Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun dəyişdirilməsinə hazırlıq prosesi başlanılıb. “Axar.az” xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə Müdafiə Nazirliyindəki hərbi mənbələrdən məlumat verilib. Məlumatda Sadıqovun yerinə əsas namizəd kimi hazırda Şəmkir hərbi birləşməsinin komandiri olan general-leytenant Rövşən Əkbərovun nəzərdə tutulduğu bildirilib. Mənbə deyib ki, məsələ nazir Zakir Həsənovla bir neçə dəfə müzakirə olunub. N.Sadıqovun bu dəyişikliyə etiraz etmədiyi qeyd edilib. N.Sadıqovun daha yüksək vəzifəyə gətiriləcəyi qeyd olunur. Eyni zamanda, ehtiyatda olan generallar Talıb Məmmədov və Qabil Məmmədovun yenidən Müdafiə Nazirliyi sisteminə qaytarılması barədə də danışıqlar getdiyi haqda məlumatla var. Xatırladaq ki, T.Məmmədov uzun illər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edib, müharibə illərində isə milli ordunun 708-ci briqadasının komandanı olub. Vaxtilə MN-də ən məlumatlı və təcrübəli zabitlərdən biri kimi tanınıb. Lakin 2003-cü ildən başlayaraq MN-in rəhbərliyi ilə aralarında yaranmış bəzi narazılıqlara görə MN mərkəzi aparatından uzaqlaşdırılaraq, əvvəl Pakistan İslam Respublikasındakı səfirlikdə hərbi attaşe vəzifəsinə, daha sonra isə nazirliyin Hərbi-Elmi Mərkəzinə (HEM) təyin olunub. General-mayor Qabil Məmmədov isə Bərdə hərbi birləşməsinin komandiri kimi mühüm bir vəzifədən çıxarılaraq əvvəl Qazaxıstandakı səfirlikdə hərbi attaşe, sonra isə MN Hərbi Elm Mərkəzində şöbə rəisi vəzifəsinə təyin olunub. “Doktrina” JHAM-a verilən məlumata görə, yaxın günlərdə polkovnik Rüfət Əmirovun da vəzifəsinin artırılması, onun SQ Baş Qərargahında mühüm vəzifəyə gətirilməsi gözlənilir. Xatırladaq ki, Əbiyev dövründə mülki olaraq Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi vəzifəsində çalışmış R.Əmirov bu yaxınlarda müdafiə naziri Z.Həsənovun əmri ilə yenidən hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsində təyin edilib.