Şəmkir rayonunda hüquqları tapdalanan vətəndaşlar etiraz aksiyası keçirməyi planlaşdırır. Bununla bağlı "Unikal" qəzetinə müraciət edən şikayətçilərin sözlərinə görə, icra başçısı Alimpaşa Məmmədov Şəmkirçay su anbarını tam şəkildə nəzarətinə götürüb və bu adıçəkilən anbardan qanuni şəkildə balıq ovlayaraq ailələrini dolandıran yüzlərlə balıqçının sərt şəkildə etirazına səbəb olub.
"Unikal" qəzetinə müraciət edən balıqçılar bildirir ki, onlar bütün qanuni prosedurları həyata keçirərək balıq ovu ilə məşğul olurlar, ancaq artıq icra başçısı bu biznesə əl qoymaq istədiyindən balıqçıların Şəmkirçay su anbarına gedən yolları bağlanıb: "Biz hər il müvafiq qaydalara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə balıqçılıq fəaliyyətilə məşğul olmaq üçün lisenziya alırıq. Həmin lisenziya biletinin vaxtı hər ilin sentyabrından aprelə qədər olan zaman intervalını əhatə edir. Biz hər il aldığımız icazə lisenziyası ilə balıq ovu ilə məşğul olur və bununla ailəmizin ruzisini qazanırdıq. Amma gözləmədiyimiz halda bu il bizə su anbarına yaxınlaşmaq qadağan olunub. Bu qadağanın əsasında isə icra başçısı Alimpaşa Məmmədovun qanunsuz əmri dayanır".
Hazırda Şəmkirçay su anbarının polislər tərəfindən mühasirəyə alındığını bildirən balıqçılar icra başçısının müdaxiləsindən sonra ailələrini dolandırmaqda çətinlik çəkdiklərini iddia edirlər. Onlar artıq aksiyaya qərar verdiklərini bildirirlər: "Bizim artıq başqa yolumuz qalmayıb. Biz Şəmkir - Bakı yolunu bağlamaqla məsələni ictimailəşdirmək və icra başçısının qanunsuzluqlarını yuxarı dairələrin diqqətinə çatdırmaq istəyirik".
Onu da nəzərə çatdıraq ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov rayona gəldiyi gündən qeyri-adi hərəkətləriylə mətbuatın gündəmindən düşmür. Onun adı gah 250 min manatlıq şou-proqramlarda, gah ölkənin müdafiə naziri tərəfindən döyülmədə, gah da rayonda keçirilən Beynəlxalq Şahmat Turnirində gülünc doğuran hərəkətlərdə hallanıb. Məlumata görə, ölkə başçısının dəfələrlə Şəmkirin sosial inkişafı üçün ayırdığı maliyyə vəsaitlərinin də düzgün xərclənmədiyi, böyük məbləğdə yeyinti faktlarının olduğu üzə çıxıb. Bildirilir ki, bütün bunlar Alimpaşa Məmmədovu ciddi şəkildə qorxuya salıb. Çünki o, ölkə başçısının onunla bağlı sərəncamını hər an gözləyir.
Bundan əlavə, mətbuatın bir müddət əvvəl yazdığına görə, A.Məmmədovun idarəetmə mexanizmi ilk vaxtlar böyük səs-küyə səbəb olmuşdu. Onun təyinatdan sonrakı kadr dəyişiklikləri də səssiz ötüşməmişdi. Şəmkirin polis rəisi Şükür Mehdiyevin qəfil işdən azad olunması təsadüf olmayıb. Belə ki, polis rəisi Şükür Mehdiyev məhz Alimpaşa Məmmədovla aralarında olan ciddi konfliktə görə işdən kənarlaşdırılıb. Belə ki, yeni icra başçısı təyinatının ilk günündən rəisə "göz verib işıq verməyib" və rayona öz kadrının gətirilməsini istəyib. Hətta iclasların birində polis rəisi ilə əlbəyaxa olduğu ilə bağlı mətbuatda məlumatlar yer almışdı. Bütün bunlar onu göstərir ki, A.Məmmədov yanlış idarəetmə prinsipi ilə nəinki vətəndaşları, hətta məmurları özündən narazı salıb. Elə bu səbəbdən də Şəmkirin məmur korpusu da A.Məmmədovdan ciddi şəkildə narazıdır.
Məlumat üçün bildirək ki, Alimpaşa Adil oğlu Məmmədov 2014-cü il oktyabrın 8-də Şəmkirin icra başçısı təyin olundu. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş. A.Məmmədovun bioqrafiyası da maraqlıdır. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib . Belə ki, A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb.
Görünən isə budur ki, Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov köhnə şakərindən əl götürməyib. Bu isə birbaşa olaraq prezident İlham Əliyevin tövsiyyələrini saya salmamaq anlamına gəlir. Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək, sahibkarlara süni maneələr törətməmələri ilə bağlı sərt tapşırıqlar verib. Belə olan halda Alimpaşa Məmmədovun hazırda Şəmkir rayonunda etiraz yaratması, vətəndaşlara süni maneələr törədərək onları dövlətdən narazı salması başadüşülən deyil.