Gözlənilən əfvin gözlənilməz fraqmenti... ; İddia olunur ki, sabiq naziri həbsdən buraxaraq, dərhal da hava limanına aparıb, “sürgün”ə göndərmək planı var; hakimiyyət onun müxalifətə qoşulacağından narahatdır; Əli İnsanovun bu təkliflərə hansı cavabı verdiyi bilinmir...
Çox yaxın vaxtlarda prezident İlham Əliyevin əfv fərmanı imzalayacağı ilə bağlı xəbərlər getdikcə intensivləşir. Müxtəlif hüquq müdafiəçiləri və deputatlar inamla yaxın vaxtlarda əfv olacağını, bu fərmanın ya mayın 28-də Respublika günü, ya da 15 iyun Qurtuluş günü ərəfəsində imzalanacağını deyirlər. Gözlənilən əfv fərmanı ilə bağlı ən diqqətçəkən məqam və ciddi müzakirə mövzusu adları siyasi və vicdan məhbusları siyahısında olan şəxslərdən kimlərin azadlığa çıxacağıdır.
İlkin məlumatlara görə, gözlənilən fərman bir sıra tanınmış siyasi məhbuslara şamil oluna bilər. Bir çox beynəlxalq təşkilatlar da son vaxtlar siyasi məhbusların azadlığa buraxılmasını istəyirlər. Onların arasında müxalifət düşərgəsinin təmsilçiləri ilə yanaşı, vaxtilə hakimiyyətdə böyük nüfuz sahibi olan sabiq səhiyyə naziri Əli İnsanov da var.
Həbs olunduğu 2005-ci ildən bu yana hakimiyyət bir neçə dəfə Ə.İnsanovla əfv ərizəsi yazması və ölkə başçısından üzr istəməsi əvəzində azadlığa buraxılması ilə bağlı danışıqlar aparsa da, sabiq nazir dirəniş göstərib və bəraət istəyib. Ə.İnsanovla eyni vaxtda həbs olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyev qardaşları 2013-cü ilin martında əfv ərizəsi yazaraq azadlığa çıxsalar da, bu qərar Ə.İnsanova şamil olunmayıb.
Bundan başqa, Əliyev qardaşları 2013-cü ilin prezident seçkilərində İlham Əliyevi dəstəkləsələr də, Ə.İnsanov Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan etdi.
Onun hüquqi yolla azadlığa çıxmağa nail olmaq mübarizəsi isə bu günə kimi nəticə verməyib.
Hətta İnsan Haqları üzrə Avropa Məhkəməsi 2013-cü il martın 14-də çıxardığı qərarla Ə.İnsanovun Azərbaycanın da qoşulduğu Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləyib.
Buna görə də Azərbaycan Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin plenumunda onun işinə yenidən baxılsa da, sabiq nazir həbsdə saxlanılıb.
Bu məhkəmələrdə isə Ə.İnsanov ölkə başçısı və ümumilikdə hakimiyyət haqda çox sərt bəyanatları ilə yadda qaldı. Bununla belə, Avropa Məhkəməsinin Ə.İnsanovun azadlığa buraxılması barədə qərarı yerinə yetirməyə borclu olan hakimiyyət ona əfv ərizəsi yazdırmağa çalışır. Amma Ə.İnsanov bundan imtina edir.
Hakimiyyət isə fakt qarşısındadır və onu azadlığa buraxmalıdır.
Belə olan halda çıxış yolu kimi belə bir variant seçilib ki, Ə.İnsanov özü əfv ərizəsi yazmasa da, onun azadlığa çıxmasını istəyən hüquq müdafiəçiləri belə bir ərizə yazsınlar. “Yeni Müsavat”a daxil olan məlumata görə, artıq hüquq müdafiəçiləri tərəfindən prezidentin adına belə bir ərizə yazılıb. Məlumata görə, bu sənəd Ə.İnsanovun ölkə başçısı tərəfindən əfv olunması üçün yetərlidir.
Bununla yanaşı, hüquq müdafiəçiləri Əfv Komissiyasına, Prezident Administrasiyasına və beynəlxalq təşkilatlara siyasi məhbus hesab etdikləri şəxslərin siyahısını da təqdim ediblər. Həmin siyahıda da Ə.İnsanovun adı var.
Odur ki, Ə.İnsanovun növbəti əfv fərmanı ilə azadlığa buraxılacağı gözlənilir. Amma bunun üçün hakimiyyətin də öz şərtləri var. Əldə etdiyimiz məlumata görə, hakimiyyət kifayət qədər iddialı və qəzəbli, eyni zamanda böyük maddi imkanlara malik Ə.İnsanovun həbsdən çıxdıqdan sonra siyasətlə məşğul olacağından və müxalif düşərgəni gücləndirəcəyindən narahatdır.
Buna görə də müxtəlif kanallarla ona çatdırılıb ki, əfvlə həbsdən buraxılacağı təqdirdə ölkəni tərk etməlidir. Hətta ondan tələb olunur ki, əfvlə azadlığa çıxan kimi birbaşa hava limanına getsin və oradan da Almaniyaya uçsun. Ə.İnsanovun hələlik bu şərti tam qəbul edib-etmədiyi bilinməsə də, gələn məlumatlara görə, sabiq nazir deyib ki, həbsdən çıxdıqdan sonra ailəsini görmək və müalicə üçün xaricə getmək planı var. Lakin proseslər göstərir ki, cənab İnsanov yaşının da xeyli irəliləməsinə rəğmən dəmir iradəyə malikdir, inadçıdır və onunla məxfi qaydada anlaşmaq praktik olaraq, mümkün deyil.
Məlumatlara görə, sabiq nazirin xanımı alman əsillidir və onun həbsindən sonra Almaniyaya köçüb.