“Tovuzda minlərlə insan 20 gündən artıqdır susuzdur.”
Yazsam ki, Tovuzda “əjdaha” peyda olub, rayonun böyük bir hissəsinə gələn suyun qarşısını kəsib, əhali 20 gündür susuzdur, inanmayacaqsınız. Bilirəm, indi hamının başı özünə qarışıb, hər kəsin dərdi özünə bir əjdahadır. Açığı, heç mənə də “əjdaha” lazım deyil. Sadəcə, yayın bu qurağında, əkin-biçinin gur vaxtında əyalət insanı üçün 20 günün susuzluğu nədir, təsəvvür edəsiniz dedim. Bakıda oturub, Tovuzun halından xəbər tutmağın da yolu xeyli asanlaşıb indi. Sosial şəbəkələr hər şeyi anında xəbər verir. Bu xəbər də içməli suyun bahalaşması ilə bağlı paylaşdığım yazıya cavab olaraq gəlib. Tovuzda yaşayan dəyərli müəllimə Hörmət Ələkbərovadan. Məsələni bilincə, təfərrüatları yazıb göndərməyi xahiş etmişəm. Heç olmasa, qəzetdə haray salmağa gücümüz ki, yetər…
Hörmət xanımın yazdıqlarından: “Tovuzda Axıncıçay (Tovuzçay da deyilir) adlı bir çay var. Başlanğıcını Şınıx dağlarından götürür, bir qədər Ermənistan ərazisindən keçdikdən sonra yenidən Tovuzun Ağdam kəndində(Ermənistanla sərhəd) bizim əraziyə keçir… Bir zamanlar(100 ildən çox olar, yəqin ki) başlanğıcını bu çaydan götürən(indi isə yeni dəryaçadan) Xunan arxı deyilən bir arx çəkilib. Rayon mərkəzinin bir hissəsi, rayonun xeyli kəndi öz təsərrüfatını bu arxın suyuyla suvarır. Və hətta, bəziləri içməli suyunu da buradan götürür. Təxminən 20 gün olar ki, arxın suyu kəsilib, quraqlıqdan deyil. Biz elə yerdə yaşayırıq ki, Axıncıçayını da, Xunan arxını da görürük. Arxın suyu kəsilən kimi çayın suyu artır, məlum olur ki, nə səbəbdənsə, suyu çaya buraxıblar. Arxın kəsilməsinin dəqiq səbəbini bilmirəm. Belə bir söz gəzir ki, guya dəryaçanın tikintisində səhlənkarlıq olub və harasındasa sızma var, indi təmirə dayanıb, suyu boşaltmaq lazımdır. Əgər belə isə, 1 ay da gözləmək olmazdımı? 1-2 günlük olanda bir təhər dözmək olur. Yayın bu dözülməz istilərində arxın bu qədər uzun müddətə kəsilməsi insanları dözülməz əziyyətə salıb. Əkinləri, 50-60 illər ərzində yüz əzab-əziyyətlə salıb boya- başa çatdırdıqları bağları quruyub məhv olur…”
Problemin mahiyyəti belədir. Hörmət xanım deyir ki, bu durumda başqa tələbatları bir təhər ödəmək olur, pul verib maşınla su gətirirlər. Əsas ziyan, deyilən kimi, bağlara və əkinə dəyir. Əgər bu xətlə gələn sudan rayon mərkəzinin bir hissəsi və 5-6 kənd istifadə edirsə, fəlakətin miqyasını özünüz təsəvvür edin.
Əslində, bu zolağı əhatə edən əhalinin su problemi köklü şəkildə çoxdan həll edilməliymiş. Belə ki, keçən əsrin 60-cı illərində həmin sərhəd zonasında bir dəryaça tikilib. Lakin bu kifayət etmədiyindən, 80-ci illərin əvvəllərində Qazqulu kəndinin yuxarısında yeni bir dəryaça tikilməyə başlanıb və nəhayət, bu ilin yazında istifadəyə verilib. 30 ildən də çox sonra! Bir il də olar ki, su xətti çəkilib, amma may ayından bəridir su gəlmir. Hörmət xanım deyir ki, may ayında maraq xatirinə dəryaçaya baxmağa gediblər. Gördükləri o olub ki, bu qədər xərc çəkilib tikilən dəryaçanın içərisi belə qazılıb çıxarılmayıb heç demə…
Belə… Ölkə bənzər problemlər içində batıb gedir. Bu gün əlimiz birinə çatdı. Ümid edirik, yuxarıda, aşağıda bu məsələyə məsul olan qurumlar, nəhayət ki, bu suyu kəsən “əjdaha” məsələsinə əncam çəkəcəklər. Rayonun şöhrəti dillər əzbəri olan millət vəkili Qənirə Paşayeva da öz həmkəndlilərinin dərdi ilə maraqlansa, pis olmazdı. Necə olsa, qarşıdan da seçki gəlir…
Səadət Cahangir