Məlum olduğu kimi, tanınmış teleaparıcı, “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı Xəqani Hüseynovun evini sökdürməsi ilə bağlı yayllan xəbərlərə aydınlıq gətirib.
Teleaparıcı "Bütün bu işlər Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələdir və bu işin mənim adımla hallandırılmasını başa düşmürəm. Qanun şahdır, İcra hakimiyyəti varsa, mən kiməm"-deyərək əslində, vətədaşın evinin sökülməsinin məsuliyyətinin İcra hakimiyyətinə aid olduğunu bildirib. X.Hüseynov isə dəfələrlə açıqlamasında bildirib ki, evinin sökülməsinə Abşeron Rayon İcra Hakimiyyətinin tikintiyə nəzarət müfəttişi Seymur Məmmədov rəhbərlik edib. Aznews.az xəbərin ilk yayıcısı olaraq qarşı tərəfin də mövqeyini öyrənmək üçün S.Məmmədova müraciət edib.
Virtualaz.org həmin müsahibəni təqdim edir:
- Seymur müəllim, vətəndaş Xəqani Hüseynovun evi hansı səbəbdən sökülüb?
- Bəlkə, siz bizim idarəyə bir zəhmət çəkəsiniz...
- Lazım olsa idarəyə də gələrik. Amma əvvəlcə sualımıza cavab verin, zəhmət olmasa...
- Evi Yeni Şəhərsalma Məcəlləsinə uyğun tikməyib, layihədən kənara çıxıb.
- Amma ortada icra başçısının sərəncami, eskiz layihəsi var...
- O sərəncamı oxuyun görün orda nə yazılıb. Sərəncamda yazılır ki, qaydaları pozmamaq şərtilə tikilməlidir.
- Layihəyə uyğun gəlməyəndə evi tamamilə sökürlər?
- Bəli, tam sökülür.
- Siz bilirsinizmi ki, evin söküntüsü məhkəmə qərarı ilə və məhkəmə icraçıları tərəfindən aparılır?
- Mən bilirəm ki, bizim o evləri sökmək ixtiyarımız var.
- Deyirsiniz ki, ev layihəyə uyğun tikilmədiyinə görə sökülüb. İndi yenidən ləyihəyə uyğun tikə bilərmi?
- Yox, daha tikə bilməz.
- Niyə?
- Onlar layihəyə uyğun ev tikməyib. Orda bir ev təsdiqlənib, onlar üç ev tikiblər. Vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün minimum 3 sot torpaq sahəsi olmalıdır. Bunlarda 5 sot 19 kvadrat yerdir.
- Xəqani Hüseynov bildirir ki, evinin materialları icra hakimiyyətin işçiləri tərəfindən satılıb.
- O, çox söz deyə bilər. Biz onlara dəfələrlə müraciət etdik ki, materialları götürün oradan.
- Bəs həmin materialları kim aparıb? -Daşıyıb tökdük zibilxanaya, onun materialı nəyimizə lazımdır ki?
- Həmin yer “Çıxarış”la – qanuni sənədlə onundur, mülkiyyətidir. Sizin ixtiyarınız varmı kiminsə həyətindəki materialları aparıb zibilxanaya tökməyə?
- Yerlərini aparmamışıq ki. Yer yerindədir də.
-Daşın həmin yerdə qalmağının nə ziyanı var idi ki?
- Biz buna deyirik ki, evi sök çıxart, olmaz belə tikmək. Biz birinci dəfə sökdük və bir daşı da tərpətmədik. Onlara dedik ki, daşı “ukladka” edin bir tərəfdən. Daş orda qalandan beş gün sonra yenidən tikinti aparmağa başlaya bilərlər. -Həmin materialların hara aparılmasından bu adamın xəbəri var? -Bəli, xəbəri var.
- Xaqani Hüseynov deyir ki, siz bildirmisiniz ki: “Mən əmrə tabe adamam, gedin Xoşqədəm Hidayətqızı ilə razlaşın”...
- Elə söhbət olmayıb, yalan deyir. O Xəqanı Hüseynovun evi deyil. Bu adam maklerdir.
- Ümumiyyətlə, bu evin söklüməyinin Xoşqədəm Hidayətqızı ilə hansı əlaqəsi var?
- Mən Xoşqədəm Hidayətqızını televizorda görmüşəm. Onu tanımıram. Biz Xoşqədəm Hidayəqqızının “zakaz”ıyla ev sökmürük. Onlar evin bünövrəsini tökəndə xəbərdarlıq etmişəm, işçilər göndərmişəm ki, qardaş, belə ev tikmək olaz. Evləri bir birinə yapışdırırlar. Elə şey olur?
- Amma bizə təqdim olunan videogörüntülərdən aydın görünür ki, həmin ərazidə tikilən evlərin əksəriyyəti bir-birinə bitişik tikilir...
- Görüntüdə 6 ev və 10 sot torpaq var, hamısı da özlərinindir. Bunlar ev alverçisidirlər, Xırdalanda da 1-2 sotda ev tikib camaata sırıyırlar. Xırdalandan çıxartmışıq, indi gediblər Saraya. Bu adamlar vətəndaşları aldadırlar, dələduzdurlar.
- Əgər dələduz idilərsə, onda icra başçısı niyə bu adamlara tikintiyə sərəncam verirdi.
- Bu sualın mənə aidiyyəti yoxdur.