Tramvay Parkı ustasının icra başçılığına gedən yolu – ƏZİZ ƏZİZOV

8-10-2015, 11:52   
Tramvay Parkı ustasının icra başçılığına gedən yolu – ƏZİZ ƏZİZOV
Tezliklə Əziz Əzizovun fəaliyyəti yoxlanılacaq və bundan sonra onun barəsində yekun qərar qəbul olunacaq

O, hansı nüfuzlu şəxslə ortaq biznes əlaqələrinə malikdir?

Cəlilabad rayonunda əhalinin vəziyyəti hər ötən gün bir qədər də ağırlaşır. Bunun isə məsuliyyəti birbaşa icra başçısı Əziz Əzizovun üzərinə düşür. Çünki son zamanlar onun yol verdiyi nöqsanlar nəticəsində rayonun ümumi durumu nəzərəçarpacaq dərəcədə pisləşib. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, bir müddət öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi tədbirdən sonra qalmaqal yaşanıb.

Belə ki, mənbənin iddiasına görə, Əziz Əzizovun bu ilin yay aylarında Cəlilabadın Muğan və Söyüdlü kəndlərinə mavi yanacağın verilməsi ilə bağlı keçirdiyi tədbirdə “balon qazı”ndan istifadə edərək məşəli yandırması və əhalini aldatması böyük narazılığa səbəb olub: “Hətta bu hadisə bəzi media orqanlarında da işıqlandırılıb. Lakin icra başçısı əlaqələrini işə salaraq məlumatın bir sıra kütləvi informasiya vasitələrində yayılmasının qarşısını almağa müvəffəq olub. Deyilənlərə görə, hazırda kəndlərə qaz xətləri çəkilsə də, mavi yanacağın verilməsində ciddi problemlər müşahidə olunur. Onu da qeyd edim ki, hazırda Cəlilabadın bəzi mərkəzi küçələrində yollar bərbad vəziyyətdədir. Hava yağışlı olduğu zaman isə bu yollarda palçıq əlindən yerimək olmur. Yollarda avtomobillərin hərəkəti isə yağıntılı havada daha da çətinləşir. Rayon icra hakimiyyəti bu problemdən məlumatlı olsa da, nədənsə yolun təmir olunması üçün heç bir tədbir görülmür. Halbuki hər il dövlət büdcəsindən Cəlilabada yetərincə vəsait ayrılır. Lakin həmin vəsaitlərin bir hissəsi tamam başqa məqsədlərə sərf olunur. Əgər Hesablama Palatası bununla bağlı genişmiqyaslı və obyektiv araşdırma aparsa, onda deyilənlər öz təsdiqini tapa bilər”.

Əziz Əzizovun əslən Cəbrayıl rayonundan olduğunu vurğulayan məlumatlı şəxs icra başçısının 1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbə rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışdığını bildirir: “İcra başçısı 1996-2006-cı illərdə aktiv biznes fəaliyyəti ilə məşğul olub. Yəni Fərahimin dediklərinə görə, taxıl biznesiylə məşğul olub. 2006-cı ildə isə o, sahibkarlıq fəaliyyətindən birbaşa Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. Elə həmin vaxtdan cəlilabadlıların problemlərinin üzərinə yeniləri əlavə olunub.

Problemlərdən söz düşmüşkən, nəzərinizə çatdırım ki, Cəlilabad Rayon İcra Hakimiyyəti internet saytının fəaliyyəti də ekspertlər tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilir. Belə ki, icra hakimiyyətinin internet resursu ilkin görünüş olaraq normal görünsə də, informasiyalar və bir sıra bölmələr üzrə bilgi kasadlığı baxımından diqqət çəkir. Bir çox bölmələrin boş olması və təqdim edilməsi vacib olan məlumatların olmaması gözdən qaçmır. Yəni rayon haqqındakı bilgilər kifayət qədər olsa da, qurum haqqındakı informasiya qurumun rəhbəri haqqında verilmiş qısa məlumatla kifayətlənir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə isə heç bir məlumat verilmir. Bundan başqa, ziyarətçilərin əks əlaqəsi üçün nə qurumun ünvanı, nə telefon və faks nömrələri, nə elektron poçt ünvanları verilib, nə də səlahiyyətli şəxslərin qəbul saatları göstərilib. Bu isə onu deməyə əsas verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin bir sıra yetkili şəxsləri kimi onun internet resursu da normal fəaliyyət göstərmir”.

Bu arada, icra başçısının ölkə üzrə kifayət qədər yetkili şəxslərdən biri ilə ortaq biznes əlaqələrində olduğunu iddia edən mənbənin sözlərinə görə, Cəlilabad rayonundakı üzüm sahələri, restoranlardan tutmuş paytaxtdakı bir çox iri obyektlər onların şərikli biznesinə daxildir: Deyilənlərə görə, tezliklə Əziz Əzizovun fəaliyyəti ciddi şəkildə yoxlanılacaq və bundan sonra onun barəsində yekun qərar qəbul olunacaq…”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Deyirlər Əziz Əzizov Astara Gömrük Keçid Məndəqəsinə yaxın qohumlarından birini təyin etdirməklə öz işlərini daha da sürətləndirib. Amma bir rayonda işləyən əmlakın rəisi onun yuxularını ərşə çəkib. Hətta deyilənə gorə, bir neçə dəfə yuxudan ayılaraq həmin şəxsin adını səsləndirib.gundelik-baku.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.