Analarının dəfninə getməyən siyasətçilər

21-05-2014, 19:06   

“Gültəkin Həsənova Azərbaycan bayrağı ilə birgə simvolizə olunur. Bu gün dalğalanan üçrəngli bayrağımızın üzərində onun əlinin əməyi var”. Bu sözləri “Axar.az”a millət vəkili Zahid Oruc dünən gecə vəfat edən 1988-ci il Milli Azadlıq Hərakatının fəallarından olan, Azadlıq Meydanında keçirilən ilk mitinqə öz əlləri ilə tikdiyi müqəddəs üçrəngli bayrağımızı gətirən Gültəkin Həsənova haqqında danışarkən dedi. Z.Oruc imkan olacağı təqdirdə Gültəkin ananın dəfn mərasimində mütləq iştirak edəcəyini bildirdi: “Çox istəyirəm ki, dəfn mərasimində iştirak edim. İşlərimdən imkan edib orada olmağa çalışacağam”. Millət vəkili təklif edir ki, onun varlığını, fəaliyyətini hər hansısa şəkildə kiçik bir adla da olsa, əbədiləşdirməliyik: “Çox gözəl tanıyıram və xatırlayıram Gültəkin ananı. Mətbuatdan almışam ölüm xəbərini. Gültəkin Həsənova Azərbaycan bayrağı ilə birgə simvolizə olunur. Sözün yaxşı mənasında, çox soyuqqanlı və təvazökar bir insan idi. Dövrün bütün aksiya və mitinqlərinin əsas iştirakçısı idi. O, Azərbaycan bayrağını böyük ürəyi ilə toxumuşdu. Bu gün dalğalanan üçrəngli bayrağımızın üzərində Gültəkin Həsənovanın əlinin əməyi var. Bu bizi ona mənən borclu edir. Ona Allahdan rəhmət diləyirəm”. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da G.Həsənovanın dəfn mərasimində iştirak edənlərdəndir: “Təbii ki, yas mərasimində iştirak edəcəyəm. Gültəkin ananı 1988-ci ildən əlləri ilə hazırladığı bayrağı meydana çıxardığı ilk vaxtlardan tanıyıram. Ölüm xəbərindən çox kədərləndim. O, Azərbaycan xalqının tarixində vətən, millət, bayraq sevgisi yaratdı. O, hərəkatın ilk fəallarından biri idi. Allahdan rəhmət diləyirəm ona”. Millət vəkili Fazil Mustafa dəfn mərasimində iştirak edə bilməsə də, yas mərasimində mütləq olacağını bildirdi: “Dəfn mərasimi saat 2-də olacağı üçün işlərimlə əlaqədar gedib çata bilməyəcəyəm. Ancaq yas mərasimində mütləq şəkildə iştirak edəcəyəm. Düzü, bir qədər gec xəbərim oldu bundan. Onun üçün gedə bilmədim”. F.Mustafanəın fikrincə, Gültəkin ana Azərbaycan qadınının rəmzinə çevrilib: “O, meydanlarda qadınlara bir impuls verən, hər kəsi öz haqqı uğrunda mübarizəyə çağıran güclü xarakterə sahib nadir insanlardan idi. Gültəkin Həsənova təkcə bayrağımızı ilk dəfə əlləri ilə tikib meydana gətirən insan deyildi. O, yeni və güclü bir nəslin yetişməsində ana şəfqəti ilə mübarizə aparan insanlara dəstək vermək baxımından da böyük işlər görüb. O, həm ziyalı xanım və ağbirçək bir ana kimi hamının yaddaşında qalacaq. Gültəkin ana bir mərhəmət və əsl insan rəmzi idi. Allah rəhmət eləsin”. Meydan hərəkatının fəallarından biri olan Pənah Hüseyn isə xəstə olduğu üçün yas mərasiminə gedə bilməyəcəyini bildirdi: “Milli Hərəkatda qadınlarımız az rol oynamayıb. Onlardan biri və əlində üç rəngli bayraqla elə ən öndə gedəni Gültəkin Həsənova idi. Gültəkin ananın adı bayrağımızla daim bir çəkilir və bundan sonra da çəkilməlidir. Allah yerini behişt etsin bayraq anasının”. Qeyd edək ki, 1988-ci il Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının fəallarından olan, Azadlıq Meydanında keçirilən ilk mitinqə öz əlləri ilə tikmiş olduğu müqəddəs üçrəngli bayragımızı gətirən Gültəkin Həsənova ötən gecə uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib. Milli Azadlıq Hərəkatının fəalları ona sadəcə "Gültəkin ana" deyə müraciət edirdilər. Xatırladaq ki, Gültəkin ana bu gün saat 14:00-da dəfn edilib. Onun dəfn mərasimində siyasətçilərdən ancaq Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı və KXCP sədrinin müavini Xəzər Teyyublu iştirak ediblər. Dəfndə bir çox siyasətçinin iştirakı gözlənilsə də, heç biri gəlməyib. Allah rəhmət eləsin!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.