“Yayılan məlumatlar doğru deyil”. Bunu “Axar.az”a “Bank of Azerbaijan”ın “Bank Texnik”ə (Bank Technique) birləşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən “Bank Texnik”in marketinq şöbəsinin aparıcı mütəxəssisi İnarə Əliyeva bildirdi: “Yayılan məlumatlar doğru deyil. Belə bir şey yoxdur”. “Bank of Azerbaijan”ın ictimaiyyətlə əlaqələr departamentinin işçisi Elman Əşrəfov da məlumatın doğru olmadığını bildirdi: “Bu barədə bayaq da məndən soruşdular. Belə bir şey yoxdur. Mən bilmirəm, media nümayəndələri bunları haradan çıxarır. Heç bir bankla birləşmirik”. Bankla əmanətçilər arasında yaranan narazılıqla bağlı məsələlərə aydınlıq gətirən bank rəsmisi hazırda belə bir problemin də olmadığını açıqladı: “Əvvəllər kiçik problem yaranmışdı. Amma indi belə bir problem yoxdur. Hər şey qaydasındadır”. Xatırladaq ki, bu gün mediada “Bank of Azerbaijan”da aparılan bütün əməliyyatlara “Bank Texnik”in işçilərinin nəzarət etməsi ilə bağlı xəbər yayılmışdı. Məlumatda “Bank of Azerbaijan” “Bank Texnik”ə birləşdiriləcəyi də deyilirdi. 20 illik tarixi olan “Bank of Azerbaijan” son aylar yaşadığı problemlərlə gündəmə gəlib. 4 əsas səhmdarı olan bankın səhmləri şəriklər arasında belə bölünüb. Məmmədov Kənan (43.63%), Məmmədov Sənan (43.63%), Məmmədov Mübariz (12.07%), NEM Holdinq (0.67%).