Avropa Rusiya-Çin qaz sövdəsinə görə böyük çöküş ərəfəsində...

23-05-2014, 09:48   

...Avropa Şurası Baş katibinin Bakıda önəmli bəyanatları....
Barrozunun Azərbaycana qəfil səfərinin pərdəarxası...

Azərbaycan Avropanın nicat qapısı kimi əla mövqelərə çıxır


Ukrayna böhranının yaxın perspektivdə həllinin görünməməsi Avropanı getdikcə daha çox narahat etməkdədir. Çünki bunun əsas təsirini Avropa payızdan etibarən hiss etməyə başlaya bilər. Söhbət Ukrayna ərazisi vasitəsilə Rusiya qazının Avropaya ixracının dayandırılmasının mümkünlüyündən gedir.
Artıq Avropa Komissiyası Ukraynada baş verən böhranla əlaqədar olaraq Avropa İttifaqına üzv ölkələri qışa qədər enerji sistemlərini qaz təchizatı ilə bağlı mümkün problemlərə hazırlamağa çağırıb. Almaniyanın "Deutsche Welle" qəzeti yazır ki, Avropa Komissiyası enerji sistemlərinin etibarlılığının əsasən gərginlik yoxlanışı vasitəsilə yoxlanmasını, həmçinin zərurət yaranacağı halda, təbii qazın strateji dövlət ehtiyatlarını artırmağı təklif edib. Qeyd edək ki, Avropa İttifaqı ölkələri tərəfindən bu hazırlıq Ukrayna və Rusiya arasında qazın qiyməti ilə bağlı gərginlik fonunda aparılır. Xatırladaq ki, bu yaxınlarda "Qazprom" ASC Ukrayna iyunun 3-dək qaza görə olan borcunu ödəməyəcəyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını elan edib. Rusiyanın qaz məsələsində özünü belə sərbəst aparması həm də Çinlə əldə olunan razılaşmanın nəticəsidir. Belə ki, Çinlə Rusiya arasında nəhəng qaz müqaviləsinə dair danışıqlar nəticə verib. "Qazprom"la Çinin Milli Neft-Qaz Korporasiyası CNPC arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya sonrakı 30 il ərzində Çinə ildə 38 milyard kubmetr qaz ixrac etməlidir. Müqavilənin ümumi dəyəri 400 milyard dollardan yuxarı qiymətləndirilir. İmzalanan müqavilədə qazın qiymətinin nə qədər göstərildiyi açıqlanmasa da, analitiklərə görə, Rusiya Ukrayna ətrafındakı vəziyyətə görə Avropa ilə münasibətlərini korladığından Çinə qiymət məsələsində güzəştə gedə bilər. Çinlə imzalanmış müqavilə Rusiyanın qaz ixracı üçün yeni imkanlar açır və qaz ixracı marşrutlarını diversifikasiya etməyə imkan verir. İndi Avropa Rusiya qazından imtina edərsə və ya onun alışında problemlər üzə çıxarsa, Kreml üçün böyük Çin bazarı var. Digər tərəfdən, bu müqavilə Rusiya ilə Çin arasında ittifaqı daha da möhkəmləndirəcək və Qərbə qarşı iki nəhəng dövlətin güclü tərəfdaşlığını formalaşdıran amillərdən biri olacaq. Belə vəziyyət isə Ukrayna məsələsində Moskvanın yenə də sərt siyasət həyata keçirməsinə imkan verəcək.
Görünür, elə bu səbəbdəndir ki, Amerikanın sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Zbiqnev Bjezinski Qərbi Rusiya ilə razılığa gəlməyə çağırır. O, Fransanın "Ekspress" jurnalına müsahibəsində Ukrayna böhranının həlli üçün Rusiya-Qərb danışıqlarının keçirilməsi təklifi ilə çıxış edib. Politoloq qeyd edib ki, Ukrayna bu halda NATO-ya daxil olmadan Avropa ölkəsi kimi gələcək mövcudluğuna baxa bilər: "Mən sülh sazişinin bağlanması üçün Rusiya ilə məxfi danışıqların keçirilməsini dəstəkləyirəm. Belə ki, bu cür danışıqlar keçmişdə Finlandiya və Avstriya məsələlərinin həllini tapmağa imkan verdi".
Amerikalı ekspertin sözlərinə görə, Ukrayna həmçinin Avrasiya İttifaqı ilə iqtisadi əlaqələri dəstəkləyə bilər. Ukraynanın NATO-ya üzvlük ehtimalı haqqında suala cavab verən Bjezinski əhalinin əhəmiyyətli hissəsinin ölkənin təşkilata üzvlüyünü arzulamadığını deyib. Hələlik isə Qərb Rusiyanın Ukraynaya qarşı addımlarını aqressiya hesab edir.
ABŞ-ın vitse-prezidenti Co Bayden Rumıniyaya səfəri zamanı bununla bağlı deyib ki, Avropanın sərhədləri bir də heç vaxt silah gücü altında dəyişdirilməyəcək. Lakin bu da Rusiyanı qorxutmur. Rusiya müdafiə nazirinin müavini Qriqori Karasin buna cavab olaraq bildirib ki, Qərb birtərəfli mövqe tutmamalı, hadisələrə obyektiv yanaşmalıdır. O, hərbi əməliyyatlar sona çatmadığı halda Ukraynada bazar gününə təyin edilmiş prezident seçkilərinin ölkədə siyasi parçalanmanı daha dərinləşdirəcəyini deyib. Qriqori Karasin rəsmi Kiyevin Ukraynanın şərqində hökumət binalarına nəzarətin Rusiya tərəfdarı qüvvələrdən geri alınması məqsədilə hərbi əməliyyatları ilə bağlı narahatlığını bildirib.
BMT isə Ukraynadan iğtişaşlar nəticəsində 100 min mülki vətəndaşın məcburi köçkün olduğunu və onların sayının artacağını bildirib. Qurum yurdundan didərgin düşmüş insanlara hüquqi və maliyyə yardımı göstərildiyini, qrantlar verildiyini və onların sığınacaqlarla təmin edildiyini bildirib. Bəlkə Barrozunun gözlənilməz səfəri bununla bağlıdır? Ehtimal ki? Avropa narahatlıq içindədir və Azərbaycana ümidlə baxır.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycana səfər edəcək. Bu barədə "Trend"ə Avropa Komissiyası sədrinin mətbuat xidmətindən bildirilib. Səfərin tarixi və proqramı barədə məlumat verilmir.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri X.M.Barrozunun iyunda Azərbaycana səfər edəcəyi barədə xəbər vermişdi. Məlumata görə, Avropa Komissiyasının sədri Gürcüstan və Moldovaya da səfər edəcək.
Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, T.Yaqlandın rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurası Nazirlər Komitəsinin katibi Mirey Pölüs, baş katibin Şəxsi Ofisinin direktoru Byorn Berq, Proqramlar üzrə direktor Verena Teylor və digər rəsmi şəxslər daxil olub.
Görüşdə ölkəmizlə bu mötəbər təşkilat arasındakı əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluq ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar, həyata keçirilən mühüm infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı və ölkədə hökm sürən əlverişli biznes və investisiya mühiti barədə qonaqlara məlumat verən N.Əliyev ölkəmizin regional və beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak etdiyini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini və bunun nəticəsi kimi Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini bildirib. Qonağa Azərbaycanın iştirakçısı olduğu beynəlxalq enerji layihələri, eləcə də Avropaya neft-qaz ixracını həyata keçirməyə imkan verəcək planlaşdırılan yeni layihələr barədə məlumatlar verilib.
T.Yaqland isə ölkəmizə səfərindən və Avropa Şurası ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın mövcud vəziyyətindən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanın istər enerji istehsalçısı, istərsə də tranzit ölkə kimi Avropanın enerji sistemində rolunun artacağına əminliyini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.