Təhsil Şöbəsi müdirinin işdən çıxma səbəbləri bəlli olur
Rayon təhsil şöbələrində aparılan maliyyə yoxlamaları baş vermiş ciddi qanun pozuntuları, mənimsəmə faktları, israfçılıq hallarına yol verilməsini aşkarlayır. Son aylarda təhsildə milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi ilə məşğul olan 20-ə yaxın rayon təhsil şöbəsinin müdiri məsuliyyətə cəlb olunmayıb, sadəcə vəzifədən kənarlaşdırılıb.
Faktinfo.az saytının əldə etdiyi məlumata görə, Füzuli rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova da təsadüfən işdən çıxarılmayıb. Məlumata görə, Füzuli rayon Təhsil Şöbəsində aparılan yoxlamalar nəticəsində dəyəri yüz minlərlə manat olan inventarların alınması üçün ayrılan dövlət vəsaitinin havaya sovrulduğu müəyyənləşdirilib. Ayrılan vəsaitə dair inventarların alınması ancaq kağız üzərindən həyata keçirilib. Hazırda Füzuli rayonuna aid bütün məktəb direktorlarına tapşırılır ki, kitaba elə işləyin guya inventarlar alınıb. Bu məsuliyyətin altına isə bir çox məktəb direktorları girmək istəmir. Füzuli rayon məktəblərinə ayrılan yanacaq pulu da çoxdan silinib. Havaların soyuq keçməsinə baxmayaraq, rayon məktəblərində istilik yoxdur, şagirdlər soyuqdan əziyyət çəkir, üşüyürlər.
Faktinfo.az saytının əldə etdiyi məlumatlarda o da bildirilir ki, Füzuli rayonunun məktəblərində müəllimlərin işə götürülmə qaydasında da nöqsanlar aşkarlanıb. Vakant müəllim yerlərinə dair Təhsil Nazirliyinin apardığı imtahanlardan keçməyən və yaxud aşağı bal toplamış onlarla müəllim Füzuli rayon Təhsil Şöbəsi tərəfindən işə götürülüb ki, bunların da üstü açılıb, müəllimlərə yazılan məvaciblər maliyyə pozuntusu kimi qeydə alınıb. Analıq məzuniyyətinə çıxan müəllimlərə rayon təhsil şöbəsi tərəfindən ödənilməli aylıq məvaciblərin 3 ilə yaxın bir müddət ərzində verilməməsi də narazılıqlara səbəb olub. Hətta, 3 il ərzində ikinci və üçüncü dəfə analıq məzuniyyətinə çıxan şəxslər birinci analıq məzuniyyəti dövrünün pulunu almayıb, xəstəlik vərəqələri yığılıb qalıb.
Faktinfo.az saytına o da bildirilir ki, bütün bu çatışmazlıqlara rəğmən Almaz Həşimovanı Füzuli rayon İcra Hakimiyyətinin başçısı müdafiə etmək istəyib, amma bacarmayıb. Məlumat üçün onu da bildirək ki, növbəti yoxlamanın Cəbrayıl, Göy-Göl, Şəmkir rayon Təhsil Şöbələrini əhatə edəcəyi istisna olunmur.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.