Cənab nazir, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Korrupsiyaya yuvasıdı

19-09-2015, 12:24   

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru bu müəssisədə normal tədris metodikasının tətbiqində qətiyyən maraqlı deyil
Yeni tədris ilinin başlanması ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif təhsil müəssislərinin fəaliyyət mövzusu da yenidən gündəmə gəlir. Yaya tətili boyunca “nisbi sakitliyin” müşahidə olunduğu bu sahədə, növbəti tədris prosesinin start götürməsilə bu və ya digər həllini tapmamış problemlər də özlərini xatırlatmağa başlayırlar. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində yer almış çeşidli neqativ hallara dair açıqlamalar təqdim olunmaqdadır. Xatırladaq ki, bir müddət bundan əvvəl bu təhsil müəssisəsinin rəhbərliyinin dəyişdirilməsi də kollecdə gözlənilən islahatlara nədən olmadı. Belə ki, kollecə direktor təyin olunmuş Natiq Cavadov ona bəslənən ümidləri doğrulda bilmədi. Bu xüsusfa aldığımız açıqlamalarda vurğulanır ki, vəzifəyə təyinatından artıq bir ildən artıq müddət keçən direktorun bir çox qanunsuz hərəkətləri müəllim və tələbə kollektivinin narazılıqlarını son həddə çatdırıb. Məlum olduğu kimi, Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Fiziki tərbiyə müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Maliyyə işi; Nəqliyyatda daşımaların təşkili; Yol hərəkətinin təşkili ixtisasları üzrə mütəxəssislər hazırlanır. Ölkənin əksər təhsil müəssisələrində olduğu kimi Ağdam Dövlət Sosial-İqtisadi Kollecində də tələbələrin yüksək səviyyədə təhsil alması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Lakin aldığımız məlumatlardan bu qənaətə gəlmək olur ki, Natiq Cavadov bu müəssisədə normal tədris metodikasının tətbiqində qətiyyən maraqlı deyil. Belə ki, kollecdə hələ də köhnə rəhbərliyin dövründən qalan problemlər yaşanmaqda, köhnə qaydalar hökm sürməkdədir. Açıqlamalarda bildirilir ki, Natiq Cavadovun birbaşa tapşırığı əsasında kollecdə tələbələrdən ümumi imtahanlardan keçmək ümün 80-100 manat arası rüşvət yığılır. Həmçinin məlumatlarda vurğulanır ki, kollecdə dərslərə davamiyyət bu gün köhnə rəhbərliyin dövründə olduğundan aşağı səviyyədədir. Bu xüsusda açıqlama verən mənbələrdən biri yaranmış vəziyyəti belə təsvir edir: “Ağdam Dövlət Sosial-İqtisad Kollecində təhsilin səviyyəsi barədə təsəvvür yarada biləcək birinci kriteri davamiyyətdir. Burada adları jurnalda gedən, lakin semestr ərzində heç dərsə gəlməyən tələbələr var. Bu kollecdə bir ay dərsə gəlmədən davamiyyəti qoruyub-saxlamağın qiyməti 70-100 manat arasında dəyişir. Hətta elə tələbələr var ki, onlar hazırda Rusiya bazarlarındadır. Belələrini görən digər tələbələr də oxumaq istəmir, dərslərdən yayınır, Quzanlının küçələrində və başqa inzibati ərazilərdə veyillənirlər. Hətta rayonun hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə bu barədə kollec direktoruna şifahi xəbərdarlıqlar da edilmişdir”.

Məlumatlarda vurğulanır ki, yeni tədris ilinin başlanması da kollecdə müəyyən pul yığımları ilə müşayiət olunub. Belə ki, iddialara görə Ağdam Dövlət Sosial-İqtisad Kollecinə yeni qəbul olunmuş tələbələrdən tələbə biletlərinə görə hərədən 20-25 manat olmaqla pul yığılıb.Qəzetimizin ötən saylarında biz dəfələrlə şəhər və rayonlarımızda fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi materiallar dərc etmişik. Həmin yazılarda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Elə bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr də, məhz rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün əlçatmaz olaraq qalır. Bu baxımdan Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadovun fəaliyyəti də yerli ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

bizimdovr.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.