Ölkəmizin füsunkar təbiətə malik olan rayonlarından biri də Şamaxıdır. Məlumat üçün bildirək ki, qədim tarixi olan rayon Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Xatırladaq ki, rayonun köhnə icra başçısı Asif Məmmədov ölkə rəhbərliyinin etimadını doğrulda, həmçinin yerli əhalinin rəğbətini qazana bilmədiyinə görə 2013-cü ildə tutduğu vəzifədən kənarlaşdırıldı.
Onun yerinə isə Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışmış Asif Ağayev gətirildi. Bu şəxsin icra başçısı postuna təyin olunmasından artıq iki il keçir. Amma aparılan araşdırmalar və Şamaxı sakinlərinin müxtəlif mətbuat vasitələrindəki çıxışlarından məlum olur ki, icra başçısı geridə qalan müddət ərzində rayonda mövcud olan çoxsaylı problemlərin həllinə nail ola bilməyib. Rayon sakinlərinin bildirdiyinə görə, son illər Şamaxı bəzi məmurların maraq obyektinə çevrilib və həmin şəxslər rayonu öz mülkləri kimi idarə edirlər. Deyilənə görə, Asif Ağayevin rayona istənilən səviyyədə rəhbərlik edə bilməməsi bir sıra problemlərin yaranmasına səbəb olub. Məsələn, bir müddət əvvəl Şamaxının Çıraqlı kəndinin sakinləri mətbuata üz tutaraq üzləşdikləri problemlərdən danışıblar: "İllərdir kənddə nə içməli, nə də əkin-biçin üçün su var. Bərəkətli torpaqda yaşayasan, sən torpağa, torpaq da sənə baxa-baxa qala. Suvarma işini görə bilmirik ki, verilən pay torpaqlarından xeyir götürək. XXI əsrdə yaşayırıq, suya görə ev-eşikdən didərgin düşmüşük. Bəzən vətəndaşı qanunsuzluğa sürükləyən elə dövlət məmurlarıdır. Quyunu qazdırdım, üstünə bir motor qoydum ki, ağacları suvarım. Gəlib motoru çıxarıb tulladılar kənara. Deyirlər ki, sayğac quraşdır, sonra işə sal, yoxsa külli miqdarda cərimələnəcəksən. Mən razı. Bəli, dövlətin işığını işlədiriksə, pulunu da ödəməliyik. Ancaq dövlət də vətəndaşı belə divara sıxışdıra bilməz axı. Sayğac quraşdıranda bu boyda bağı hər gün suvarmaq çox baha başa gəlir. Suyumuzu versinlər, bağımızı suvaraq, başqa yollara əl atmayaq". Narazı vətəndaşlar onu da bildiriblər ki, təsərrüfat suyunun olmaması məhsuldarlığa, içməli su qıtlığı isə onların gündəlik həyat tərzinə çox mənfi təsir göstərir: "Bu problemlə bağlı dəfələrlə icra başçısından və aidiyyəti qurumlardan kömək istəmişik. Amma şikayətimizə baxan yoxdur. Asif müəllimin başı turizm üçün əlverişli olan meşə zolaqlarının və torpaq sahələrinin saf-çürük edilməsinə qarışıb. O icra başçısı keçəndən sonra rayonun meşə massivləri sürətlə məhv edildi. Ağacların kəsilməsi bizim ürəyimizə dağ çəkir. İş adamları yol kənarlarındakı ağacları kəsib yerində müxtəlif ticarət obyektləri tikirlər. İcra başçısı, yaxud icra hakimiyyətinin digər səlahiyyətli nümayəndələri icazə verməsələr, kimsə daşı daş üstə qoya bilər? Deməli, rayondakı yaşıllıq massivlərinin məhv edilməsinin səbəbkarı icra başçısı və yaxın ətrafıdır". Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Asif Ağayev Şamaxı İcra Hakimiyyətinə başçı təyin olunandan sonra dövlət büdcəsindən bir neçə dəfə rayonun sosial-iqtisadi inkişafı məqsədilə vəsait ayrılıb: "Rayon rəhbəri isə tikinti-abadlıq işlərindən yetərli gəlir götürülməsi üçün səylərini əsirgəməyib. Yəni büdcədən ayrılan vəsaitlərin böyük hissəsi təyinatı üzrə xərclənməyib. Son bir-iki ildə şəhərin mərkəzi küçələrinin abadlaşdırılması və işıqlandırılması işləri əsasən fiziki şəxslərə həvalə edilib ki, bu yolla yüz minlərlə vəsait öz "sahibini" tapıb.
Məsələn, "Eloğlu-M" şirkətinin vasitəsilə Şamaxı rayon təhsil şöbəsinin 500 min manatlıq vəsaitləri yox edilib. Sənəd üzərində rayonun təhsil müəssisələri üçün bu şirkətin vasitəsilə guya bərk inventar, maşın və avadanlıqlar alınıb. Halbuki, 2013-cü ildə qeydiyyatdan keçirilmiş "Eloğlu-M" şirkəti tender müsabiqələrində iştirak hüququ verən standartların heç birinə uyğun gəlmir. Şamaxı rayonu hazırda çox acınacaqlı vəziyyətdədir. Camaat iş tapa bilmədiyi üçün paytaxta və müxtəlif xarici ölkələrə üz tutur". Bu arada, Asif Ağayevlə bağlı digər maraqlı faktlar da var. Özəl mənbənin bildirdiyinə görə, Asif Ağayev "Azəriqaz" İB-in baş direktoru əvvəllər Əkbər Hacıyevlə yaxın münasibətdə olub: "Məhz bu amil icra başçısını "Azəriqaz"da tikinti işləri üzrə müavin vəzifəsinə qədər yüksəltmişdi. Asif müəllim burda işləyərkən "Azəriqaz"da tikinti sahəsində 6 milyon manata yaxın dövlət vəsaitinin yoxa çıxmasının üstü açıldı. Bu hadisədən sonra Ağayevin səhhətində ciddi problemlər yarandı. Çünki o həbs ediləcəyindən qorxurdu. Amma sonradan Neft Şirkətinin rəhbərliyi onu bağışladı. Daha sonra o, dənizdə tikinti şöbəsinə müavin, sonra isə şöbə rəisi təyin edildi. Maraqlı məqam odur ki, dövlətin külli miqdarda vəsaitinin yoxa çıxmasına görə heç kim nə cəza alıb, nə də tutduğu vəzifəsindən uzaqlaşdırılaraq barəsində tədbir görülüb".
Qeyd edək ki, Asif Ağayevin Şamaxıda törətdiyi özbaşınalıqlarla bağlı bizə başqa məlumatlar da çatıb. Həmin informasiyaları dərindən araşdırandan sonra bu haqda sizlərə də məlumat verəcəyik. Bizi izləyin.(gündelik-baku.com)