Həmsədrlər Laçın və Kəlbəcərdə qanunsuz erməni məskunlaşmasını "görmədilər"...

23-05-2014, 09:47   

Fikrət Sadıqov: "Bu cür mənasız bəyanatlar vermək bizə lazım deyil"
Bəyanatlardakı aldadıcı taktika və ziddiyyətlər ekspertlərin nəzərindən qaçmır


"Ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən orada məskunlaşmanın zəif olduğunu, digər tərəfdən isə..."
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov(Rusiya), Жak For (Fransa) və Ceyms Uorlik (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik regiona növbəti səfərlərinin yekunlarına dair bəyanat yayıblar.
Bəyanatda göstərilir ki, onlar 16-19 may tarixlərində, iyun ayından Fransanın yeni həmsədri olacaq səfir Pyer Andryu da daxil olmaqla, regionda səfərdə olublar. Səfərin əsas məqsədi onların mandatına uyğun olaraq, Dağlıq Qarabağ, Kəlbəcər və Laçın rayonlarında vəziyyəti nəzərdən keçirmək olub. Bu ərazilərə səfər müddətində onlar infrastrukturun inkişafının əlamətlərini müşahidə ediblər, amma son illərdə əhalinin artmasında dəyişiklik-demoqrafik tərkib dəyişməsini görməyiblər. Mayın 19-da həmsədrlər Tərtərə yaxın təmas xəttini keçiblər. Onlar atəşkəs rejiminin pozulması hallarının davam etməsindən və itkilərdən təəssüflərini ifadə ediblər. Digər tərəfdən, həmsədrlərin fikrincə, atəşkəs pozuntularının araşdırılması üçün mexanizmin olmaması tərəflərə onu bir-birinin boynuna qoymaq üçün imkan verir.
Həmişə olduğu kimi, bu dəfə də həmsədrlər cığal davranışlarından geri qalmayıblar. Məsələ ondadır ki, nəinki Laçın və Kəlbəcərdə, o cümlədən digər işğal olunmuş rayonlarda qanunsuz olaraq məskunlaşma siyasəti aparılır. Ən azından, Suriyadan olan ermənilərin məskunlaşması ilə bağlı zaman-zaman yayılan xəbərlər, konkret videogörüntülər buna əyani sübutdur. Başqa bir tərəfdən, Azərbaycan dəfələrlə bir sıra beynəlxalq qurumların toplantılarında ermənilərin apardığı qanunsuz məskunlaşma siyasəti barədə məlumat verib. Belə olan halda, həmsədrlərin işğal altındakı ərazilərdə demoqrafik vəziyyətin dəyişməsini görmək istəməməsinə nə ad vermək olar?
Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqov həmsədrlərin bu cür mövqe sərgiləməsini tənqid etdi. Onun fikrincə, onların son bəyanatı kifayət qədər ziddiyyətlidir: "Ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən orada məskunlaşmanın zəif olduğunu, digər tərəfdən isə infrastrukturun inkişaf etdiyini bəyan edirlər. Təbii ki, bu cür mövqeyin ortaya qoyulması ATƏT-in Minsk Qrupuna yaraşmayan hərəkətdir.
Çünki missiyanın əsas məqsədi problemi həll etmək, monitorinq keçirmək və həqiqəti üzə çıxarmaqdır. Yəni mövcud həqiqəti ictimaiyyətə çatdırmaqdan ibarətdir. Ancaq çox təəssüflər olsun ki, biz bunu görmürük. Bu cür mənasız bəyanatlar vermək bizə lazım deyil. Faktiki olaraq Laçın və digər rayonlar işğal olunub. Hətta xarici ekspertlərin məlumatlarına görə, Laçın və Kəlbəcər rayonlarında məskunlaşma var. Yaxın Şərqdən ora ermənilər gətirilir. Bunu bilə-bilə inkar etmək ATƏT-in ədalətsizliyindən xəbər verir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.