Texniki ştat qalmaqalında adı çəkilən Astan İbişov qanunlara məhəl qoymur
Şöbə müdiri bacanağı Azər Zeynalovla birlikdə özbaşına əməllər törədir Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə külli miqdarda büdcə vəsaitinin ayrılmasına baxmayaraq, bu sahədə hələ də bəzi problemlər qalmaqdadır. Keçmiş nazir Misir Mərdanovun vaxtında formalaşmağa başlayan neqativ məsələlərin bir hissəsi aradan qaldırılıb. Amma bəzi rayonlarımızda təhsilin vəziyyəti istənilən səviyyədə deyil. Masallı Rayon Təhsil Şöbəsində (RTŞ) yaşanan problemlər, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, eləcə də şöbə müdiri Astan İbişovun şəxsi maraqlarını hər şeydən üstün tutması və sair hallar barədə mətbuat səhifələrində dəfələrlə yazılıb. Əfsuslar olsun ki, adı indiyə qədər saysız-hesabsız qanunsuz işlərdə hallandırılan şöbə müdirinin barəsində nə Təhsil Nazirliyinin, nə də digər səlahiyyətli qurumların rəhbərliyi tərəfindən bir tədbir görülüb. Elə buna görədir ki, təhsil şöbəsinin müdiri qanunları heçə sayaraq özünün tətbiq etdiyi "qaydalar" əsasında fəaliyyət göstərir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən şöbə müdiri Masallı təhsilini özünə sərfəli olan şəkildə idarə edir və müxtəlif qanunsuz yollarla rifahını yüksəldir: "Məsələn, rayon məktəblərində texniki ştatların alınması adi hala çevrilib. Şöbə müdiri texniki ştatlara işə qəbul məsələsini tamamilə başqa prinsiplər əsasında aparır. Onun dediyini yerinə yetirən şəxslər asanlıqla texniki ştatlar üzrə işlə təmin olunurlar. Bu işdə şöbə müdiri heç bir çətinlik çəkmir. Yəni texniki ştatların açılması rahat şəkildə başa gəlir. O bu işləri maliyyə şöbəsinin müdiri işləyən bacanağı Azər Zeynalovun köməkliyi ilə həyata keçirir. Azər Zeynalov bacanağına yeni ştatların verilməsini təmin edir. Rayonun demək olar ki, bütün məktəblərində texniki ştatlar süni şəkildə artırılıb və bunun nəticəsində dövlət büdcəsinə kifayət qədər ziyan vurulur". Verilən məlumatlara görə, Astan İbişov hələ müəllim olarkən onun əsas işi avtomobil ehtiyat hissələri satmaq və mal-qara alveri olub. Müəllim kimi onun adı ancaq jurnallarda gəzib. Cəmi il yarım məktəb direktoru işləyəndən sonra kimlərinsə vasitəçiliyi ilə təhsil şöbəsinin müdiri kimi mötəbər bir vəzifəyə gətirilib. İddialara görə, şöbə müdiri olaraq bu adam vəzifəsinin öhdəsindən neçə illər ərzində uğurla gələ bilməyib: "Onun qəbul etdiyi qərarlar çox vaxt narazılıqla qarşılanır. Məsələn, məktəb direktorlarına “əsas” qoyulması, məcburi qəzet abunələrinin qiymətlərinin qaldırılması, müəllimlərin işə qəbulu kimi hallarda qanunsuzluğa yol verib. Bütün məktəb direktorları şöbə müdirinə hər ay gəlib baş çəkməlidir. Əks halda, həmin direktorlar bir gün belə işləyə bilməzlər. Bəzi məktəblərdə dərs saatı az, bəzilərində isə çox olur. Bunun səbəbi var. Hansı direktor şöbə müdirinə daha çox "ehtiram" göstərirsə, onun məktəbində dərs saatı artırılır. Rayonun Lürən, Şıxlar, Qodman, Musaküçə, Çaxırlı, Təklə, Sığdaş, Tüklə, Banbaşı, Qarğalıq və digər kəndlərində fəaliyyət göstərən məktəblərdə ümumi dərs saatları çox aşağı olub. Deməli, bu kəndlərdə məktəb direktorları şöbə rəhbərinin "tələb"lərini lazımi səviyyədə qarşılaya bilməyiblər. Onun əsas qazanc mənbələrindən biri bacanağı Azər Zeynalovun vasitəsilə həyata keçirilən cari təmir işləridir. Son illər ərzində Masallı Rayon Təhsil Şöbəsinin nəzdindəki kənd məktəblərinin cari təmirinə 1 milyon manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin yarısından çoxu nəzərdə tutulan işlərə sərf edilməyib. Bacanaq məmurlar bu işləri elə ustalıqla sənədləşdiriblər ki, heç kimin ruhu inciməyib. Bəzi kənd məktəblərində işləyən yüzlərlə müəllimin dərs saatı şişirdilib. Onların adına yazılan artıq əməkhaqları şöbə rəhbərliyinə çatır. Belə deyirlər". Məlumata görə, Təhsil Nazirliyinin rəsmiləri bir müddət əvvəl Masallı RTŞ-də yoxlama aparıb və külli miqdarda yeyinti faktı aşkarlanıb: "Bu zaman həm Astan İbişov, həm də Azər Zeynalov çətin vəziyyətə düşüb. Qalmaqalı ört-basdır etmək üçün onlar bir nəfərə müraciət etməyə məcbur olub. Yalnız həmin şəxsin məsələyə müdaxiləsindən sonra problem həllini tapıb. Həmin adamın özünün də bu işlərdə əli olduğu üçün belə yardımda bulunub". Gələn saylarımızda Astan İbişovun "Dalğa-AA" MMC-nin vasitəsilə həyata keçirdiyi qanunsuz maliyyə əməliyyatları, 31 min manata sənədləşdirilən təbaşirlər və nazir Mikayıl Cabbarovun adı altında yığılan vəsaitlər barədə də məlumat verilib.\gündəlik bakı\