Kapitan Yelmar Həsənovun Ucar sakinlərindən 200 manat pul istəməsi videogörüntüyə alındı, Azər Purqafari və Hüseyn Xəlilov KQMBİ-yə müraciət etdi
Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində rüşvət skandalı qeydə alınıb. Bu barədə JAM.AZ-a məlumat verən Ucar rayon sakinləri Azər Purqafari və Hüseyn Xəlilov başlarına gələnləri nəql ediblər.
Onlar bildirir ki, sözügedən «MERO»da müfəttiş vəzifəsində çalışan kapitan Yelmar Həsənov dövlət rüsumu 62 manat olan bir iş üçün onlardan 200 manat rüşvət alıb. Purqafari və Xəlilov hətta imkan tapıb onlardan rüşvət istənilməsi və alınması prosesini videogörüntüyə də alıblar. Və həmin görüntüləri hüquq-mühafizə orqanlarına təqdim etməyə hazır olduqlarını da vurğulayıblar.
Purqafari bildirir ki, ona məxsus olan «Mersedes Benz» S180 markalı 10 XD 872 dövlət nömrə nişanlı avtomobilini Ucar sakini Hüseyn Xəlilova sataraq, onun adına qeydiyyata aldırmaq üçün Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə müraciət edib. Dünən qeyd olunan ünvana baş vurduqda, oradakı 6 saylı otaqda əyləşən polis kapitanı Yelmar Həsənov maşının bank girovunda olduğunu əsas gətirərək, adları keçən şəxslərdən 230 manat pul istəyib. «Pulumuzun az olmasını, 15 manat da yolpulu üçün saxlamaq lazım olacağını dedikdən sonra 200 manat Yelmar Həsənova verdik. Həmin 200 manatı alıb, bizə minnət də qoyaraq dedi ki, 200 manata həm avtomobili qeydiyatın dəyişib, həm də texniki baxışdan keçirib. Həmçinin avtomobilin 50 manat cəriməsi olduğunu da deyib, onu kassaya ödətdirdi».
Purqafari və Xəlilov deyir ki, Yelmar Həsənov orada 6 saylı otaqda oturub, bu minvalla camaatın cibini soyur. «7 rayonu əhatə edən Yevlax RQİ VƏ TBŞ-də hər gün yüzlərlə insanlar gəlirlər. Öyrənmişik ki, Yelmar Həsənovun 100.000 manatdan baha olan avtomobili, Yevlax rayonunda şadlıq evləri, ticarət mərkəzləri fəaliyyət göstərir. Ancaq hesablanarsa, onun özünün gün ərzində 6 saytı otaqda qazandığı, həmin obyektlərin qazancından qat-qat çoxdur. Bunu onun otağının qarşısındakı növbəyə duran insanların sayı ilə hesablamaq kifayətdir».
Ucar sakinləri JAM.AZ-a onu da bildiriblər ki, baş verənlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət etməyi qərara alıblar.
Qarşı tərəfi də dinləməyə hazırıq.