Ağcabədidə büdcə pulları talan edilib... - Başçıdan Bakıya edilən şikayətlər isə geri qayıdır

26-11-2015, 10:29   
Ağcabədidə büdcə pulları talan edilib... - Başçıdan Bakıya edilən şikayətlər isə geri qayıdır

“2014-cü ildə Ağcabədi rayonunda tikilən məktəblərin heç birində sığınacaq qurulmayıb. Bunun üçün ayrılan pullar mənimsənilib.Məktəb binaları bərbad haldadır.

Ötən il Hüsülü, Muğanlı, Təzəkənd, Minaxor, Arasbar, Qiyamadınlı, Mirzaverdili, Kürdlər, Kəhirli və Şərəfxanlı kənd yollarının əsaslı təmirinə 5 milyon manat pul ayrıldı. Ancaq gəlin kəndlərin yollarına baxın, bərbad vəziyyətdədir. Qarqar çayının üstündən körpü salınmalı idi. O da olmadı. Başçı deyir ki, pul tükənib. Rayonun Avşar, Salmanbəyli, Taymaq, Hacıbədəlli və Şənlik kəndlərinin də yolları bərbad haldadır. Başçı yenə deyir ki, pul yoxdur. Bəs bu ayrılan pullar hanı?”

Bu sualı Ağcabədi rayonunun Avşar kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elqayıt Kərimov verir.

Onun sözlərinə görə, Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək kəndlilərdən alınıb və hansısa şirkətə satılıb. Rayonun Kəbirli kəndində də 2800 hektar torpaq sahəsi bu yolla satılıb.

Sahibkarın növbəti iddiaları isə bundan ibarətdir ki, Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindən 3 ədəd artezian quyusundan 16 km su kəməri çəkilib:“Məmurlar artezian quyularını çobanlara satıblar. 16 kilometr uzunluğunda çuqun boru isə çıxardılıb və 1 milyon manata satılıb. Qaradolaq, Mehrablı, Yeniqaradolaq və Aran kəndlərinə içməli su üçün külli miqdarda vəsait ayrılsa da heç bir iş görülməyib.

Bundan başqa, Hüsülü-Qiyamadınlı yolunun təmirinə 5 milyon manat pul ayrılıb. Yolun təmiri Ağcabədi rayon yol-tikinti idarəsi tərəfindən görülüb. Ancaq sənədlərdə təmir işlərinin başçıya məxsus olan “Fərid MMC” tərəfindən həyata keçirildiyi göstərilib və bu yolla təmirə ayrılan pullar mənimsənilib. Yolda çayın üzərindən körpü tikilməsi nəzərdə tutulsa da bu iş görülməyib”.

Elqayıt Kərimov prezidentə və baş prokurora da müraciət edib. Abadlıq üçün ayrılmış vəsaitlərin rayon məmurları tərəfindən mənimsənildiyini bildirib. Qeyd edib ki, abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara gördürüblər: “Ayrılmış pulları isə qatlayıb ciblərinə qoyublar”.

Sahibkar iddia edir ki, 2013-cü ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilib. Ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirilib.

E.Kərimov yazır ki, bu pullar heç bir iş görülmədən saxta sənədlər tərtib olunmaqla ciblərə ötürülüb. Bu barədə müvafiq orqanlara yazılan şikayətlər isə ört-basdır olunur: “Dövlət orqanlarına yazdığımız şikayətləri araşdırılmaq üçün Ağcabədi Rayon İcra Hakimiyyətinə göndərirlər. Korrupsiya faktı olduğu halda məktublar Əmlak Məsələləri Dövlət Komitəsinə, Ağcabədi Rayon Prokurorluğuna və Ağcabədi Rayon İcra Hakimiyyətinə göndərilir. Halbuki elə şikayətlərimiz həmin qurumlardandır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.