Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın əri və oğlu ölkəni tərk etməyə çalışarkən saxlanılıblar.
Bu məlumatı Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus yayıb. Xəbərə görə, M.Əzizovanın əri Eldar Əzizov və onun oğlu Camal Gürcüstanla sərhəddə tutulublar.
Mətanət Əzizovanın anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı virtualaz.org saytına açıqlamasında xəbəri təsdiq edib.
Hüquq müdafiəçisi deyib ki, kürəkəni ilə nəvəsi Gürcüstana gedəndə sərhəddə saxlanılıblar: "Onları saxlayan sərhədçilər deyiblər ki, sizin ölkədən çıxmağınıza icazə yoxdur. Konkret səbəb isə göstərilməyib. Sadəcə deyiblər ki, bu, prokurorluğun göstərişidir".
Qeyd edək ki, Mətanət Əzizovanın adı Leyla Yunusun məşhur "erməni işi"ində hallanır. M.Əzizova bu işlə bağlı bundan əvvəl prokurorluqda iki dəfə dindirilib, MTN isə onun evində axtarış aparıb. M.Əzizova hazırda xaricdədir. Onun harada olduğu bilinmir, daha doğrusu, ailə üzvləri tərəfindən gizli saxlanılır. Yalnız o bildirilir ki, hüquq müdafiəçisi xaricə iki aylıq seminara gedib.