Lukaşenko "açdı sandığı, tökdü pambığı"...

22-05-2014, 16:41   

Belarus prezidenti Aleksandr Lukaşenko qalmaqallı rusiyalı teleaparıcı Kseniya Sobçakı Minskdəki rezidensiyasında qəbul edib və onunla çox açıq söhbət aparıb.

Lukaşenko Sobçakla söhbətində istər şəxsi həyatı, istərsə də siyasət barədə suallarına səmimi cavablar verib. Onun indiyədək belə müsahibəsi olmamışdı...

Müsahibədə Putinin boşanmasından tutmuş Lukaşenkonun arvadı ilə niyə ayrı yaşamasına, müxalifətə və Belarus prezidentinin şəxsi kapitalına qədər ən müxtəlif mövzulara toxunub.

Lukaşenko ilə Sobçak arasında 3 saata yaxın davam edən söhbəti Rusiyanın “Dojd” telekanalı mayın 21-də axşam efirə verib. Virtualaz.org müsahibədən seçmələri təqdim edir:

Lukaşenkonun yanında oturan gözəllər haqda...

“Xokkey çempionatının açılışında sizinlə oturan o gözəl qız kim idi?” - deyə K.Sobçak Lukaşenkodan soruşub.

Belarus prezidenti deyib ki, bu qızlar onunla iki ildən çoxdur işləyir: “Protokol xidmətində çalışırlar. Onlar gül gətirirlər. Orada olduqca və olduqca gözəl qızlar işləyirlər. Mən tədbirlərdə “morda”sı sallanan qaraqabaq məmurlarla oturmağı xoşlamıram. Bir tərəfdə oğlum, o biri tərəfimdə qız. Xahiş edirəm, gəlib otururlar. Yanımda həmişə qızlar olur.

Budur, sonuncu dəfə Polina ilə oturmuşdum. Mən onu 12 ildir tanıyıram. Bir dəfə balaca şəhərlərdən birinə getmişdim, o, mənə gül vermişdi...

Daşkanı isə iki ildir tanıyıram. Əgər mənim belə qızım olsaydı, bu artıq “krışadan yuxarı” olardı...”

Belarus prezidenti bildirib ki, qızlar özləri onları xokkeyə aparmağı xahiş edirlər, deyirlər ki, olarmı sizinlə oturaq...

Görəsən, Putin niyə boşanıb?

Lukaşenko boşandığı haqda şayiələri təkzib edib: “Mənim arvadım öz köhnə yaşayış yerində, Şklovada yaşayır. Mən boşanmamışam. Biz onunla çoxdan birlikdə yaşamırıq, o, abırlı, düzgün adamdır. Bilirsiniz Putin niyə boşanıb? Bəlkə bunu başqa adam istəyib. Bilmirəm, hansısa qız, yaxud qadın. Prezidenti də sıxışdırmaq olar...”


“Yaxşı ki, müxalifətçilərə xaricdən pul verirlər...”

Belarus prezidenti müxalifətə münasibətinin necə olduğu haqda da danışıb: “Müxalifətçilik yaxşı qazanc mənbəyidir. Mən demirəm ki, orada təmiz adamlar yoxdur. Müxalifətdə müxtəlif adamlar var, görünür, yanlış yolda olanlar da var. Ancaq mən onların liderləri haqda demirəm. Müxalifət müxtəlifdir - “Həqiqəti de”, “Bahar”, “Xartiya”...

Xokkey üzrə dünya çempionatı ərəfəsində müxalifətə nəsə vermişdilər. Xüsusi xidmət orqanları bu barədə mənə məruzə etdi, mən isə dedim ki, axı onlar bu pulları xaricə çıxarmayıblar, Belarusda xərcləyiblər. Ev alıblar, maşınlarına benzin doldurublar. Yaxşı ki, onlara xaricdən pul verirlər, yoxsa Rusiyada olduğu kimi biz də onlara əlavə ödəniş etməli olardıq”.

Saakaşvili Lukaşenkonu necə müdafiə edirmiş...

Lukaşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin əslində Qərbdə onu ən çox müdafiə edən adam olduğunu deyib: “Heç kim Qərbdə Saakaşvili kimi bizim üçün vuruşmaıb. O, Amerikaya “sən” deyə müraciət edirdi, vitse-prezidentə, prezidentə deyirdi ki, onlar özlərini Belarusa qarşı düz apamırlar. Deyirdi ki, Belarusa qarşı heç bir sanksiyalar olmamalıdır, normal ölkədir, normal prezidenti var”.

Lukaşenkonun sözlərinə görə, Saakaşvili həmişə onu Gürcüstana səfərə dəvət edirdi: “Mən isə deyirdim ki, Mişa, mən Gürcüstana gələ bilmərəm, axı əlavə problem sənin nəyinə lazımdır... Rusiya rəhbərliyi bunu heç də normal qarşılamır. Gəl hansısa vaxtı gözləyək”.

“Bakiyev mənə zəng edib, ağladı...”

A.Lukaşenko Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev barədə də indiyədək heç vaxt demədiyi məqamları açıqlayıb.

2010-cu ildə Bakiyevə sığınacaq verməyə onu nə vadar etdiyi barədə suala Lukaşenkonun cavabı belə olub: “Sadəcə olaraq onu hamı atmışdı. O, Qazaxıstana qaçmışdı və balaca uşaqları qoltuğunda küçədə qalmışdı. Bakiyev mənə axşam zəng etdi, mən onunla əlaqə yarada bilmədim. Səhər tezdən isə zəng edib soruşdum: “Kurmanbek, orada sizdə nə baş verir?”

Və o ağladı və dedi: “Saşa, sən heç vaxt mənim dostum olmamısan, mən başqaları ilə dostluq edirdim. Ancaq bu gün faktiki olaraq meşədə gizlənməli olmuşam. Heç olmasa uşaqları xilas elə”.

Lukaşenko daha sonra deyib: “Həmin vaxt mən küçədə gedirdim, yanımda da onun oğlu yaşda olan oğlum. Və mən bunu təsəvvür etdim, sonra fikirləşdim ki, necə əclaflar varmış. Axı hər gün eyni fincandan çay içirdiniz, adamı niyə atmısınız. Sırf emosional olaraq, insani hisslərlə o qərarı verdim. Onu oradan çıxardım, təyyarə göndərdim və uşaqları ilə birlikdə bura gətirdim”.

“Berezovski heç vaxt özünü asmazdı...”

Lukaşenko Londonda intihar etdiyi deyilən yəhudi milyarder Boris Berezovskinin ölümü ilə bağlı da danışıb.

Deyib ki, o, Berezovskinin intihar etdiyinə heç vaxt inanmaz: “Mən onu yaxşı tanıyırdım. Berezovski həyatı, yaşamağı çox sevirdi, o, hətta mağarada, dilənçi kökündə də yaşamağa razı olardı, nəinki intihar etməyə”.

Bununla belə Lukaşenko Berezovskini kimin öldürə biləcəyi ilə bağlı hər hansı versiyasının olmadığını, Rusiya xüsusi xidmət orqanlarının bu işdə əlinin ola biləcəyinə dair heç nə deyə bilməyəcəyini bildirib.

“Hətta Putin də gəlsə, vuruşacam...”

Belarus prezidenti deyib ki, nə qədər ki o, dövlət başçısıdır, Ukrayna ssenarisinin onun ölkəsində təkrarlanması mümkün deyil. O, Ukraynanın Luqansk və Donetsk vilayətlərində keçirilən referendumun “heç bir əhəmiyyətinin olmadığını” və bu referendumu tanımadıqlarını bildirib.

Lukaşenko deyib ki, Putinin Ukraynanın şərqindəki separatçılarla Kiyev arasında dialoqa çağırması düzgün addımdır.

Rusiyanın Ukrayna kimi Belarusa da müdaxilə edə biləcəyinə dair suala cavabında Lukaşenko bildirib ki, bu elə də asan məsələ deyil: “Belarus torpağına əlində silah kim gəlsə, ona qarşı vuruşacam. Hətta Putin olsa da...”

Lukaşenko istəyir ki, onu kəndində basdırsınlar

Müsahibə zamanı Kseniya Sobçak Lukaşenkoya məşhur yazıçı, bu yaxınlarda vəfat edən Qabriel Qarsiya Markesin “Patriarxın payızı” kitabını verib.

Lukaşenko kitabı götürüb və etiraf edib ki, bu vaxta qədər Markesin heç bir kitabını oxumayıb. Sobçak isə ona kitabdan diktatorun xalqın ona münasibətinin əslində necə olduğunu öyrənmək üçün özünə yalandan dəfn mərasimi təşkil etməsi barədəki epizodu danışıb. Lukaşenkodan soruşub ki, o, öz dəfnini necə görmək istərdi.

“Mən getdikcə bu fikrə meyl edirəm ki, kənddə dəfn olunsam yaxşıdır. Kənddə mənə çox rahatdır. Kənd kiçik oğlumun da xoşuna gəlir. Biz onunla əkinə-biçinə gedirik. Ot biçirik, quruduruq. Şitil əkirik. Kartof, yerkökü əkmişik. Tezliklə gedib baxacam ki, əkinlə bağlı vəziyyət nə yerdədir”.

Lukaşenko deyib ki, növbəti seçkilərdə namizədliyini irəli sürməyə bilməz: “Birdən məndən sonra hər şey alt-üst olar”.

Belarus prezidenti özündən sonra prezidentliyə varisinin olmadığını da deyib: “İnsan özü yüksəlməlidir. Mən hakimiyyətdən dördəlli yapışmamışam. Hakimiyyətə layiq adam gəlsə, mən bundan çox xoşbəxt olardım”.

“Milyarder olsaydım, xalq məni adi dələduz sayardı...”

Belarus prezidenti deyib ki, o, başqaları kimi zəngin deyil: “Mən nəyə görə milyonçu, milyarder olmadım? Bəyəm mən həyat barədə, uşaqlarım barədə düşünmürəm? Ancaq mən bu yolla gedə bilməzdim. İnsanlar sənə belə etibar edir, sən isə adi dələduzdan başqa biri olmursan...”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.