İmişli təhsilini məhv edib, deputatlığa hazırlaşır – VİDEO

25-09-2015, 00:02   
İmişli təhsilini məhv edib, deputatlığa hazırlaşır – VİDEO
İmişli təhsilini acınacaqlı günə salan məmur deputatlığa hazırlaşır. İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov bu sahədə verdiyi "töhfə”ni millət vəkili kimi davam etdirmək arzusundadır.

Daxil olan məlumata görə, İmişli təhsil sektorunu rüşvət çirkabında üzdürən R.Əmirovun namizədliyi 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi seçiciləri tərəfindən narazılıqla qarşılanıb.

Seçicilər rayon təhsilini uçuruma sürükləyən şöbə müdirinə səs vermək fikrindən çox-çox uzaqdır. Onlar bildiriblər ki, seçkidə R.Əmirova səs verməyəcəklər. Onun təhsil sahəsinə vurduğu zərbə və bu sektoru rüşvət yuvasına çevirməsi millət vəkili kimi daha çox biznes işini genişləndirməyə yol açacaq.

Yeri gəlmişkən, dəfələrlə Əmirovun barəsində şikayətlər, rüşvət ittihamları, video kadrlar ictimailəşdirilib. R.Əmirovun adı internet resurslarında axtarış veriləndə yalnız haqqında rüsvayçı faktlar üzə çıxıb.

Bu xəbərlərin birində qeyd olunurdu ki, R.Əmirov xalası oğlu, İmişli rayon Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovla əlbir olaraq maxinasiyaları həyata keçirib.

R.Rəhimov R.Əmirovla rayon məktəblərinə yeni invertarların alnması adı altında küllü miqdarda vəsaiti mənimsəyiblər.
Bizimdovr.az yazmışdı ki, hətta rayon məktəblərinə çatması vacib olan dizel yanacağının alınması üçün ayrılan vəsait belə mənimsənilib.
Əlbir olan xalaoğlular rayondakı banklardan birindən küllü miqdarda vəsaiti çıxarıblar. Mənbənin sözlərinə görə, heç bir şeydən çəkinməyən Təhsil şöbəsinin müdiri və Maliyyə idarəsinin rəisi uzun zamandır ki, əl-ələ verərək işləyirlər. Təhsil şöbəsinin müdiri isə hətta rayon məktəblərinə ayrılan dərslikləri belə rayon bazarına çıxarıb satdırır.

Rayonun Oruclu, Telisli, Qaravəlili, Bəcirvan, Qarallar, Cəfərli, Xoşçobanlı, Göbəktala, Ölcələr, Qaradonlu, Məzrəli və digər kəndlərdə fəaliyyət göstərən məktəblərdə şagirdlərin jurnallarda sadəcə adları mövcuddur. Adıçəkilən kəndlərdəki orta məktəblərdə şagirdlərin əhəmiyyətli kəsimi dərslərdə iştirak etmir və dərs saatları ayda azı 18 gün boş keçir.
İl ərzində dərsə gəlməyən və İmişlidə adı gedən hər belə şagirddən 600-800 manat aralığında rüşvət alınır.

Elə bu və digər maliyyə maxinasiları sayəsində də Ramiz Əmirov İmişli rayonunun sayılıb-seçilən oliqarxlarından birinə çevrilməyi bacarıb.
Onun İmişlidə dəbdəbəli evi və Bakı şəhərində mənzili olduğu informasiyalar arasındadır. Bu ilin aprelində isə İmişlidə sensasion olay yaşanıb.
Rayon Çaxırlı kənd sakini Ceyhunə Qasımova rayonun Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov və müavini Vahid Tağıyevin onun telefonunu əlindən alaraq zor tətbiq etdiklərini deyib.

"2012-ci ildən İmişli rayon Çaxırlı kənd orta məktəbinin direktoru Atamoğlan Məmmədovdan Təhsil Nazirliyinə dəfələrlə şikayət etsəm də bir cavab ala bilməmişəm. İmişli Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov Təhsil Nazirliyinə yalan məlumatlar verərək Atamoğlan Məmmədovu qoruyur.
Sonuncu dəfə Təhsil Nazirliyində Daxili Nəzarət şobəsinin müdiri Kənan Quliyevin qəbulunda oldum və şikayətimi ətraflı izah etdim. Kənan Quliyev Çaxırlı kənd orta məktəbində keçiriləcək yoxlama zamanı mənim də iştirak etməmi və iddialarımı sübuta yetirəcək dəlillər toplamamı bildirdi.

Yoxlamadan bir gün öncə, bazar günü məktəbə gələn inspektorun jurnalları daşıyıb apardığını gördükdə onu mobil telefonumla videoya çəkdim. Təhsil Nazirliyinin yoxlama aparacağı gün məni Təhsil İdarəsinin müdiri Ramiz Əmirov çağırtdıraraq yoxlamada iştirak etməmi istədi.

Lakin mən imtina etdim. Yoxlama zamanı dərsə illərlə gəlməyib, qiymətləri yazılan şagirdlərin adlarını telefonuma çəkən zaman, Ramiz Əmirov və müavini Vahid Tağıyev mənə hücum edib telefonumu zorla əlimdən alaraq mənə xəsarət yetirdilər."
Ceyhunə Qasımova iddia edir ki, Çaxırlı kənd orta məktəbinin direktoru spirtli içki qəbul edərək məktəbə gəlməsi, məktəbdə qız uşaqları ilə nalayiq rəftarlar etməsi səbəbindən 3 övladını təhsil müəssəsindən çıxarıb.

Ramiz Əmirov açıqlamasında deyib: "Ceyhunə Qasımovanın şantaj xarakterli danışıq və çəkilişlərinə cavab olaraq bildiririk ki, bu məlumatlar birtərəfli və qərəzlidir”.

Verilən xəbərə görə, adı müxtəlif neqativ hadisələrdə hallanan bir məmurun deputatığa namizədliyi etirazlara səbəb olub. Bu seçkidə də sözügedən dairədən millət vəkili Çingiz Qənizadənin daha şanslı olduğu bildirilir. Seçcicilər onun 5 illik fəaliyyətindən razılıq ediblər. Bildiriblər ki, Qənizadə sakinlərin hüquqlarını müdafiə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.