Şamaxı rayonundan cumhuriyyət. az-a müraciət edən yerli sahibkar qeyd edir ki, ölkədə vəziyyət çətinləşdikcə bizlər də çalışdığımız sahə üzrə xeyli çətinliklərlə üzləşirik: “Əhalidə pul olmadığı üçün alver demək olar ki, yox səviyyədədir. Elə gün olur ki, bir manat belə alver edə bilməyib evlərimizə dönürük. Cənab prezident bütün çıxışlarında qeyd edir ki, ölkədə gördüyü bütün işlərin mərkəzində əsas olan insan faktorudur. Cənab prezident çıxışlarında deyir ki, bütün məmurlar gördükləri hər bir işdə birinci olaraq vətəndaşların mənafeyini gözləməlidirlər. Yəni çalışmalıdırlar ki, vətəndaşa ziyan vurmasınlar. Ancaq deyəsən cənab prezidentin bu sözünü yerli məmurlar elə söz olaraq da qəbul edir və öz bildiklərinə davam edirlər. Biz rayon polis şöbəsinin fəaliyyətindən şikayətçiyik”.
Rayondakı durumdan şikayətçi olan sahibkarlar bildirir ki, bu məsələ haqqında günlərin birində ölkə telekanallarından nümayəndələr dəvət edib öz etirazımızı bildirəcəyik. Məsələ burasındadır ki,şikayətçilərin iddiasına görə, polis ictimai aşayişi qorumalı olduğu halda işi ilə deyil, sahibkarlardan pul yığmaqla məşğuldir. Onların cumhuriyyet.az-a müraciətində deyilir: “Biz vergini, sosial fondu, yer pulunu, epidimstansiya həkimlərini, bazar pulunu başa düşürük ki, bunları verməliyik. Yaxşı bizləri başa salsınlar görək niyə, nə səbəbə sahibkar polisə günlük, aylıq pul verməlidir? Elə rrhamı gəlir ki, pul ver. Bircə nəfər bədbəxt sahibkarı fikirləşmir ki, bunun da ailə-uşağı var. Polis heç nədən çəkinmədən gəlib dirənir ki, pulu ver. Daha onları maraqlandırmır ki, alver olub, yoxsa yox. Biz dirəşən kimi deyir rəis göndərib. Hünərin çatırsa deyilən məbləği vermə. Səni fırladıb elə şərləyəcəklər ki, on qat xərcə düşəcəksən. Biz çalışırıq ki, şöbəyə düşməyək. Allah eləməsin, ora düşəsi olsan vay halına, həm əzişdirəcəklər, həm də olmayan, eləmədiyin şeyləri də boynuna qoyub iş açacaqlar. Son vaxtlar daha bu cür şəraitə dözə bilmirik. Burdan ölkə prezidentinə səslənirik ki, Şamaxı polisi ölkə qanunlarına hörmətsizlik edir. Şamaxı polisi rayon vətəndaşlarını hökumətdən, dövlətdən narazı salır. Rayonun əvvəlki rəisi hardasa adamı başa düşüb yola verirdi. İndiki rəis gələndən rayonun qara günləri başlayıb. Bu adam nə icra başçısını, nə də ki, heç kimi saymır. Biz əlaqədar qurumlardan bu məsələdə Şamaxı rayonuna dəstək olmağı xahiş edirik. Onsuz da bu məsələ yaxın günlərdə daha da ictimailəşəcək. Sonra deməsinlər ki, bu hansısa təxribatdır. Qoy hamı bilsin ki, bizi rayon polisi buna vadar etdi”.
Redaksiyadan:Məlumatı cumhuriyyət. az-a ötürən sahibkarın istəyinə uyğun olaraq onun kimliyini açıqlamadıq. Yazıda adı keçən şəxslərin və dövlət qurumlarının da fikirlərini dərc etməyə hazırıq. Eyni zamanda cumhuriyyet.az olaraq oxuculara bildirək ki, Şamaxı rayonunun polis rəisi Habil Əmiraslanovdur. Bundan öncə o, Oğuz rayonunun polis rəisi vəzifəsində çalışıb. Daxili işlər naziri, polis general polkovniki cənab Ramil Usubovun 15 may 2014-cü il tarixli əmrinə əsasən Habil Əmiraslanov Oğuz rayon polis rəisi vəzifəsindən azad edilərək, Şamaxı rayon polis şöbəsinə polis rəisi vəzifəsinə təyin olunub. Habil Əmiraslanovun Oğuz rayonunda polis rəisi olduğu müddətdə də onun haqqında dəfələrlə dövrü mətbuatda xoşagəlməz yazılar dərc edilib. Onun vətəndaşlara qarşı aqressiv olduğunu deyənlər var. Onu rüşvət və sifariş kimi məsələlərdə günahlandırıblar. Hazırda Şamaxı rayonunda yaşananlar və cənab rəis haqqında söylənilənləri müqayisə etdikdə belə nəticəyə gəlmək olur ki, Habil müəllim öz ampulasındadır və xidməti fəaliyyətində yaxşılığa doğru hər hansı dəyişiklik etməyib. Mövzunu diqqətdə saxlayacağıq.