İsmayıllının rus kəndində vəziyyət “ruscadır”

21-05-2014, 11:12   
İsmayıllının rus kəndində vəziyyət “ruscadır”
İvanovkaya erməni qadının gəlməsi, kənddən kütləvi köç haqda deyilənlər və “Nikitin” kolxozunun sədrinin danışdıqları “Yeni Müsavat”da...
İsmayıllının qədim rus kəndindəyik. Bura - İvanovkadır. Gəlişimizin məramı isə səbəbsiz deyil. Bir müddət əvvəl Rusiya vətəndaşı olan bir erməni qadının İvanovkaya gəlməsi, kənddə təbliğata başlaması, camaat arasında burada yaşamağın çətin olmasından danışması, qanunsuz hərəkətlərə yol verməsi xəbəri yayılmışdı. Biz də bu məsələni araşdırmaq qərarına gəldik.
* * *
Eyni zamanda son günlər İvanovkada yaşayan malakanların və rusların guya köç etməsi, onların burada sıxışdırılması, kütləvi şəkildə Azərbaycan pasportlarından imtina etməsi barədə yayılan məlumatlara yerindəcə aydınlıq gətirmək istədik.

Öyrəndik ki, erməni qadının kimliyi Dövlət Miqrasiya Xidməti tərəfindən təsbit edilib və kənddən çıxarılıb. Onun bura niyə gəlməsi kimsəyə bəlli deyil.

Hazırda İvanovkada 3200 nəfər yaşayır. Kənddə vaxtilə iki məktəb olub. Sonra biri yanıb, yalnız bir məktəb qalıb. Məktəbdə alman və ingilis dilləri tədris olunur. Ruslarla bərabər azərbaycanlı uşaqlar da burada təhsil alır.

Dərsdən çıxan Alyona deyir ki, məktəbi bitirib hərbi xidmətə gedəcək: “Mən hərbçi olmaq istəyirəm. Məktəbi qurtarıb Azərbaycan ordusunda zabit olacağam”. Məktəbdə xidmətçi işləyən rus qadın isə deyir ki, məktəb və bağça yeni təmir olunub, şəraitdən narazılıq etmirlər.

* * *
Sumqayıtdan İvanovkaya 16 il əvvəl köçən Zinaida isə məktəbdə texniki işçi olub. İndi üç uşaq anası olan Zinaida həm də fərdi evlərdən birində qulluqçu işləyib. Sonradan isə iş həcmi artdığından məktəbdəki işindən imtina edib.

Deyir ki, İvanovkada villaları olan varlıların evində çalışmaq daha əlverişlidir. Həyat yoldaşı isə kənddəki “Nikitin” kolxozunun fermasında işləyir. Zinaida kolxozda əmək haqqının azlığından gileylənmir. Deyir ki, ailənin gəliri yaşamağa çatır.

İvanovkadakı münasibətlərdən danışan Zinaidanın sözlərinə görə, iki qardaşı və bir bacısı Rusiyada yaşayır. Yaxınları onu daimi yaşamaq üçün Rusiyaya çağırırlar. Amma o heç vaxt İvanovkanı atıb Rusiyaya köçmək istəmir. O, “Azərbaycan vətənimdir. Uşaqlarımın gələcəyini Azərbaycanda görürəm” söyləyir.

* * *
“Gedənlər və gələnlər həmişə olub. Axındır. Buranın cavanları Rusiyaya əsasən oxumağa gedirlər. Qayıdıb gələnləri də olur, orada qalıb yaşayanları da. Dünyanın hər yerində belədir” - kolxozun pensiyaçılarından olan Vadim belə deyir.

Onun sözlərinə görə, kolxozun quruluşu heç kimi ac qalmağa qoymur: “Orada işləyənlər ailələrini saxlayırlar, dolanırlar. Kəndliyə nə lazımdır ki? Ferma var, əkin sahəsi var. Deyirlər ki, yeni sədr şərab istehsalı üçün avadanlıq sifariş verib. Görək də, yəqin ki, yaxşı olacaq”.

Hazırda “Nikitin” kolxozunda 600 nəfərə yaxın adam işləyir. Kənd sakinləri işin zəifliyindən gileylənirlər. Onların sözlərinə görə, əmək haqqı azdır, cəmi 120-150 manatdır. Kolxozun traktorları isə həftədə 1 dəfə İvanovka küçələrini təmizləyir.
Kənd tər-təmizdir, saysız-hesabsız rus evləri, küçədə qaçışan uşaqları, kolxozdan gələn adamları, dərsdən qayıdan məktəbliləri görmək olar. İvanovka sakinləri deyir ki, heç də söyləndiyi kimi kütləvi köç yoxdur.

Amma burada çoxlu imkanlı adamlar tərəfindən yaraşıqlı evlər tikilir. İvanovkada kolxoz binası yaxınlığındakı göl balıq tutmaq həvəskarlarının sevimli məkanıdır. Göldə som, karas, ağ amur, sazan və başqa balıq növləri ovlamaq mümkündür.

* * *
Kəndin gözəgəlimli yerində bir büst var. Bu, Nikitinin büstüdür. İvanovka kolxozunun qurucusu. Kənd mədəniyyət sarayının qarşısında olan büstün qarşısına sakinlər adından gül çələngi qoyulub.

Şənbə günləri isə büstün qoyulduğu meydan gənclərin istifadəsinə verilir, ənənəvi olaraq diskoteka təşkil edilir. İvanovkaya gedib, “Nikitin” adına kolxozun sədrinin fikirlərini, planlarını öyrənməmək isə heç düz olmazdı.

“Adım Nikolaydır, familiyam Dubrovindi. Yəni Nikolay Palıdlı. Bizdə kənddə vəziyyət pisdir, başqalarında isə daha pisdir. Ona görə də onlara baxanda bizdə vəziyyət yaxşıdır” - kolxoza bir neçə gün əvvəl sədr əvəzi təyin olunan belə deyir.

N.Dubrovin bildirir ki, kolxozun illik dövriyyəsi 3,5 milyon manatdır. Gəlir isə 700-800 min manat civarındadır. Bu vəsaitdən texnika, sürtkü yağları, yanacaq, gübrə, dənli bitkilər üçün dərman alınır, təqaüdçü kolxozçuların təqaüdləri verilir, kənd bağçasının, küçə işıqlarının haqqı, küçələrin süpürülməsinin, kolxoz bina və tikililərinin cari təmir xərcləri ödənilir:


“İqtisadiyyatda belədir ki, gəlirin maksimum 14 faizinə qədəri işçilərin əmək haqqından ödənilir. Bizdə isə gəlirimizin böyük hissəsi bu məqsədə sərf olunur. Yanacağın baha olması, gübrə və dərmanların bahalaşması vəziyyətimizi bir az da çətinləşdirir.
Yeni texnikaların, avadanlıqların alınması da çətindir. Üzüm sahələrimiz var. Avadanlıq alıb şərab istehsalına başlayacağıq. Görüləcək işlər çoxdur. Kolxozda gecə-gündüz iş var. Amma əmək haqqının azlığı işlərin görülməsini çətinləşdirir.

Camaat gedib İvanovkada evləri olan imkanlıların evində işləyib gündəlik 20 manatlarını alırlar. Kolxoz isə günə maksimum 5 manat verə bilir. Ümidimizi itirmirik, hər şey yaxşı olar. Bizdə kolxozda köhnə bir sədr vardı, deyirdi ki, 3-5 ildən sonra millət dağılıb gedəcək. Mən də deyirdim ki, heç hara getməyəcək. Millət həmişə yaşayıb. Müharibə illərində də, sülh dövründə də".

* * *
N.Dubrovun rayon rəhbərliyindən də danışır: “Əvvəlki rəhbərlərin dövründə onların səviyyəsi imkan vermirdi ki, İvanovkanın problemlərini rayon və ya respublika rəhbərliyi səviyyəsində qaldırasan. Rayon səviyyəsində belə idi ki, problemləri görürdülər.
Amma həmin problemlərin həlli üçün heç nə edilmirdi. Vəziyyət də pisləşə-pisləşə gedirdi, texnoloji və istehsal nizam-intizamı düşürdü. Torpağı 40 santimetr belləməli olan kolxozçu 30-20 santimetr belləməklə kifayətlənirdi. Bu da son nəticədə taxıl, üzüm məhsuldarlığında, mal-heyvan artımında özünü mənfi planda göstərirdi".
N.Dubrovin deyir ki, kolxozda ciddi islahatlara ehtiyac var:

“Uşaq bağçasını tikib İvanovka sakinlərinin istifadəsinə vermişik. İllər keçib, indi həmin bağça kolxozun büdcəsinə baha başa gəlir. Küçə işıqları, küçələrin təmizlənməsi də kolxozun hesabınadır. Bu məsələlərə yenidən baxılmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.