçün cəhənnəm əzabı yaşamışıq. Bir tərəfdən həyat yoldaşımın itkin düşməsi, digər tərəfdən qardaşımın şəhid olması, atamın bir ayağının kəsilərək 1-ci qrup əlil olması, keçmiş mədəniyyət şöbəsi tərəfindən 1993 cü-ildən 2001-ci ilə kimi mənə və qızıma maddi kömək göstərilməməsi bizim çox böyük çətinliklərlə üz-üzə qalmağımıza səbəb oldu. Bu çətinliklərə görə dəfələrlə özümü və qızımı məhv etmək istəmişəm. Lakin son anda buna yol verməmişəm. Ona görə ki, həyat yoldaşım və qardaşım vətən, torpaq yolunda şəhid olublar. Onların şəhid ruhları səhv addımıma görə məndən inciyərdi. Odur ki, dözdüm, çətinliklərə tablaşıb övladımın gələcəyini düşündüm.

Ismayıllı məhkəməsinin 12 mart 2001-ci il qətnaməsindən sonra dövlət məni və övladımı himayə etməyə başladı və 2003-cü ildə Ismayıllı şəhərində bizi mənzillə təmin etdi. Lakin həyat yoldaşımın işlədiyi Ismayıllı rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 07 aprel 1993-cü ildən 12 mart 2001-ci il tarixinə kimi 96 ay üçün onun adına əmək haqqı hesablanıb. Keçmiş mədəniyyət şöbəsinin aidiyyatı işçiləri tərəfindən hesablanaraq ödənişi edilmiş həmin dövrlərin əməkhaqqı və müavinətləri şəhidin həyat yoldaşı kimi mənə verilməyib. Hazırda Ismayıllı mədəniyyət və turizm idarəsinin arxivində saxlanılan ödəniş cədvəllərində pul vəsaitlərinin alınmasına dair imzalardan mənim xəbərim yoxdur. Ödəniş cədvəllərində yalnız 6 ay üzrə olan imzalardan xəbərim var, bu imzalar özümünküdür. Lakin 90 ayın ödəniş cədvəllərindəki pul vəsaitlərinin alınması üçün imzalardan xəbərim yoxdur və bu pulları almamışam. Cənab prezident, həyat yoldaşım Qarabağ müharibəsində itkin düşüb, şəhid olub. Ismayıllı mədəniyyət şöbəsinin aidiyyatı işçiləri isə şəhidin adına, onun ailəsinə xəyanətlə məşğul olub. Ödəniş cədvəllərindəki pul vəsaitini şəhidin ailəsinə, yəni mənə ödəməyiblər. Mən yalnız həyat yoldaşımın əmək kitabçasını götürdüyüm zaman bu xəyanəti başa düşmüşəm. Ismayıllı rayon mədəniyyət və turizm şöbəsi işçilərinin şəhid adına, şəhid ailəsinə etdikləri bu xəyanətlərə nə ad vermək olar? Sulut kəndində maddiyyatsızlıqdan cəhənnəm əzabı yaşamış bir ana və atasının üzünü görməyən bir körpəyə çatası pulları mənimsəyənlərə hansı adı vermək olar? Cənab prezident, xahiş edirəm yazdıqlarımı tam şəkildə yerindəcə araşdırıb yoxlatdırın, haqq-ədaləti bərpa edin. 22 il ərzində mənə, övladıma vurulan maddi və mənəvi ziyan müəyyən edilsin və bizə qaytarılsın. Bir daha bildirirəm ki, 90 ay üçün pul vəsaitlərinin ödənişi üçün edilmiş imzalar saxtadır və həmin pul vəsaitləri mənim acizliyimdən, ailə başsızlığımdan mənimsənilib. Şəhid Mahmudov Təyyarın adına yazılıb hesablanmış və ödənmiş bütün dövrlərdəki imzalar ekspertiza edilsin, imza saxtakarlığını etmiş günahkarlar qanun qarşısında məsuliyyətə cəlb olunsunlar".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.