Salyanda Tahir Kərimov idarəçiliyi: kriminal keçmişdən biznes şəbəkəsinədək

26-11-2015, 01:19   
Salyanda Tahir Kərimov idarəçiliyi: kriminal keçmişdən biznes şəbəkəsinədək
Azərbaycanda əksər sahələrdə mövcud olan məmur özbaşınalığı rayonlarda daha qabarıq şəkildə özünü büruzə verir. Rayonların icra başçıları, polis rəisləri, ayrı-ayrı qurumların rəhbərləri dövlət vəsaitini talamaqla kifayətlənməyib, yerli vətəndaşları, xüsusən iş adamlarını soymaqla məşğuldurlar. Rayonda hər hansı bir tikinti, abadlıq işləri üçün ayrılan vəsaiti «yuxarılarla» birlikdə mənimsəyən icra başçıları həmin işləri yerli sahibkarlardan zorla, bəzi hallarda şantajla topladıqları vəsaitlər hesabına həyata keçirirlər. Bu da yerlərdə ciddi narazılıqların yaranmasına, bəzən sosial partlayışlara səbəb olur. Yaxın keçmişdə Qubada, İsmayıllıda baş verənlər bunun bariz nümunəsi sayıla bilər.
Keçmişə bağlı kriminal həyat və ləqəblər
Oxşar əməlləri davam etdirən «kiçik padşahlar» son zamanlar həm də yerli insanların «çörək təhnələrinə» də əl uzatmağa başlayıblar. İcra başçıları tərəfindən rayonlarda yerli vətəndaşlara məxsus biznes obyektlərinə, torpaqlara əl uzadılması, zorla ələ keçirmələrə dair çoxsaylı faktlar mövcuddur. Belə icra başçılarından biri kimi 2011-ci ildən Salyan Rayon İcra Hakimiyyətinə başçılıq edən Tahir Kərimovun adı çəkilir. Uzun illər balıqçılıq sektorunda çalışan Kərimovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı öyrəndik ki, onun adı mətbuatda müxtəlif maxinasiyalarda, kriminal fəaliyyətdə hallanıb. Belə iddialardan birinə görə, hazırda böyük bir rayona rəhbərlik edən bu şəxs, ötən əsrin 90-cı illərində kriminal aləmdə kifayət qədər tanınmış adamlardan biri olub. Ləqəbi də «Zəli Tahir» imiş. Onun kriminal aləmdə ad qazanmasında isə yaxın qohumu – dayısı “Fırtına” ləqəbli Həsənin xüsusi rolu olduğu qeyd olunur.
Muğan düzündə min hektarlıq bir ərazini əhatə edən təsərrüfat
Bu məlumatların nə qədərinin həqiqət olduğunu söyləyə bilməsək də, görünən odur ki, Tahir Kərimovun icra başçısı olduqdan sonra yerli iş adamları, idarə müdirləri ilə qurduğu münasibət kriminal aləmin qayda-qanunlarına çox yaxındır. Salyanda Tahir Kərimovun zülmünə məruz qalmış sahibkarlardan birinin təqdim etdiyi məlumatlar, ən əsası isə siyahı və sənədlər icra başçısının qısa müddət ərzində rayonda və burdan kənarda dəyəri milyonlarla ölçülən əmlaka sahibləndiyini göstərir. Məsələn, cumhuriyyet.az-a daxil olan məlumata görə, T.Kərimov Salyana icra başçısı təyin olunduqdan az sonra Muğan düzündə min hektarlıq bir ərazini əhatə edən təsərrüfat saldırıb. Bu torpaq ayrı-ayrı Salyan sakinlərinə məxsus olsa da, başçı onlara aid sərəncamları ləğv etdirərək ərazini ələ keçirib. İçindəki fermanın tikintisi il yarım davam edib. Mənbə deyir ki, 15 kilometr uzaqlıqdan – Akuşa çayından yatağa çəkilən su kanalının smetası 2 milyon manatdan çox olub. Qəribədir ki, icra başçısının şəxsi obyektinə çəkilən su kanalının tikintisində dövlətin texnikasından istifadə olunub. Belə ki, Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin 5-6 texnikası burda il yarım işlədilib. Mənbə deyir ki, hazırda fermada 2 min başdan artıq qoyun, 40-50 baş iri buynuzlu mal-qara saxlanılır. Başçının Salyandakı təkcə bu fermasının dəyəri, içindəki mal-qara ilə birlikdə, bir neçə milyon manatla ölçülür.
Müəmmalı tenderlər, İcra başçısının qardaşının 74 şirkəti və …
Salyanda dövlət büdcəsinin talanması rayonda satınalmalar üçün tender keçirilməməsi ilə bağlanır. Daha dəqiqi, bu istiqamətdə tenderlərin formal xarakter daşıdığı, icra başçısının istəyinə uyğun olaraq nəticələrin elan edildiyi bildirilir. Gizli keçirilən qondarma müsabiqələrdə isə Tahir Kərimovun özünə və ya onun “xeyir-dua verdiyi” hansısa başqa dövlət məmurlarına aid olan şirkətlər “qalib” gəlir. Bu işdə əsas təşkilatçılıq isə Salyan rayon Maliyyə Şöbəsinin müdiri Mahir Kərimov tərəfindən həyata keçirilir. Hətta onun iddiaçılara nümayişkaranə şəkildə tenderin formal bir proses olduğunu deməkdən belə çəkinmədiyi qeyd olunur. Bu cür “tenderlərdən” sonra isə dövlətin Salyan rayonunun inkişafı üçün ayırdığı milyonlarla manat vəsaitin böyük hissəsi təyinatından yayındırılır, şəxsi ciblərə yönəldilir.
İcra başçısı Tahir Kərimovun qardaşının ayrı-ayrı şirkətləri vasitəsiylə isə bir sıra iri dövlət şirkətlərinin tenderlərinin şübhəli şəkildə qalibi olması haqda da məlumatlar var. Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov qardaşının adına olan şirkətlər vasitəsiylə ayrı-ayrı iri dövlət qurumlarının “keçirdiyi” bəzi iri tenderlərə sahiblənib. Bundan əlavə, onun rayonun büdcə təşkilatlarının irili-xırdalı bütün təlabatlarını təmin etmək üçün yalnız qardaşının və digər ailə üzvlərinin nəzarətində olan firmalardan yararladığı da sirr deyil. O, bu cür «əməliyyatları» hələ Daşkəsəndə icra başçısı işlədiyi dönəmlərdən tətbiq etməyə başlayıb. T.Kərimovun qardaşının sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox – 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir. Şirkətlərlə bağlı bütün bu məlumatlar, onların yeni şirkət olmalarına baxmayaraq tenderlərdə asanlıqla qalib gəlməsi bəzi suallar yaratmamış deyil. Elə ekspertlər də düşünür ki, bu şirkətlərin yaranma məqsədi yalnız tenderlərdə iştirak etmək yolu ilə dövlət vəsaitini mənimsəməkdir
Nəticədə dövlət büdcəsi hesabına reallaşdırılmalı olan işlər ya alayarımçıq görülür, ya da məcburən yerli sahibkarlara gördürülür. Üstəlik onlardan başqa adlar altında da “haqq” yığılır. Bu isə təbii ki, rayonda ciddi narazılıqlar, dövlətə inamsızlıq yaradır. Sahibkarların iddiasına görə, Tahir Kərimovun dövlətin ayırdığı vəsaitləri şəxsi biznesinin inkişafına yönəltməsi və rayondakı abadlıq- quruculuq işlərini öz zəhmətlərilə sahibkara çevrilmiş insanların hesabına həyata keçirməsi onların normal fəaliyyətinə imkan vermir. Bu da Salyanda ümumi vəziyyəti daha da ağırlaşdırır, sadə insanları dövlətdən incik salır.
Ölkə boyunca böyüyən biznes şəbəkəsi
Rayon sahibkarlarından cumhuriyyet.az-a daxil olan konkret faktlar, sənədlər Tahir Kərimovun yalnız Qusarda deyil, Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturları qurduğundan xəbər verirlər. Belə görünür ki, o, bu böyük biznesə icra başçısı olduğu illərdə, həm də arada bəzi yüksək vəzifəli şəxslərin, nüfuzlu insanların adından istifadə etməklə sahib olub. Kərimovun hansı işlərdə kimlərin adından yararlandığı bu yazının mövzusu deyil. Hələlik onun müavininin dili ilə təkzib etdiyi biznes strukturları barədə qısa məlumatla kifayətlənirik.
Beləliklə, saytımıza təqdim olunan sənədlər təsdiqləyir ki, 2010-cu ildə Qusar rayonunda 1 hektar ərazidə tikilən və sonradan ərazisi 3 hektara qədər genişləndirilən, təxminən 1 milyon manata başa gələn “Alpin-Qusar” istirahət mərkəzinin sahibi Tahir Kərimovdur.
Əldə olan sənədlərdən belə görünür ki, Kərimovlar ailəsinin Qusarda üst-üstə 20 hektardan artıq alma-üzüm bağları da var. Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodu da Kərimovun ailə müəssisəsidir. Eyni zamanda Xudatdakı balıq zavodunun da Kərimov tərəfindən ələ keçirildiyiə dair iddialar var.
Ancaq Kərimovun ən böyük biznes strukturları, təsərrüfatları son illər rəhbərlik etdiyi Salyandadır. Başcı olduqdan sonra Kərimovun 100 hektarlarla əkin sahəsinə, böyük fermalara, istixanalara, balıqçılıq təsərrüffatlarına, restoranlara sahib olduğu bildirilir.
Rayon idarəçiliyində şəriklik: Faiq Kərimov faktoru
Salyan rayon idarəçiliyində müəmmalı məqamlardan biri də rayon Telekommunikasiya Qovşağının rəisi Faiq Kərimovla bağlıdır. Bu barədə cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Faiq Kərimov Salyanın icra başçısı Tahir Kərimovun qohumudur. Tahir Kərimov Daşkəsəndən Salyana icra başçısı təyin olunan zaman qohumu Faiq Kərimovu da özü ilə gətirib: “Faiq Kərimov həmçinin rayondakı kohnə ATS-lərin avadanlığını darmadağın edərək satıb. Bu avadanlıqların satışından külli miqdarda pul qazanıb. Nəticədə Kərimov öz mövqeyini bir qədər də möhkəmləndirdi və yaxın adamlarını rayonda müəyyən postlara belə yerləşdirdi” deyə – məlumatda qeyd olunur. Belə ki, istilikxanaya öz adamı olan Pənah adlı şəxsi yerləşdirməklə tonlarla metal satışını həyata keçirən F.Kərimovun rayondakı 4 istilikxananı tamamilə dağıtdığı deyilir. “Daha sonra Su İdarəsinə yerləşdirlilən Pənah rayonda” xüsusi su rejimi” yaradıb. Hazırda rayonda çox az sayda ailə var ki, sayğacla su pulu ödəyir. Sayğacı olmayan mənzil sahibləri isə verilməyən suya görə pul ödəyir. Pənah adlı şəxsə Qarabag Əlliləri üçün nəzərdə tutulmuş binadan 3 otaqlı mənzil də verilib”.
“MTN işi” ilə bağlı iddia
Media üzərindən apardığımız araşdırmalar zamanı o fakta da rast gəldik ki, “MTN işi” ilə əlaqədar “vurulacaq” məmurlar sırasında Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun da adı var. Bu haqda məlumatda bildirilir ki, zaman-zaman özünü sabiq nazir Eldar Mahmudova yaxın fiqur kimi göstərən və hətta qanuni yuxarı instansiyaların göstərişlərini belə qulaqardına vurma cəsarəti nümayiş etdirən Tahir Kərimov bu gün çətin duruma düşüb və vəzifəsindən alınacağı günü gözləməkdədir. Qeyd edək ki, düz il yarım əvvəl Tahir Kərimov MTN-dən təlimat aldığını dolayı yolla etiraf da etmişdi. Belə ki, rayonda yerli sahibkarlara divan tutmasını MTN-dən aldığı təlimatlar əsasında icra etdiyini söyləyən başçının həmin ifadələrini xatırlatmaq yerinə düşər: “Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunacağını deyən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov deyib: “Bu günlərdə Azərbaycanın Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və öz başına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Milli Təhlükəsizlik Nazirliyinin sərəncamını icra etməməliyəm?””.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.