Uşaqları müalicə etməli olan bu xəsətəxananın özünün “müalicəyə” ciddi ehtiyacı var - FOTOFAKT

1-12-2015, 11:38   
Uşaqları müalicə etməli olan bu xəsətəxananın özünün “müalicəyə” ciddi ehtiyacı var - FOTOFAKT

Azərbaycanda təmirli, hər cür şəraitlə təmin edilmiş, müasir standartlara cavab verən xəstəxanalarla yanaşı, istifadəyə tam yararsızları, qəzalı, bərbad vəziyyətdə olanları da az deyil. Belə səhiyyə müəssisələrindən biri də Şəki Birləşmiş Uşaq Xəstəxanasıdır. Bu səhiyyə müəssisəsində nəinki xəstələr, hətta burada çalışan tibbi personal da daim təhlükə altındadır.

Bu barədə redaksiyamıza şikayət edən Şəki şəhər sakini Rahim Vəliyev yazır ki, uşaqları xəstələnərkən Şəki Birləşmiş Uşaq Xəstəxanasına qorxu içində aparırlar, çünki qəzalı binanın hər an başlarına uçacağından ehtiyat edirlər: “Məsələ xəstəxananın təkcə qəzalı vəziyyətdə olmasında deyil, Şəki Birləşmiş Uşaq Xəstəxanası həm də baxımsızlıqdan əziyyət çəkir. Xəstəxananın xarici görünüşünün bərbad vəziyyətdə olması əslində xəstəxananın daxilindəki vəziyyətdən də xəbər vermiş olur. Çünki xəstəxananın içərisi də bərbad vəziyyətdədir. Tibb müəssisəsində istilik sisteminin olmaması səbəbindən şöbələr az qala “morqa” çevrilib. Yeməkxana isə istifadəyə yararsızdır. Acınacaqlı vəziyyətdə olan xəstəxanadakı antisanitariya səbəbindən, oranın özündə yolxucu xəstəliklərin yayılmasına şəraət yaradır.
Məhz şəraitsizliyin, müasir tibbi avadanlıqların yoxluğu, dərman preparatlarının çatışmaması və antisanitariyanın baş alıb getdiyi bu xəstəxanada (əgər bura xəstəxana demək mümkündürsə), körpələrin həyatı birbaşa təhlükə altındadır. Xəstəxananın qəzalı vəziyyətdə olması və içərisinin bərbad vəziyyəti körpələrimizin orada qalıb müalicə olunmasına çətinliklər yaradır. Bu, xüsusilə, payız və qış fəslində, yağıntılı və soyuq hava şəraitində daha çox hiss olunur. Xəstəxanada şəraitsizlik o həddə çatıb ki, palataya yerləşdirilən xəstələr üçün yorğan-döşəyi, elektirik peçini, yaxud odun peçinə odunu, otağın işıqlandırılması üçün elektrik lampasını və digər zəruri ləvazimatları da özümüzlə aparmaq məcburiyyətində qalırıq. Qəzalı vəziyyətdə olan bina toz-torpaq içindədir. Hər tərəf uçuq-sökük, otaqlar rütubətli, nəfəs almaq isə olduqca çətindir. Burada müalicə olunan uşaqlar daha ağır xəstəliklər tapa bilər. Bu şəraitsizlik bizlərin yerli səhiyyəyə olan inamını heçə endirir, nəticədə, əksər şəhər sakinləri uşaqlarının normal tibbi müalicə alması üçün ya qonşu rayonlara, ya da paytaxta üz tuturlar.
Doğrusu, xəstəxanada çalışan tibbi personaldan şikayətim yoxdur. Onlar şəraitsiz və bərbad vəziyyətdə olan binada belə, hər bir pasiyentə xüsusi diqqət və gülərüzlə yanaşaraq, xəstələrin ehtiyaclarına uyğun lazımi köməkliyi və tibbi xidməti göstərirlər. Nə gizlədim, bəzən onlara təmənnasız xidmətlərinə qarşılıq olaraq, məcburi verdiyimiz 1 manata belə qane olurlar.
Lakin çox təəssuf ki, dövlət büdcəsindən maliyyələşən xəstəxanada vəziyyət getdikcə daha da pisləşir. Bəs o zaman xəstəxananın baş həkimi İmran Əliyev hara baxır? Yaxud, Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev rayon ictimaiyyətini narahat edən səhiyyənin bu acınacaqlı vəziyyəti barədə nə fikirləşir? Yeri gəlmişkən onu da deyim ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması rayon əhalisini son vaxtlar ən çox narahat edən məqamlardan biridir. Görəsən, Şəkinin xəstəxanalarındakı dözülməz şəraitdən səhiyyə naziri cənab Oqtay Şirəliyevin xəbəri varmı?”
Şikayətçinin məktubundan və göndərdiyi şəkillərdən də göründüyü kimi, xəstəxana olduqca bərbad vəziyyətdədir. Xəstəxanada daha ciddi nöqsanların mövcud olduğunu iddia edən R.Vəliyevin bildirdiyinə görə, tibb müəssisəsində yaşanan neqativ halların başında xəstəxananın baş həkimi İmran Əliyev dayanır: “O, vəzifə səlahiyyətindən sui-istifadə edərək, rəhbəri olduğu xəstəxananın uçub-dağılmasına göz yumur. Bu da valideynlərin haqlı narazılığına səbəb olur. Hesab edirəm ki, dövlət müəssisəsinin belə bərbad vəziyyəti rüsvayçılıqdır. Əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək üçün xəstəxananın əsaslı təmirə və müasir avadanlıqlara ciddi şəkildə ehtiyacı var. Reanimasiya, mədə-bağırsaq və digər şöbələr də bərbad vəziyyətdədir. Baş həkim İ.Əliyev vəziyyətdən çıxmaq üçün reanimasiya şöbəsini ötən il kosmetik təmir olunmuş yolxucu şöbəyə köçürüb. Məhz buna görə də xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi keyfiyyətsiz və aşağıdır. Səhiyyə Nazirliyinin bu vəziyyətə hansı reaksiya verəcəyini maraqla gözləyirik. Ümid edirəm ki, hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev bu barədə ciddi tədbirlər görəcək”.
Ölkənin səhiyyə sistemində belə problemlərin hələ də mövcud olduğu bir vaxtda Azərbaycanda sağlam gələcəyimizdən danışmaq çox çətindir. Bu cür şəraitdə müalicə alan uşaqların gələcəkdə sağlam böyüməsi isə şübhə doğurur. Ona görə də təkcə paytaxt və ətraf rayon mərkəzlərində deyil, ucqar bölgələrimizdə də yeni və müasir standartlara cavab verən səhiyyə ocaqlarının tikilməsi vacibdir. Və nəzərə alsaq ki, hər il dövlət əhalinin sağlamlığı keşiyində durmaları üçün səhiyyəyə milyonlarla manat vəsait ayırır, lakin bunun fonunda 2016-cı ildə türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şəkidə isə hələ də bu ada yaraşmayan səhiyyə ocağı var, doğrusu, deməyə söz tapmırsan...
Məsələ ilə bağlı Şəki Birləşmiş Uşaq Xəstəxanasının rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq




.\\tezadlar.az\\
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.