Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.
Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub. Xəbərə görə, DİN əməkdaşları Aynar Məmmədovu “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindirərərk sorğu-sual ediblər.
Qeyd edək ki, jurnalistin döyülməsində şübhəli bilinən idmançı Tural Bayramov artıq həbs edilib. Lakin “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, jurnalistə sui-qəsdi məhz Ziya Məmmədovun qardaşı oğlu sifariş edib. Baş redaktor bunu daxili işlər naziri Ramil Usubovla görüşündə də bəyan etmişdi.
Onu da yada salaq ki, “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı binanın blokundan çıxarkən vəhşicəsinə döyülmüşdü.