Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da istefaya göndərilməsi və məsuliyyətə cəlb olunması gündəmə gəlib.
Daxil olan özəl məlumatda bildirlir ki, yaxın günlərdə Əmlak Komitəsində yoxlamalar başlanacaq.
Bildirilir ki, komitədə ciddi korrupsiya hallarının və dövlət əmlakının mənimsənilməsi faktlarının olması Həsənovla bağlı ciddi qərarın verilməsinə səbəb olacaq.
Artıq Kərəm Həsənovun qanun pozuntularına yol verildiyi ilə bağlı hakimiyyətin bəzi dairələrində ciddi müzakirələrə yol açıb. Cəlilabad rayonunun icra başçısı Əziz Əzizovla ortaq biznesinin olması və bu biznesin bir hissəsinin xaricdə olması da Həsənov üçün problemə çevrilib.
Mənbənin sözlərinə görə, Kərəm Həsənov uzun illərdir ki, Əmlak Komitəsinə rəhbərlik edir və bu müddət ərzində onunla bağlı Prezident Adminstrasiyasına və hüquq-mühafizə orqanlarına çoxlu şikayətlər daxil olub. Cəlilabadda yaşanan olaylar və icra başçısının sabiq birinci müavini Asif Əzizovla Kərəm Həsənov-Əziz Əzizov birliyinin arasında gedən savaş da ciddi olayların baş verəcəyindən xəbər verir. Bir sözlə, Cəlilabadın icra başçısının sabiq birinci müavini Asif Əzizovun işdən çıxarılması Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə və rayonun icra başçısı Əziz Əzizova baha başa gəlib.
Bu ilin avqust ayında Cəliabad RİH başçısının birinci müavininin işdən çıxarılması barədə xəbərlərə o zaman rəsmi şərh də verilmədi. Həmin ərəfədə musavat.com-un yaydığı xəbərdə Asif Əzizovla icra başçısı Əziz Əzizov arasında münasibətlərin gərgin olduğu idda olunurdu və bildirilirdi ki, Ə.Əzizov birinci müavinin onun haqqında Prezident Administrasiyasına məlumatlar ötürməsindən şübhələnirmiş. Deməli, Kərəm Həsənovun hələ avqust ayında hədəfə gəlməsi gündəmdə olub.
Prezident İlham Əliyevin avqustun 11-də Cəlilabadda səfərdə olması və bir sıra obyektlərin açılışında iştirak etməsi isə Həsənovu ciddi narahat edib. Məhz bundan sonra, yəni avqustn 19-da Asəf Əzizov vəzifədən çıxarılıb. Belə ki, bu səfərdən bir gün öncə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və bu rayondan deputat seçilmiş qardaşı Malik Həsənov rayona gedib.
Bəzi məlumatlara görə, həmin ərəfədə rayonun qeyri-rəsmi kuratoru K.Həsənov prezidentin səfəri ilə bağlı hazırlıq işlərindən çox narazı qalıb. Komitə sədri RİH işçilərini danlayıb və o qədər əsəbiləşib ki, birinci müavin Asif Əzizovun ünvanına nalayiq ifadələr işlədib. A.Əzizovun da əsəbləri tab gətirməyib və komitə sədrinin cavabını eyni tonda verib. Bu isə 1-ci müavinin taleyini həll edib.
Mənbə bildirir ki, Kərəm Həsənov və icra başçısı Əziz Əzizovla bağlı Prezident Adminstrasiyasına verilən məlumatlar isə kifayət qədər ciddi məlumatlar olub: "Bu da komitə sədrinin işini "düyün"ə salıb. Onun da məmurları vuracaq yeni dalğanın qurbanı olacağı qaçılmazdı. Bir sözlə, məmurların "yarpaq tökümü"nə qərar verilib və Kərəm Həsənov bu dəfə bu prosesdən kənarda qalmayacaq", - deyə mənbə bildirir. \arqument.az\