İcra başçısı qadını hədələyib jurnalistdən qaçdı VİDEO
31-08-2015, 06:53
Sabuncu qəsəbə sakini Tahirə Ağasıyeva Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdən şikayətçidir.
Şikayətçinin dediyinə görə, icra başçısı yaşadıqları evin qarşısında - 4 hektarlıq ərazidə mərmər sexi tikdirir. Bu tikilinin yerinə ərazidə park salınmasını istəyən qəsəbə sakini Prezident Administrasiyasına və bir sıra nazirliklərə icra başçısından şikayət edib.
T.Ağasıyeva bildirir ki, bundan sonra icra başçısı yaşadığı əraziyə gəlib. Həmin vaxt dərdini demək uçun başçıya yaxınlaşsa da Adil Vəliyev onu təhdid edib.
Tahirə Ağasıyevə deyir ki, həmin gün RİH işçiləri 3 saat onun qapısında gözləyib, ona ərizə yazdırdıqdan sonra gediblər. Ərazidəki bəzi sakinlər də tikintidən narazı olduqlarını deyirlər.
Şikayətçi onu da deyir ki, RİH işçiləri tikinti aparılan ərazinin SOCAR-a aid olduğunu desələr də sakinlər bu ərazidə yalnız icra başçısının işçilərini görüblər. Tahirə Ağasıyevanın söylədyinə görə, bundan sonra başına bir iş gəlsə, bunun səbəbkarının Adil Vəliyev olması ilə bağlı artıq 102 xidmətinə də məlumat verib.
Meydan TV-nin əməkdaşı şikayətçi ilə birgə Sabunçu Rayon İcra Hakimiyyətində olub. Mühafizəçi qurumun mətbuat xidmətinin olmadığını, icra başçısına jurnalistin və şikayətçinin gəldiyini bildirdiyini deyib. Avqustun 28-də Adil Vəliyevin saat 17:00-dək qəbul saatı olsa da o, saat 16 radələrində haqqındakı ittihamlara cavab vermədən binanı tərk edib.