Bakı şəhəri, Teymur Elçin küçəsi ev 6 mənzil 22 ünvanında yaşayan sahibkar İbrahimov Hafiz Məmməd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Bir surəti Moderator.az - a göndərilən müraciətdə Şəmkir rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir rayon Şöbəsinin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrindən bəhs edilir.
Şikayət ərizəsini təqdim edirik:
"Möhtərəm Preizdent!
İlk öncə bildirmək istəyirəm ki, hər zaman biz sahibkarlara dəstək olduğunuz və sahibkarlarlıq fəaliyyətini daim diqqətinizdə saxladığınız üçün sizə təşəkkür edirəm. Sizin son zamanlar sahibkarlara olan təyziqlərin və məmur özbaşınalığının aradan qaldırılması üçün verdiyiniz tapşırıqlara Şəmkir İcra Hakimiyyəti və Mədəniyyət Turizm Nazirliyinin Şəmkir rayon şöbəsi heç bir əhəmiyyət vermir.
Nəzərinizə çatdırıram ki, Şəmkir rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir rayon şöbəsi tərəfindən mənim şəxsi mülkiyyətimdə olan Şəmkir şəhəri Sabir küçəsində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağım üçün mənə məxsus 0.0955 ha torpaq sahəsi və 0.0505 ha torpaq sahəsi heç bir qanuni əsas olmadan zəbt edilmiş və torpaq sahəsini əhatə edən kubik və beton hasarlar adıçəkilən orqanlar tərəfindən sökülmüşdür. Hal-hazırda da yuxarıda qeyd etdiyim mənə məxsus torpaq sahəsində Şəmkir rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir rayon şöbəsi tərəfindən “park salma” adı altında tikinti işləri aparılmaqdadır. Belə olan halda adıçəkilən orqanların qanunsuz hərəkətlərindən müdafiəyə dair Gəncə İnzibati-iqtisadi Məhkəməsinə ərizə ilə müraciət etdim.
Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 09.06.2015-ci il tarixli 2-1(83)-878.2015 iş nömrəli Qərardadı ilə ərizəm təmin edildi və Şəmkir rayon İcra Hakimiyyətinin və Mədəniyyət Turizm Nazirliyinin Şəmkir şöbəsinin mülkiyyətimdə olan torpaq sahəsinə müdaxilələri və torpaq sahəmdə aparılan tikinti işləri dayandırıldı. Bundan sonra Şəmkir rayon Mədəniyyət və Turizm Nazirliyi mənə məxsus hüquqverici mülkiyyət sənədlərimin etibarsız hesab edilməsinə dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdi. Hal-hazırda da iş Gəncə İnzibati-İqtisadi məhkəməsində icraatdadır.
Xüsusi Mülkiyyətimdə olan torpaq sahəsində Şəmkir İH-ın və Mədəniyyət Turizm Nazirliyinin Şəmkir şöbəsinin qanunsuz işlərinin dayandırılması haqqında qüvvəyə minmiş Məhkəmə Qərardadı olmasına, o cümlədən mənə məxsus torpaq sahəsi ilə bağlı mübahisənin məhkəmənin baxışında olmasına, ən əsası isə sahibkarlara qarşı təyziqlərin, onların fəaliyyətinə müdaxilələrin və məmur özbaşınalılığının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına və göstərişlərinə baxmayaraq və bu sadalananlara heç bir məhəl qoymadan Şəmkir İH-nin Başcısı Alimpaşa Məmmədov və Mədəniyyət Turizm Nazirliyinin Şəmkir şöbəsinin müdüri Əsgər Ələsgərov öz qanunsuz əməllərinə davam edir və mənə məxsus torpaq sahəsini zəbt edib, tikinti işləri aparırlar.(Tikinti işlərini Şəmkir Şəhəri 21-ci əsr Azərbaycan Sosial İqtisadi və Mədəni İnkşafa Yardım İctimai Birliyi icra edir.)
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, Şəmkir rayon İcra Hakimiyyətinin və Mədəniyyət Turizm Nazirlyinin Şəmkir şöbəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağım üçün mənə məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt etmələrinə son qoyulması üçün müvafiq göstəriş verəsiniz".