İmişlidə Saleh Səmədov kabusu: bazarkomluqdan siyasi rəhbərliyə və bu günün spirti…

1-12-2015, 23:58   
İmişlidə Saleh Səmədov kabusu: bazarkomluqdan siyasi rəhbərliyə və bu günün spirti…
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sabirabad ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri Saleh Səmədov haqqında redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu məlumata keçməzdən öncə bildirək ki, cumhuriyyet.az olaraq adıçəkilən məmur haqda media üzərindən də ayrıca araşdırmalar apardıq və bu araşdırmalar zamanı əldə etdiyimiz məlumatlar da kifayət qədər maraqlıdır.
Hər şeydən öncə onu bildirək ki, S.Səmədov keçmiş icra başçısı Əbülfəz Ağayevin dövründə icra başçısının müavini olmasına bağmayaraq rayonun hakimi-mütləqi sayılıb.Ümumiyyətlə cumhuriyyet.az olaraq mediada bu vaxtadək yer alan məlumatlar əsasında onun karyerası haqda ümumi xranologiya əldə etdik və buna qısa ekskurs etmək sizə də maraqlı olar. Saleh Səmədov 1962-ci ildə anadan olub. Bioqrafiyasında Azərbaycan Xalq Təsərrüfatı Institutunu və Azərbaycan Respublikası Prezidenti yanında Ali Idarəetmə Akademiyasının məzunu olduğu qeyd edilib. 1992-2003-cü illərdə Respublika Bazarlar İdarəsinin rəisi, Bakı Baş Ticarət Idarəsi rəisinin müavini, Səbael rayon Ticarət və Ictimai Iaşə Idarəsinin rəisi, Nərimanov rayon Ticarət Departamentinin rəisi, Bakı şəhəri Ekspertiza və Sertifikatlaşdırma Idarəsinin rəisi vəzifələrində çalışıb..Vəzifə tutmaq, hakimiyyət “olimpinə” dırmaşmaq işinin əsas qayəsi olub. Nəhayət istəyinə çatıb. Qısa müddət ərzində Imişli Rayon Məşğulluq Mərkəzinə direktor təyinatı alır. Bu, elə də yüksək və “daş-başlı” post deyil, sadəcə növbəti vəzifələr üçün tramplin rolu oynaya bilərdi. Elə belə də olur. Bir il sonra S.Səmədov Imişli Rayon Icra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini təyin edilir. Daha geniş spektrdə fəaliyyət göstərmək naminə siyasi hakimiyyətdən dayaq qazanmaq üçün S.Səmədov son üç parlament seçkisində naşılıqla olsa da siyasi proseslərə müdaxilə edib. 2005-ci ildə namizədlərdən birinin müdafiəsi üçün yaratdığı komanda, digər namizədin seçki qərargahı üzvlərini provokasiyaya çəkməsi ilə nəticələnib. Bununla da o, iş adamı olan “şanslı namizədin” deputat mandatı qazanmaq arzusunu ürəyində qoyub. 2010-cu il seçkilərində isə Saleh Səmədov İmişli Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşı Sahib Səmədovla birgə 79 saylı Imişli Seçki Dairəsi üzrə “AXCP-Müsavat” bloku tərəfindən irəli sürülmüş İltizam Əkbərlinin namizədliyinin müdafiəsi üçün imza vermiş seçicilərin qapısına gedərək, onlara hədə-qorxu gəlməklə, bəzilərini isə maşına basıb zavoduna aparmaqla, orada mənəvi-psixoloji təsir göstərməklə vətəndaşları verdikləri imzalarından imtinaya cəhd göstərib. Təzyiqə məruz qalanlar Imişli Rayon Prokurorluğuna müraciət edib, lakin ortada kifayət qədər sübutlar olmasına baxmayaraq, barəsində heç bir tədbir görülməyib. Bu ilki seçkilərdə isə onun adı siyasi bazarlaşma olayında hallandırıldı.
Əbülfəz Ağayevdən sonra İmişli rayonuna rəhbər təyin olunan Vilyam Hacıyev S.Səmədovu müavin postundan uzaqlaşdırsa da illərin təcrübəsi onun vəzifəsiz qalmasına yol vermədi. Rayon sakinlərin bildirdiyinə görə, S.Səmədovun arxasında Prezident Administrasiyasında zona kuratoru Dəyanət Abdullayev durur. Bəlkə elə bu səbəbdəndir ki, icra başçısının müavini postundan vurulduqdan sonra S.Səmədov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sabirabad ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsinə keçir. Maraqlıdır ki, bu posta təyinatının ilk günlərindəcə S.Səmədovun adı qalmaqallarda hallanmağa başlandı. Bununla bağlı cumhuriyyet.az mediada o zaman yayılmış məlumatları xatırladaraq bildirir ki, komitə sədri Ramiz Həsənovun yaxın adamı olmasını hər addımında xatırladan S.Səmədo sahibkarlardan haqq tələb etməsi ilə ad çıxarmışdı. Onu da bildirək ki, sahibkarların qənimi kimi medianın gündəminə gələn dən S.Səmədovun öz də sahibkardır. Bəli dövlət məmuru qanunazidd olsa da sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə ki, cumhuriyyet.az olaraq araşdırmamız zamanı ol məlumata da rast gəldik ki, S.Səmədov 2003-cü ildə “Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi – Imişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Deyilənə görə, zavodu həmin vaxtlar Milli Məclisin deputatı olan Musa Musayevlə birgə idarə edirmiş. M.Musayev Naftalan şəhər icra hakimiyyəti başçısı təyin olunanda onu özünə müavin götürür. “Araz” MMC indi də onun nəzarəti altındadır. Şirkətin yaratdığı zibilxana isə sakinlərə göz dağıdır. Bununla bağlı aidiyyəti qurumlara müraciətlər isə cavabsızdır. Amma indi yayılan məlumatlar tamam fərqli və daha böyük qanunsuzluqlarla bağlıdır. Belə ki, S.Səmədovun sahibi olduğu və rayonda fəaliyyət göstərən “Araz MMC”-yə məxsus olan, spirt, araq, konyak və müxtəlif şirələr istehsal edən zavod mərkəzi qaz xəttindən oğurluq da edirmiş. Belə ki, rayon qaz idarəsinin əməkdaşları Saleh Səmədovla anlaşaraq zavoda mərkəzi xəttdə oğurluq boru çəkdiribmiş. Və uzun illər boyu dövlət məmuru olmasına baxmayaraq, bizneslə məşğul olan Saleh Səmədov oğurluq qazla “qaz vurub qazan doldururmuş”. Daha doğrusu oğurluq qazla spirt çəkib butulkalara doldururmuş. Mənbə bildirir ki, bir neçə gün əvvəl keçirilən yoxlmalar zamanı məlum olub ki, Salah Səmədova məxsus zavoda rəsmi dövlət qurumu tərəfindən qeydiyyata alınmamış əlavə qaz xətti çəkilib.Bu faktın qeydiyyata alınmasından dərhal sonra İmişli rayon Qaz İstismar Sahəsinin Yasəf adlı rəisi dərhal işdən azad edilib. Zavoda isə oğurluq qaz xəttinin çəkilməsi ilə bağlı cərimə tətbiq ediləcəyi bildirilib. Lakin Saleh Səmədova hələ də gözün üstə qaşın var deyən yoxdur. Çünki İmişlidə Saleh Səmədov nə etsə, məhz “standarta” uyğun edir. Belə ki, mənbənin bildirdiyinə görə dövlətə küllü miqdarda ziyan vurmasına və İmişli rayon Qaz İstismar Sahəsinin Yasəf adlı işçisinin işdən qovulmasına baxmayaraq. hansısa sehirli çubuq vasitəsi ilə Saleh Səmədov oğurluq qaz xəttini yenidən bərpa edib. Cərimədən isə söhbət gedə bilməz. Çünki rayonda standartlara uyğun olmayan hər şeyin hesabı Saleh Səmədovdan soruşulur. Və yəqin ki, İmişli rayon Qaz İstismarı idarəsinin rəisinin standartlara uyğun olmayan nələrisə olub ki, Saleh Səmədov üçün qeyri-standart qaz xəttini yenidən bərpa edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.