Beynəlxalq Bankın şefi “Texnikabank”dan sonra “Bank of Azerbaijan”ı da öz idarəetməsinə qatmağa hazırlaşır; Ziya Məmmədovun təsir dairəsinin qapadılması prosesi gedir və bu səbəbdən də onun ən yaxın adamlarından olan Hafiz Məmmədovun biznesinə əl qoyulur
“Bank of Azerbaijan”da yaranmış maliyyə problemi getdikcə daha da dərinləşir. Hazırda bankla müştərilər arasında qarşıdurma səviyyəsində gərginlik yaşanır. Depozitləri geri almağa çalışan müştərilərə müxtəlif bəhanələr göstərildiyindən vəziyyət daha da dramatik şəkil alıb. Bank faktiki olaraq depozitləri ödəyə bilmir.
Bankın sahibi Hafiz Məmmədovun öz müsahibəsində depozitlər məsələsinə toxunaraq “İndi deyirsiniz ki, bir dostum çıxıb bu pulları ödəməyəcək?” şəklində reaksiya verməsi, vəziyyətin ağır olduğunun göstəricisi kimi yozula bilər. Hər halda, bank sahibinin pulları dost yardımları ilə ödəməyi planlaşdırması müştərilərdə bank barədə formalaşmış qeyri-ciddi imicin bir qədər dərinləşməsinə səbəb olub.
“AzərFax” “Bank of Azerbaijan”da hazırda hansı vəziyyətin hökm sürdüyü barədə yeni məlumat əldə edib. Bankdakı mənbədən ötürülən məlumata görə, artıq 5-ci gündür ki, bankın bütün əməliyyatlarına “Banktechnique” nəzarət edir, hətta kassaya mədaxilləri belə “Banktechnique”ın inkassatorları aparır: “Ümumiyyətlə, belə söhbətlər gəzir ki, ”Bank of Azerbaijan" hansısa başqa bankın himayəsinə keçir. Hələlik ortada rəsmi bir şey olmasa da, ötən həftədən etibarən biz “Banktechnique”a hesabat verməli oluruq. Bankın düşdüyü vəziyyətlə əlaqədar müştəriləri itiririk. Kassaya mədaxillər də ciddi şəkildə azalıb. Bu, təkcə bizim şöbədə deyil və söhbət təkcə Bakıdakı şöbələrdən getmir. Bizdə məlumat var ki, əyalət şöbələrində də gün ərzində kassaya yığılan vəsait “Banktechnique”a təhvil verilir. Nə baş verdiyini aydınlaşdıra bilmirik.
Kassaya mədaxil olan kimi “Banktechnique” aparır. Hətta imkan verilmir ki, depozitləri müştərilərə qaytaraq. Bizə ancaq vaxt uzatmaq tapşırığı verilir və biz də hər gün yalan danışırıq".
Beləliklə, ölkənin iri banklarından sayılan “Bank of Azerbaijan”ın başqa ələ keçməsi ilə bağlı məlumatlar təsdiqlənir. Mediada yayılan məlumatlara görə, bu ayın əvvəlindən “Bank of Azerbaijan”da kütləvi ixtisarlar aparılıb. Bankın baş ofisindən yerli şöbələrə işçiləri öz hesablarına məzuniyyətə göndərmək barədə tapşırıq verilib. 100-dən artıq işçi kənarlaşdırılıb.
2013-cü ilin yanvarına qədər bankın əsas səhmdarı Ziya Məmmədovun oğlu Anar Məmmədov olub - o vaxta qədər bank de-yure Məmmədovlara məxsus olan “ZQAN Holding”in (indi adı dəyişərək "Qarant-holdinq" olub) tərkibində idi. 2013-cü ilin yanvarında isə A.Məmmədov səhmlərini “Bağlan Group”un rəhbəri, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun oğlanlarına satıb. Hazırda bankın səhmləri belə bölüşdürülüb: Məmmədov Kənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Sənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Mübariz Məcid oğlu 6 030 000 AZN(12,07%) NEM Holdinq 335 000 AZN(0,67%). A.Məmmədov səhmlərini H.Məmmədovun oğlanlarına satandan sonra bank "Qarant-holdinq"in tərkibindən çıxıb. Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.
“Bank of Azerbaijan” sıradan bir bank deyil. Bankın ölkə üzrə 15 filialı, 38 bankomatı, 1 946 POS-terminalı var. Aktivlərinin həcmi 2014-cü ilin I rübündə 410 milyon manata yaxındır. Bank sektorunda bazar payına görə ilk 15-liyə daxildir. 34 milyon manatlıq əmanət təhlükədədir. Üstəlik də bankın korporativ müştərilərinin hesabları təhlükə altındadır.
Bank sektorundan “Yeni Müsavat”a verilən məlumata görə, “Bank of Azerbaijan” Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin nəzarətinə keçir: “C.Hacıyev artıq bank sektorunun ”xaç atasına" çevrilib. Bir qədər öncə o, Azərbaycanın 10 ən yaxşı bankı arasında qərarlaşan “Texnikabank”ı da ələ keçirmişdi. İndi də ilk 15-liyə daxil olan “Bank of Azerbaijan”ı öz idarəetməsinə qatır.
Təbii ki, bu, siyasi qərardır. “Bank of Azerbaijan”ın sahibi Hafiz Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qruplaşmasına daxildir (bugünlərdə mediaya açıqlama verən H.Məmmədov Ziya Məmmədovu özünün “atası”, “böyük qardaşı” adlandırmışdı). Hazırda Z.Məmmədovun qruplaşmasının vurulması prosesi gedir, səlahiyyətləri əlindən alınır və nəqliyyat nazirinin təsir dairəsi qapadılır. Qruplaşmaya daxil olan əsas simalardan birinin - Hafiz Məmmədovun bankının əlindən alınmasına bu rakursdan baxmaq lazımdır. Qarşı tərəfin - Cahangir Hacıyevin daxil olduğu qruplaşmanın mövqeləri isə getdikcə güclənməkdədir. Son 2 ildə 2 böyük bankı öz idarəetməsinə qatması da bunun göstəricisidir.