Masallıda ağac oğurluğu məsələsi... - Başçı bələdiyyə sədrindən qorxur?

18-09-2015, 10:27   
Masallıda ağac oğurluğu məsələsi... - Başçı bələdiyyə sədrindən qorxur?
Beləliklə, hadisə baş verir Masallı şəhərində. Zərifə Əliyeva küçəsində gecə ilə 15 ağac çıxarılaraq oğurlanır, həmin yer isə naməlum bir şəxsə satılır. Torpaq kimə satılıb? Bu da gizlədilir. Həmin torpağa bitişik evi olan şəxsin nümayəndəsi Aydın Əliyev deyir ki, bu evlə yolun arası kanal olub. Bir neçə il öncə həmin kanalı doldurmaq üçün düz 100 maşın torpaq tökməklə ərazini hamarlatdırmışıq. Daha sonra şəhər rəhbərliyi burada ağac əkib, ətraf görünüşü yaxşılaşdırmaq məqsədi ilə burada hasar çəkdirib. İndi isə məlum olub ki, həmin ağaclar gecə ilə oğurlanaraq eni 2 metr, uzunu 9 metr olan ərazi naməlum bir şəxsə satılıb. Biz deyirik ki, bu, bizim evin qabağıdır, onu biz hamarlatdırmışıq, 1000 manatdan artıq bu işə pul sərf eləmişik, satırsan, evimin qabağını elə mənə sat. Bələdiyyə sədri Azər Baxşiyev isə deyir ki, sənin həyətinin qabağını başqasına, sənə isə başqasının evinin qabağını satıram. Beləliklə, aləm dəyir bir-birinə. Bələdiyyə sədri də, ona giley edənləri aşağılamaqla bildirir ki, heç kimi hərləmirəm.
(Heç kimi “hərləməyən” bələdiyyə sədri yəqin məlumatsızdır ki, nehrəmli milyarder Hacı İbrahimlərə “banditotdeli” süpürtdürürlərsə, Azər Baxşıyevkimilər “heç kimlər” siyahısındadır, yəni ona tənqid yazmağa da adam ərinir).
Hərrac harada keçirilib?
...Guya şəhər bələdiyyəsi hərrac keçirib. Harada, haçan, heç bələdiyyə üzvlərinin özlərinin bu hərracdan xəbəri yoxdur. Şikayətçi bildirir ki, torpaq alan düz adamdırsa, niyə adını gizlədirlər. Bəlkə həmin torpağı ermənilərə satıblar, xəbərimiz yoxdur?
Sirr deyil ki, bələdiyyənin hər bir əməliyyatı açıq olmalıdır – yəni kimə nə satdı, neçəyə satdı, haradan nə aldı, neçəyə aldı və sair. Masallı şəhər bələdiyyəsi isə nəinki seçicilərinə hesabat vermir, heç bələdiyyə üzvlərinin bundan xəbəri olmur. Son 7 ayda nə bir iclas olub, nə də seçicilərə hesabat verən. Masallı şəhər bələdiyyəsinin heç internet saytı, bloqu, sosial şəbəkədə səhifəsi də yoxdur ki, seçiciləri onun alıb-satdıqları barədə məlumat əldə etsinlər. Biz məcburuq, şəhər bələdiyyəsinə informasiya sorğusu verək ki, haradan nə qazanıb. 7 gün müddətinə cavablandırmaq istəməsə, məhkəməyə müraciət ünvanlayaq.
Masallı şəhər bələdiyyəsinin sədri isə həm saxtakarlıqları, həm də kobud rəftarı ilə hamıya meydan oxuyur. Hələ 2 il öncə “Cənub xəbərləri” qəzetində çap olunmuş “Masallı bələdiyyəsində “zəlzələ”" yazısında şəhər bələdiyyəsinin 11 üzvünün imzası ilə yazı dərc edərək bəyan etmişdik ki, sədr Azər Baxşiyev nəinki seçicilərinə, heç bələdiyyə üzvlərinə alqı-satqı əməliyyatları barədə məlumat vermir. Nəticə nə oldu? Bütün “inqilabçı” bələdiyyə üzvləri növbəti seçkilərdə “oyundankənar” vəziyyətə salındı, onların heç biri yeni komandaya düşə bilmədi, Azər Baxşiyevin özündən başqa.

Görəsən, Azər Baxşiyevdə bu güc haradandır?

Yayılan məlumatlara görə, o, otağına gələnləri təhqir edir, kim torpaq istəyir, ona 15-20 min manat “oxuyur” və sair. Çoxları düşünür ki, ona dayaq duran olmasa, o, nəninki 25 minlik əhalisi olan Masallı şəhərinin bələdiyyə sədri, heç aşağı siniflərə təmizkom da seçilə bilməzdi. Əvvəllər onun müdafiəçisi kimi millət vəkili Nəriman Əliyevin adı hallanırdı. Bir neçə mötəbər mənbədən aldığımız məlumata görə millət vəkili nəinki onu müdafiə etmir, hətta onun əməllərindən bezdiyi üçün Azər Baxşiyevin vəzifədən kənarlaşdırılmasında maraqlıdır.
(Digər məlumata görə, A. Baxşiyev işdən çıxmaq üçün ərizə verib, lakin rəhbərlik onu itirmək istəmir).

Azər Baxşiyevin isə gülməşəkər əməllərinin sayı-hesabı yoxdur. Müəllim evində böyüyən bu adam, şəhərin ən tanınmış məktəbinin yolunu tanımır. Bir dəfə 1 saylı məktəbdə tədbir olub, onu da dəvət edirlər tədbirə, deyib, həmin məktəb rayonun hansı tərəfindədir?

Şəhər bələdiyyəsini niyə “qum bələdiyyəsi” adlandırırdılar?

Bu bələdiyyə haqqında əvvəllər 5 il öncə qəzetimizdə yazdığımız bəzi məqamları da xatırlamaq yerinə düşər:
“Masallı şəhər bələdiyyəsinin yeni rəhbərliyi, bu quruma yeni seçilmiş sədri Azər Baxşiyevin ilk “işi” yəqin ki, oxucuların yadındadır. Şəhər bələdiyyəsinin yeni tərkibi 2010-cu ildə fəaliyyətə başlayan kimi Viləş çayının Musaküçə kəndi yaxınlığındakı sahilindən qum daşımağa başladı.
Əslində bu, bir talana oxşayırdı. 3 ay gecə-gündüz həmin sahədən, Dadva kəndinin örüş yerindən hər gün 200-300 maşın qum (bir maşın qum orta hesabla 70 manat idi) daşınıb satılsa da, bu, qum əməliyyatı demək olar ki, sənədləşdirilmədi.
Bu sahədəki qazanclar hamıdan gizlədilirdi. Belə fəaliyyətinə görə fəxri “Qum bələdiyyəsi” adı qazanan Masallı şəhər bələdiyyəsi sonrakı 3 ildə də “fövqəladə” fəaliyyətini uğurla davam etdirib.
Bu illərdə bələdiyyə hansı işləri gördü, nə qədər pul qazandı, onu necə xərclədi? Bunu bilən, məşhur mahnıda deyilən kimi, ya bir olar, ya iki. Bələdiyyə sədrinin işlərindən nəinki seçicilər, hətta 15 bələdiyyə üzvünün də əksəriyyəti xəbərdar olmur”.
Daha sonra iş o həddə çatdı ki, 15 bələdiyyə üzvündən 11-i onun istefasını tələb etdi. Amma A. Baxşiyev yerində qaldı, onun istefasını tələb edənlər getdi.
Hamıya tanış olan dəvə misalı yenidən yada düşür. Deməli, dəvə öləndə sahibi ilə vidalaşarkən hər bir əziyyətini ona halal edir, amma bir dəfə çayı keçərkən onu eşşəyin quyruğuna bağladığını sahibinə bağışlamır.
Biz bir qəzetçi olaraq bu, “dəvə əhvalatının” axtarışındayıq.

Azər Baxşiyevin bugünkü, həqiqi müdafiəçisi kimdir?

Bir də o maraqlıdır ki, görəsən, bu rayonda nə vaxta qədər belələri xalqın boynuna minəcək?
Məhkəmə hakimi 15 yaşlı qıza təcavüz edəndən 2-3 min alıb istirahətə gedir - susuruq.
Hərbi komissar çağırışçıların 35 faizini xəstə çıxardır - susuruq.
Təhsil şöbə müdiri müəllimlikdən sərxoşluğa görə azad ediləni məktəb direktoru qoyur - susuruq.
Ağzı qatıq kəsməyənlər, tərcümeyi-halını düz yaza bilməyənlər icrada aparıcı vəzifə tutur – susuruq.
Bələdiyyə sədri də ki, belə.

Bələdiyyə sədrinin qəribə iş üsulları
Yeri gəlmişkən, şəhər bələdiyyəsinin bəzi iş təcrübələrini də oxucularımıza çatdıraq. Deməli, sədr qəbuluna gələnləri bilərəkdən əsəbləşdirir ki, o şəxs bir xoşagəlməz sözlə ona cavab qaytarsın, bu da yalançı şahidlərlə onu versin məhkəməyə.
İkincisi, bizim bəzi rəhbərlər təzə qazanc yolu tapıblar. Rayondakı boş torpaqları işçilərinin adına sənədləşdirir, sonra da 5 qat qiymətə başqasına satırlar. Şəhər bələdiyyəsi isə sadəcə onların sifarişlərini yerinə yetirir.
Belə şaiyələr və dəqiqləşməmiş məlumatlar da dolaşır ki, şəhərin mərkəzində 15-30 minə satılan torpaqların pulu özgə ünvanlara gedir. Bələdiyyə sədrinə isə guya ayda 2 min manata yaxın paket-əmək haqqı verilir.
Digər bir bələdiyyə şaiyəsi. Yayılan məlumatlara görə, hər il 3 bayram zamanı - Qurban, Novruz və Ramazan bayramları zamanı bələdiyyə sədri 300-350 adama yardım yazır. Kimsəsizlərə 10 manat verib ağ kağıza qol çəkdirir, sonra ora 20 manat qeyd eləyir. Bu, bir ildə təxminən 10 min manat edir.
Digər maraqlı məlumatlar da var. Şəhər əhalisi həyətyanı torpaq üçün yeri-göyü cırmaqladığı bir vaxtda şəhər bələdiyyəsi 15 nəfərin adına sənədləşdirilməklə hər nəfərə 0,60 ha torpaq verib və bu torpaqlar bir nəfər tərəfindən hasarlanıb. Başqa birisinə isə 6 nəfərin adına sənədləşdirilmiş torpaq verilib. Əldə olunan rəqəmlər isə fantastikdir. Doğrudanmı, bunlardan heç kimin xəbəri yoxdur?
İcra başçısının ədaləti fontan vurur
Bir daha yuxarıdakı olaya qayıdaq. 100 maşın torpaqla hamarlanıb üstündə ağaclar əkilən, sonra da ağacları oğurlanan sahəyə icra başçısı, hörmətli Rafil Hüseynov necə reaksiya verib? Zərifə Əliyeva küçəsində ağacları oğurlatdıran bələdiyyəyə nə cəza verib? Haqqını tələb edənin haqqını necə bərpa edib? Çox sadəcə, zərər çəkənin üstünə yoxlama yoxlama dalınca göndərilir. Torpaq sahibi təcili məhkəməyə verilir. Məhkəmə icraçılarından tələb edilir ki, qərar təcili icra olunsun.
Bəs həmin həyətyanı torpaq sahəsində hansı qanunsuzluq olub? Vətəndaş digər vətəndaşdan pulu ilə torpaq alıb, əlində”kupçası” da var. Layihə-smeta sənədlərini də elə icra hakimiyyətinin müvafiq şöbəsində hazırlatdırıb, buna görə 250 manat pul da köçürüb. Lakin bu sənədi təsdiq etmirlər və özünü məhkəməyə verirlər ki, sənədlərin düz deyil, təcili tikintini dayandır, bağ belə-bostan belə. (Sanki valideyn çörəyi gizlədir, sonra uşağı döyür ki, niyə çörək yemirsən). Səbəb isə çox sadədir – vətəndaşa xox gəlirlər ki, ədalətsiz satılan dükan yerinin davasını eləməsin.
Qəribə suallar yaranır - bu, icra başçısının başqa işi-gücü yoxdur? Bir il öncə 2200 nəfəri məhkəməyə verdi ki, payıbəlli torpaq sahəsində niyə ev tikmisiniz? İş "fış-fışa" ilə getdi. Daha sonra Masallı şəhərindəki Abidə-hamamın qarşısını kəsən binalar inşa etdirniş 2 obyekt sahibini məhkəməyə verdi, binanın altına icazə verildiyindən daha çox torpaq saldığına görə. Faktlar da təsdiq olundu. Sonra isə dədə-baba qaydası ilə hallallaşıb, işi bağladılar. “Xan çinar” bazarının yanında 5 hektara yaxın torpaq sahəsi ağzı-suyuna qalıb – nə ata bilirlər, nə sata bilirlər.
İndi balaca uşaqlar da bilir ki, Masallı şəhərinin satlıq torpaqlarının sənədi 2-3 nəfərin əlindədir. Onların da 1-2-si elə icra başçısının sağında-solunda əyləşənlərdir. Görən, icra başçısı nədən onları məhkəməyə vermir?
Yazdıq ki, Masallı gənclərinin 35 faizini hərbiyə yararsız çıxardırlar. Bu faktı icra başçısı da iclasda təsdiq etdi. Bəs niyə belə saxtakarlıq edən şəxslər məhkəməyə verilmədi? (Belə suallar isə sonsuzdur).
Ötən ilin mayında Masallı məktəblərində kütləvi rüşvət kompaniyası keçirildi. Nazirliyə xeyli teleqramlar vuruldu. İcra başçısı isə susdu.
DSMF-nin rayon şöbəsində rüşvətxorluq, saxtakarlıq ərşə çıxanda icra başçısı bu idarənin müdiri Nahid bəyi tərifləyib “hörmətli ailənin övladı” kimi cəmiyyətə təqdim edirdi. Amma sonra bəlli oldu ki, bu, hörmətli ailənin övladı dövlətə bir neçə 100 min manatlarla ziyan vurub və 6-7 nəfər onun saxtakarlığına görə vəzifəsi ilə vidalaşdı.
Biz bu yazılanlarla icra başçsı Rafil Hüseynovun yaxşı işlərinə kölgə salmaq istəməzdik. Rafil müəllimin dövründə Masallının tarixinə düşəcək işlər az olmayıb – Regional Kollecin yaranması, “ASAN”-ın Masallıda inşa eilməsi və sair. Yaxşı işlərdən yazmışıq, olsa, yenə də yazacağıq – amma kinoda deyilmişkən: “Abasqulu bəy, sən gərək bu işə qol qoymayaydın”. Yəni, icra başçısının düşmənçiliyi də, ədavəti də ağayana olmalıdır. Azərkimilərin müdafiəçisi olmaq heç kimə başucalığı gətirməyib.
Deyiləsi sözlər çoxdur - elə sözlər ki, necə deyərlər, desək, öldürərlər,
deməsək, öllük.
Amma qorxuruq ki, bizi də məhkəməyə verərlər, hələlik susuruq.
Çox qəribə halla qarşılaşmışıq. Şair demişkən: “Ucaltdığını alçalanda görəsən, əriyərsən, gözün görə-görə sən”.
Qarşıda isə Qurban ayı, Məhərrəmlik ayı gəlir. Yəqin ki, bu qədər ədalətsizlik edənlər, indi məscidlərə gedib aldıqları rüşvətlərdən, ağlatdıqları, sızlatdıqları insanların göz yaşlarından ehsanlar verəcək, haqdan-ədalətdən danışacaqlar. Amma heç kim soruşmayacaq ki, 5 dəfə mollanın evinə ziyarətə gedən başçı, niyə bir dəfə ziyalı ocağına getmir?..

Biz başa düşürük ki, arvadların müxalifətçilərə daş atmasını təşkil edənin hörməti, dişi ilə, dırnağı ilə qəzet buraxan, kitab evi açandan çoxdur. Hansı dindarın qapısı ziyalı qapısından daha çox və niyə açılır, o da çoxlarına bəlli. Çoxlarının sısqa, nimdaş, pölüşgəmiş əməllərlə məşğul olduğu zamanda kimləri isə məhkəmə ilə qorxutmaq, olduqca gülməli bir işdir - həm də icra başçısı səviyyəsində. İnsani münasibət deyilən bir anlayış var – insanla söhbət edirlər, xəbərdarlıq məktubu yollayırlar və sair. Yoxsa, kim balaca tərpəşdi, haqqını tələb etdi, xox gəl ki, haqdan qaçsın. Biz belə məhkəmələrdən çox görmüşük. Əziyyətimiz çox olsa da, sonda qalib olduq. Bizə nahaqdan ilişənlərin isə tale heç birini cəzasız qoymadı. Bu işdə qarşı tərəf qələbə qazansa belə, bu qələbədə acı bir məğlubiyyət var. Siz əgər belə şeylərlə yadda qalmaq istəyirsinizsə, bir məsəli unutmayın, süngü ilə çox şey etmək olsa da, onun üzərində oturmaq olmur.
Sentyabrın 29-na təyin olunan məhkəmə iclasında isə qarşı tərəfin hüquqlarını jurnalist həmkarlarımın müşayiəti ilə mən qoruyacağam –
Zahir Əmənov
Cənub Xəbərləri
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.