Həsən Sarıyevin Ağdam əməlləri - VİDEO

8-11-2015, 20:43   
Həsən Sarıyevin Ağdam əməlləri - VİDEO

Elektron poçtumuza Ağdam rayonu Üçoğlan ərazisində yaşayan sahibkar tərəfindən şikayət məktubu daxil olmuşdur. Həmin məktubu olduğu kimi dəyərli oxucularımıza təqdim edirik.
Mən Ağdam rayonu Üçoğlan ərazi sakini sahibkar Əzim Cəfərovbaşıma açılan oyunlarla bağlı məcbur oldum ki, kütləvi informasiya vasitələrinə müraciət edim. Mən hazırda Üçoğlan ərazisində fəaliyyət göstərdiyim yer barədə bir neçə kəlmə söz demək istərdim. Bu ərazidə mən hələ 10-12 yaşında olarkən dədə-babamın qoyunçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olduğunu görmüşəm. Həmin dövrdən indiyə kimi mən də, övladlarım da dədə-babalarımızın yolunu davam etdirib, eyni məşğuliyyət növi ilə məşğul olub dolanmışıq. Mən övladlarımı burada böyüdüb onlara toy etmişəm. Ağdam rayon sakini 17-il rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmiş Həsən Sarıyev yeni vəzifəyə təyin olunduğu vaxt məni yanına çağıraraq dedi ki, onun da mal-qoyununu saxlayım və o əvəzində bizə həm dayaq olacaq, həm də oğlanlarıma şərait qurmaq işində yardımçı olacaqdır. Biz onun şirin sözlərinə inandıq və həmin 17 ili Həsən Sarıyev üçün təmannasız mal-heyvan saxladıq. Biz həmişə ətin, pendirin, südün, qaymağın, yunun ən yaxşı yerini Həsən Sarıyev üçün daşıyıb onu yedizdirmişik. Onu da qeyd edim ki, mən savadsız adamam, təhsilim yoxdur, Artıq 63-yaşım var, ömrüm ancaq çöldə-düzdə zəhmətlə çörək qazanmaq yolunda keçib. Bu yaxınlarda Həsən Sarıyev yanıma gəlib mənə bildirdi ki, bu torpaqları sizin adınıza keçirmək istəyirəm, buna görə də mənə ağ kağıza imza atdırdı. Sonradan məlum oldu ki, Həsən Sarıyev məni aldadaraq həmin torpağı vaxtı ilə sürücüsü olmuş Kamil İslamova satmaq üçün onunla 60. 000 min manata sövdələşiblər. Buna görə də o imza atılmış həmin sənədi Ağdam rayon məhkəməsinə təqdim edib ki, güya mən ailəmlə birlikdə buradan könüllü çıxıb getmək istəyirik. Hansı ki, mən ona etibar etmişəm, ancaq Həsən Sarıyev bu etibardan sui-istifadə edərək belə allahsız işə girişib. Mən qəti şəkildə etiraz edirəm. Belə olmaz. Mən də bu vətənin oğluyam, mənim də yaşamaq haqqım var. Necə yəni, buralar mənim dədə-baba torpaqlarımdır. İndi məni Həsən Sarıyev didərgin salmaq istəyir?Burada 30 hektar torpaq var. Bizə imkan vermir ki, bir-iki hektar taxıl əkib çörək əldə edək. Üstümüzə polis göndərir, bizi adamlarının əli ilə şantaj edir, hədələyir. Mən üzümü cənab prezidentə tutub kömək istəyirəm. Mən üzümü cənab baş prokurora tutub kömək istəyirəm. Mən daxili işlər naziri cənab Ramil Usubova müraciət edirəm. Cənab Ramil Usubov. Siz bütün Qarabağın ağsaqqalısınız. İmkan verməyin ki, bu haramzadə, çörəyi dizinin üstündə olan Həsən Sarıyev məni dədə-baba yurdumdan didərgin salsın. Axı mənim ona nə pisliyim dəyib?Uzun illər nazı ilə oynamışam, hər şeyin ən yaxşısını ona yedirtmişəm, indi budur mənim çox sağolum?Bəs bunu allah götürməz axı.
Evin oğlu Mütalib Səfərov. Biz ailəlikcə uzun illər heç bir təmənna güdmədən Həsən Sarıyev üçün işləmişik. Bu illər ərzində ondan heç bir əziyyət haqqı, heç bir ödəniş almamışıq. Onu vəzifə sahibi olmaqdan ayrı da böyük bir şəxsiyyət kimi qəbul etmişdik. Yatıb yuxumuza girməzdi ki, günlərin birində çörək verdiyimiz adam bizə qarşı belə addım atar. Həsən Sarıyev uzun illər bizlərə xeyli vədlər verib. İndi məlum olur ki, sən demə bizim savadsızlığımızdan istifadə edib. Bu adam görün nə qədər azğınlaşıb, indi dirəşib ki, bu torpaqlar mənimdir. Bizə deyir ki, nəyiniz var sökün, dağıdın, çıxın buranı satmışam. Hansı ki, fakt-sübut var ki, bu ərazilər bizim dədə-baba torpaqlarımızdır. Sadəcə o icra başçısı vəzifəsində çalışarkən, vəzifəsindən istifadə edərək bu torpaqları özəlləşdirib, bizim də bundan xəbərimiz olmayıb. Deməli, o uzun illərdir ki, bizə qarşı məkrli plan hazırlayır. Mən hazırki icra başçısı Raqub Məmmədovun da qəbulunda bir neçə dəfə olub vəziyyəti onun diqqətinə çatdırmışam. Orada İlqar Əliyev adlı başqa birisi meydana çıxıb mənə dedi ki, Həsən Sarıyev deyir ki, Raqub Məmmədovu bu vəzifəyə mən təyin elətdirmişəm. İlqar Əliyev Həsən Sarıyevin adından qeyd edir ki, Raqub Məmmədov bu vəzifədə müvəqqəti işləyəcək, sonra özü keçib başçı olacaq. Həsən Sarıyev hələ bizi hədələyib də. Qoyun icra başçısı olum, ondan sonra görün sizin başınıza nə oyun açacağam. Bütün bunlar mümkünsüz şeylərdir. Çünki ölkədə icra başçılarını cənab prezident təyin edir. Həsən Sarıyev bizi bir belə də savadsız bilirsə, ona xatırlatmaq istəyirəm ki, bizə qarşı hörmətsizliyini gördük. Buna görə o, allah qarşısında cavab verməli olacaq. Ancaq heç olmasa dövlətimizin başçısı cənab prezidenti aşağılamasın. Mən də atam kimi cənab prezidentdən, baş prokurordan, daxili işlər nazirindən və sair dövlət orqanlarından bizlərə kömək etmələrini xahiş edirəm.
Evin oğlu Rəşad Səfərov. Biz iki qardaş hələ kiçik yaşlarından Həsən Sarıyevin mal-heyvanını saxlayıb, onun üçün işləmişik. Həsən müəllim o günləri nə tez unutdu?Kastuyum qalstukla, əli cibində gəlib dayanırdı, zakaz verirdi. Bəs adam bu qədər nankor olar?Həsən müəllim bilsin ki, onun pulu varsa, bizim də allahımız var. Əgər o bizim savadsız olduğumuzdan istifadə edib bu vəziyyəti yaradıbsa onda onu allaha tapşırıram. Hər halda mən də cənab prezidentə müraciət edib kömək istəyirəm. İnanıram ki, cənab prezident belə harınlamış vəzifə sahiblərinin əl qolunu yığışdıracaq, çünki cənab prezident ölkə sahibkarlarının ən yaxın dostu və himayəçisidir.
Ailənin yaxın qohumu Kifayət Quliyeva. Mən bu qardaşların Rəşadın, Mütalibin xalasıyam. Bacım vaxtsız vəfat etdiyi üçün onları mən saxlayıb böyütmüşəm. Bu torpaqlar Əzim Cəfərovun dədə-baba torpaqlarıdır. Həsən Sarıyev məcburi köçkündür, Ağdamın Papravənd kənd sakinidir. İndi necə olur ki, gəlib Üçoğlanda camaatın dədə-baba torpaqlarına sahib çıxır. Belə allahsızlıq olar?Kim ona icazə verib ki, vəzifəsindən istifadə edib bu qədər torpağı mənimsəyərək, indi də bir neçə ailəni çölə atmaq istəyir?Mənim iki oğlum şəhid olub. Mən bir şəhid anası kimi cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, bizləri Həsən Sarıyevin zülmündən qurtarsın. Mən ölkəmizin birinci xanımı Mehriban Əliyevaya müraciət edirəm. Mehriban xanım siz də anasınız. İmkan verməyin ki, uzun illər Ağdam camaatının iliyini sovurub yeyənin birisi, indi də onların dədə-baba torpaqlarını əllərindən alsın. Bu adamların nə pulu yoxdur, nə də ki, başqa yerdə yaşamaq üçün yerləri. Hara getsinlər bu yetimlər?Həsən Sarıyev deyir ki, ya 60. 000 min manat verin, ya da ki, torpağı Kamil İslamova satıram. Belə allahsızlıq olmaz. Sən gəl camaata öz torpaqlarında uzun illər həm mal-heyvan saxlat, sonra da vəzifəndən istifadə edərək əl-altdan onların torpaqlarını əlindən al. Bu həyasızlıq deyil, bəs nədir?Allaha şükür ölkənin yiyəsi, böyüyü var. Həsən Sarıyevin də ipini yığan tapılar. Mən inanıram ki, prezidentimiz bizi eşidir və bizə kömək edəcək.
[media=https://www.youtube.com/watch?v=r_CC7JUudq8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.