Rus səyyah: “Rusiya məni sevdiyim ukrayn qızdan ayırıb”

23-05-2014, 09:34   
Rus səyyah: “Rusiya məni sevdiyim ukrayn qızdan ayırıb”
Dünya xəritəsindəki bir çox yaşayış məskənləri, materiklər, çaylar, adalar məhz səyyahların səyi nəticəsində kəşf olunub. Bu günün də səyyahları az deyil. Sadəcə, fərq ondadır ki, müasir səyyahlar sələfləri tərəfindən kəşf olunmuş yerləri gəzir, özlərinin dünyagörüşünü artırırlar. Bizim bu yazımızda haqqında bəhs etdiyimiz səyyah da dünyanı dolaşmaqda özünün bilmədiklərini, millətlərin, ölkələrin tarixini öyrənməklə uzun, lakin üzücü olmayan bir yolun yolçusuna çevrilir. O bu sahədə tək olmadığı üçün fəxr edir.Bu sahəyə bağlı olan təşkilatları da var.

Bir neçə gündür ki, Azərbaycandadır. Səyahəti zamanı yüzlərlə sürücünün köməyindən bəhrələnib.

Haqqında bəhs etdiyim səyyah Rusiyanın Sankt-Peterburq şəhər sakini otuz üç yaşlı DmitriVorontsovdur. Dediyimiz kimi, bu dəfə o məhz, Azərbaycanı daha da yaxından tanıyıb öyrənmək üçün uzun bir yolu qət edib.
Dima ilə Axar.az-ın redaksiyasında görüşdük. İlk sualımda elə onun işi ilə bağlı oldu.

-Bildiyimiz qədər səyyahsınız. Maraqlıdır, neçə ölkə gəzmisiniz?

-Demək olar ki, ondan çox ölkə gəzmişəm. Məsələn, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Gürcüstan, Çeçenistan, sizin qardaş ölkəniz Türkiyə, hazırda Azərbaycandayam və s... Hətta artıq ikinci dəfədir burdayam, keçən il Qazaxda olmuşdum.

Azərbaycan banditlər ölkəsidir

-Qazaxa qonaq dəvət ediblər, yoxsa?

-Bəli. Sizin azərbaycanlıları Gürcüstanın maşın bazarında görmüşdüm. Onlarla maraqlı söhbətlər edib tanış olmuşdum. Bilmişdilər ki, səyyaham, Qazaxa dəvət etmişdilər. Qazaxdan idilər. Düzdür, çox gəzə bilməyib, Gürcüstana qayıtmışdım. Elə o vaxtdan arzum idi ki, Azərbaycan gəlib daha da yaxından tanış olum. Bilirsiniz, bizim ölkədə bəzən Azərbaycanın adı çəkiləndə yalnız iki fikri söyləyirlər: “Banditlər ölkəsidir və Xəzər ölkəsidir”.

Əslində, Rusiyada...

-Siz artıq bir neçə gündür ki, Azərbaycandasınız və bir neçə regionugəzmisiniz. Sizcə, bura banditlər ölkəsidir?

-Yox, əlbəttə ki... Əksinə, mənə burda gəzib-dolaşmaq daha rahatdır. Mən deyərdim ki, bizim Rusiyada banditlər daha çoxdur. Hələ burda banditlə rastlaşmamışam. Sizin ölkə çox qonaqpərvərdir, qısa olaraq ancaq müsbət fikirlər deyə bilərəm. Bir sözdə deyim ki, Xəzəri çox sevirəm, orada çimmək istəyirəm. Birdə həm istəyim, həm də arzumdur ki, Rusiyada da Xəzər dənizi olsun.

Səyyah olduğum üçün...

-Ondan çox ölkə gəzmisiniz. Maraqlıdır, neçə ildir səyyahsınız?

-Artıq on ildir səyyaham və bu seçimi özüm etmişəm. Mənə xoşdur. Bəzən soruşurlar ki, yorulmursan, peşman deyilsən? Axı niyə peşman olum, əksinə, mən ölkələr gəzdiyimə görə zövq alıram. Hətta səyyah olduğum üçün həyatda özümü çox şanslı sayıram.

Sevdiyim qızı gətirib Azərbaycanda yaşayardım

-Səyahət etdiyiniz ölkələrdən ən çox hansı xoşunuza gəlib və orada məskunlaşıb yaşamaq istərdiniz?

-Düzünü desəm, Azərbaycan və Ukrayna. Azərbaycan çox gözəldir, mən təsəvvür etdiyimdən də artıq. Burada hər dayanacaqda avtobusun vaxtını dəqiq bilmək üçün monotor var, şəhərdə hara getmək istədiyini bilmək üçün xəritə asılıb, işıqfor, hər tərəfdə,hər addım başı internet klub, bahalı maşınlar, gecələri işıqlı, insanları qonaqpərvərdir, bir sözlə - çox gözlədir. Mən gecələr Bakı küçələrini gəzirəm, hər tərəf alışıb yanır. Sizin ölkə bizim ölkəyə nisbətən çox varlıdır. Bizdə isə bunlar yoxdur, hətta işıqfor belə deyil (gülümsünür). Həmdə Azərbaycanda pulsuz səyyahlıq etmək asandır, Rusiyada isə yox. Ukrayna isə sevdiyim qıza görə, xoşuma gəlib. Sevdiyim qız məni sevsəydi, onu da gətirib Azərbaycanda yaşayardım.

Rusiya iqtisadi cəhətdən çox kasıb ölkədir

-Öz ölkənizdən yaman narazısınız. Bilmək olar səbəbini?

-Bilirsiniz, Rusiya və Ukrayna hadisələrinə görə, mənim ölkəm məni sevdiyim qızdan ayırdı. Həm də baxıram da, sizin ölkədə olanlar bizdə yoxdur. Bayaq dediyim kimi, Rusiya iqtisadi cəhətdən çox kasıb ölkədir. Mən şəxsən Rusiya və Ukrayna arasında dövlət səviyyəsində baş verən hadisələrə çox pis oluram. Mənim Kiyev, Lvov, İvano-Frankovskda yaxşı səyyah dostlarım var ki, bütün bu baş verənlərə üzülürük, məcburən əlaqələrimizi kəsirik. 2014-cü ilin fevral ayında qərbi Ukraynaya səyahət etmişdim. Bir sürücünü saxlatmışdım, məni yolda qoymamışdı. Lvov sakinləri o sürücünü təhqir etmişdi ki, onlar bizim düşmənlərimizidir, məni təhqir etmişdilər. Ukrayna əhli bizi faşist adlandırır, hətta haqqımızda təhqiredici sözlərdə yağdırır.

Əlinə balta alıb üstümə cumdu ki, doğrayacağam

-Azərbaycan haqqında çox müsbət fikirdəsiniz, bu mənim üçün çox xoşdur. Bəs bu neçə gündə başınıza gələn maraqlı hadisə və ya rastlaşdığınız hansısa yadda qalan hadisə olub?

-Əlbəttə, olub (gülür). Deməli, burda da səyyah dostlarım var - Həmid və Həsən. Onlarla bir yerdə qalıram. Həmid əslən qubalıdır, məni Qubaya apardı. Orda bir nəfər mənimlə tanışlıq zamanı bilmişdi ki, rusiyalıyam, Həmidlə dalaşıb əlinə balta götürüb üstümə gəldi ki, bu dəqiqə bu əclafı doğrayacağam. Camaat bunu güclə saxlayıb, məndə bilmirəm məsələ nə yerdədir. Sonra sakitləşdi, söhbət etdim.... Deyir ki, Rusiyada sizin vəziyyətə baxanlar məni obyektimdə döyüb pulumu almışdılar, polisə şikayət etmişdim, özümü deportasiya etdilər. O-bu, sizin millətə nifrət edirəm, özümə söz vermişdim ki, harada rus görsəm vurub öldürəcəyəm. Amma sonra mənimlə dostlaşdı, evinə qonaq apardı.
İkinci maraqlı bir şey danışım, Qubada pir var, adını bilmirəm. Ancaq onu gördüm ki, Həmid və başqaları piri ziyarət edib, arzu tutub ağaca parça bağlayırlar ki, arzuları gerçək olsun. Mən isə vaxtın azlığından ağaca parça bağlaya bilmədim ki, arzum gerçəkləşsin.

Arzum sevdiyim qıza qovuşmaqdır

-Bilmək olarmı arzunuz nədir?

-Əlbəttə... Arzum sevdiyim ukraynqıza qovuşmaqdır, çünki o məndən ayrılıb. Rusiya və Ukrayna proseslərinə görə (sevdiyi qızın şəklini göstərir).

Pul kolleksiyası toplayıram

-Əlinizdəki pulları gəzdiyiniz müxtəlif ölkələrdən toplamısınız, yoxsa?

-Əksəriyyəti səyahət etdiyim ölkələrin pullarıdır. Amma səyyah dostlarımda hansısa ölkəyə aid olan pullardan mənə hədiyyə ediblər. Məndə saxlayıram. Demək olar ki, hər ölkəyə aid olan puldan kolleksiya toplayıram. Sizin puldan da var. (1 manat və qəpikləri göstərir).

Sizin pul avroya çox bənzəyir

-Bəs, ən çox xoşunuza gələn pul hansıdır?

-Malayziyanın və sizin pulda çəkilən rəsmlər çox xoşuma gəlir. Sizin pul avroya çox bənzəyir (pulun bənzərliyini göstərir).

Məni ingilislərə oxşadırlar

-Bu, sonuncu sualımdır, istəmirəm vaxtınızı alım. Azərbaycan haqda bu qədər müsbət fikirlər söylədiniz. Ola bilməz ki, xoşunuza gəlməyən nəsə olmasın. Varmı nəsə?

-Var! İnanın özüm deyəcəkdim, əgər soruşmasaydınız. Bilirsiniz, nə xoşuma gəlmir?! Burada məni tanımayanlar ingilislərə oxşadır. Elə bilirlər ki, ingilisəm. Bu da xoşuma gəlmir...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.