Ağdam icra hakimiyyəti əlil sahibkardan aldığı malın pulunu vermir
Prezident, ölkə qanunları sahibkarların işinə mane olanların, onlardan haqq tələb edənlərin cəzalandırılacağını vurğulasa da, gerçəklik əksini göstərir.
“Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30-cu maddəsinə görə, icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını vermək, habelə xammalla təminatda və məhsulun satışında kömək göstərmək yolu ilə əlillərin sahibkarlıq fəaliyyətinə şərait yaratmalıdır. Icra hakimiyyəti orqanları isə nəinki əlillərə otaq ayırır, məhsulun satışını təşkil edir, əksinə, əlillərin istehsal etdikləri məhsulları dədə-baba malı kimi mənimsəyib pulunu da vermirlər.
Dövlət başçısı hər rayona abadlıq-quruculuq işlərinə büdcəsindən əlavə milyonlar ayırır. Nə yazıq, bu milyonlar icra hakimiyyətlərinin “daş-başına” çevrilir. Binəqədi rayonunda sahibkarlıqla məşğul olan əlil-şəhid ailələrinin istehsal sexindən apardığı malın pulunu 2 ildir Ağdam RIH-in vəzifəli şəxsləri verməkdən imtina edir. Əlillərin ali dövlət hakimiyyəti orqanlarına, hüquq qoruyucu orqanlara şikayəti də səmərə vermir. RIH-in tikinti şöbəsinin müdiri Tahir Əliyev bu ilin sentyabrında borcu ödəyəcəklərini bildirsə də, indi 2 aydır heç telefonu da götürmür. Ombudsman, Iqtisadi Inkişaf Nazirliyi və digər qurumlar isə bu işin onlara aid olmadığını bildirir. Görəsən bunların nəyəsə aidiyyəti var, yoxsa elə havayı “xidmətə” oturublar? Ən maraqlısı, Ağdam prokuroru vəzfəsini icra edən Babək Paşayevin dələduzluq faktını mülki xarakterli hüquq pozuntusu kimi qələmə verməsidir.
Əlavə izaha ehtiyac varmı? Baş prokuroluğun araşdırması bunu göstərər.
Məğrur Bədəlsoy