Deputat oğluna ölkədən çıxmaq qadağası ;Fərahim İlqaroğlunun döyülməsində adı hallanan A.Məmmədovun aeroportdan geri qaytarıldığı və istintaqda dindirildiyi iddia olunur; nazir oğlu ABŞ-da Məmmədovların gəmisini xilas edə biləcəkmi?
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədovun oğlu Aynar Məmmədov bugünlərdə ölkədən çıxarkən saxlanıb. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, Milli Məclisin əməkdaşı olan A.Məmmədova Bakı aeroportunun sərhəd xidmətindən deyilib ki, onun ölkədən çıxması mümkün deyil.
A.Məmmədov yaranmış vəziyyətdən ciddi əndişələnib, panikaya düşüb və təcili telefonla haralarasa zəng edib. Onun aeroportda tək olmadığı deyilir.
Qeyd edək ki, A.Məmmədov Milli Məclisin əməkdaşı olduğu üçün onun xidməti pasportu var. Amma buna baxmayaraq, deputat oğlu çox çək-çevir etmədən aeroportu tərk edib. Onun Avropa ölkələrindən birinə getmək istədiyi ehtimal olunur.
Qeyd edək ki, “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunun döyülməsinin əsas sifarişçisi kimi Aynar Məmmədovun adı hallanır. Ancaq bu müddətdə reportyorumuzu döyən Feyruz Termişidən başqa kimsə həbs edilməyib. Bu hadisədə iştirakı olanlar istintaqa cəlb edilməyiblər. Ən əsası - hadisənin sifarişçisi və cinayətin açılmasında həlledici rol oynaya biləcək Kikboksinq Federasiyasının üzvü Tural Bayramov tutulmayıb. Daha doğrusu, onu başqa bir işlə əlaqədar cəmi20 sutka inzibati qaydada saxlayıblar və artıq azadlıqdadır. Tural Bayramovun işçisi olduğu qeyd edilən federasiyanı isə Aynar Məmmədov qurub.
Cinayətin sifarişçisi kimi adı hallanan Aynar Məmmədov bu günə qədər bir cümləlik belə reaksiya verməyib. Jurnalistin döyülməsini sifariş verənin kimliyi gün kimi aydın olsa da, hüquq-mühafizə orqanları hələ də onu həbs etməyiblər. “Yeni Müsavat”ın öncə də yazdığı kimi, bir nazirin qardaşının oğlunun sui-qəsd sifarişçisi kimi tutuqlanması sadə məsələ deyil; bu səbəbdən də istintaqın müəyyən nəticələrə çatması üçün ölkə rəhbərliyinin siyasi qərarı lazımdır. Lakin A.Məmmədov və onun “Şilləvuranı” olan idmançı tutulmasa da, bu o demək deyil ki, onlarla bağlı hər hansı araşdırma aparılmır.
Redaksiyamıza məlumat verən mənbənin iddiası doğrudursa, A.Məmmədovun Bakıda çıxmasına qoyulan yasaq deputat oğlu ətrafında istintaq hərəkətləri aparıldığını təsdiqləyir. Bu qadağa bəzən qeyri-rəsmi qoyulur və bunun üçün Azərbaycan Dövlət Sərhəd Xidmətinə ya prokurorluq, ya da polis tərəfindən göndərilən telefonoqrama kifayət edir. Görünür, məhz bu səbəbdən A.Məmmədov onunla bağlı qadağadan xəbərdar olmayıb. Yeri gəlmişkən, mayın 20-də F.İlqaroğlu döyülməsi və bu işdə əsas şübhəlilərindən olan Tural Bayramov və Aynar Məmmədovun istintaqa cəlb edilməsi üçün prezident İlham Əliyevə müraciət edib.
Virtualaz.orğ saytı da “Yeni Müsavat”ın xəbərini təsdiqləyən daha bir sensasion məlumat yayıb. Saytın yazdığına görə, Aynar Məmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.
Hüquq-mühafizə orqanlarındakı mötəbər mənbəyə istinad edilən məlumatda bildirilir ki, DİN əməkdaşları Aynar Məmmədovu “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindiriblər. Xatırladaq ki, bu cinayət işinin araşdırılması Nizami rayonundan alınaraq, DİN-ə verilib. Mayın 13-də “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu jurnalistin döyülməsi ilə bağlı daxili işlər naziri Ramil Usubovla görüşüb. Baş redaktorla nazirin görüşündə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev də iştirak edib. Nazirin qardaşı oğlunun məhz DİN-in İstintaq İdarəsində dindirilməsi realdır.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə Aynar Məmmədovun Baş İstintaq İdarəsinə çağırılması ilə bağlı yayılan xəbərini birmənalı nə təsdiq, nə təkzib edib. Şöbə rəisi axar.az-a açıqlamasında deyib ki, Aynar Məmmədovun dindirilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Oğlu ilə bağlı son xəbərlərdən xeyli məyus olan və jurnalistlərə çox acıqlı açıqlamalar verən deputat E.Məmmədov da xəbərə reaksiya verib. Deputat “bu, tamamilə yanlış məlumatdır” deyərək telefonu söndürüb.
Qeyri-rəsmi məlumata görə, atası tərəfindən Aynara sosial şəbəkələrdən istifadə qadağan olunub, bahalı maşınlarla çəkdirdiyi fotolar səhifəsindən yığışdırılıb. Elton Məmmədovun oğlunun avtoşluq etdiyi avtomobilin də hələ DYP-nin cərimə meydançasında saxlandığı barədə xəbərlər var.
Məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov yaxınlarına xəbərdarlıq edib. Yaxın günlərdə onları hədəfə gətirən, adlarını hallanmasına səbəb olan əməllərə rast gəlsə, həmin adamları özünün cəzalandıracağı ilə hədələyib. Z.Məmmədovun təlaşını başa düşmək olar. Gələn həftə onun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov 28 May münasibətilə Vaşinqtonda böyük törən keçirməlidir. Bu işlə bağlı bütün hazırlıqlar görülüb və A.Məmmədovun artıq bir neçə gündür ki, okeanın o tayında olduğu bildirilir.
Son vaxtlar müxtəlif səviyyələrdə ciddi hücumlara məruz qalan Məmmədovların ABŞ-dakı tədbirə daha da ciddi önəm vermələrinin səbəbi aydındır. Anar Məmmədov bu işi ilə Məmmədovlara heç şübhəsiz plyus gətirəcək. Amma bütün Məmmədovların gəmisini xilas etmək mümkün olacaqmı?
Bəlkə elə Aynar Avropadan ABŞ-a getmək istəyirmiş..?