Rusiya Əsədə hərbi dəstəyi artırmağa başladı

23-05-2014, 09:50   


Məlum olduğu kimi, hazırda Qərb ölkələrinin böyük əksəriyyəti, eləcə də qardaş Türkiyə Suriyada Bəşər Əsəd iqtidarının dəyişməsində maraqlıdır. Lakin 3 ildən çoxdur bu ölkədə vətəndaş müharibəsinin getməsinə baxmayaraq, Əsədi hakimiyyətdən devirmək mümkün olmayıb. Bunun əsas səbəblərindən biri də Əsədə Rusiya tərəfindən verilən açıq dəstək olub.
Məhz Rusiya Qərbin Suriya hakimiyyətinə qarşı hərbi əməliyyatlara başlamasına əngəl törədib. İndi isə Rusiyanın Ukraynada həyata keçirdiyi siyasət fonunda Qərb dövlətlərinin Suriyada hərbi əməliyyatlara start verməsi artıq hər an reallaşa bilər.
Artıq Qərb Suriya müxalifətinə hərbi yardımlarının da miqyasını genişləndirməyə başlayıb.
Belə vəziyyət isə Moskvanın xoşuna gəlmədiyindən, Kreml Suriya hakimiyyətinə hərbi dəstəyini gücləndirməyə başlayıb. Livanın "əl-Əxbar" qəzetinə Rusiyanın rəsmi mənbələri belə bir məlumat veriblər ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı yaranan siyasi zəlzələdən sonra rəsmi Dəməşqlə hərbi əlaqələri artırmaqda qərarlıdır. Onlar V.Putinin B.Əsədlə yeni hərbi müqavilələr bağlamaq niyyətində olduğunu bildiriblər. Mənbənin proqnozuna görə, Rusiya-Suriya müştərək komissiyası da fəaliyyətini getdikcə gücləndirəcək. Ekspertlərin fikrincə, sözügedən komissiyaya Rusiya baş nazirinin müavini və ölkənin hərbi-sənaye zavodlarının rəhbəri Dmitri Roqozinin təyin edilməsi rəsmi Moskvanın Suriya münaqişəsi ilə bağlı mövqeyində qərarlı olduğunu göstərir.
Bundan əvvəl belə məlumat yayılmışdı ki, Rusiya prezidenti Vladimir Putin Suriyaya yardımların artırılması ilə bağlı xüsusi tapşırıq verib. Hətta iddia olunur ki, son həftələr xeyli sayda rus generalı, hərbçi və mütəxəssis Suriyaya yollanıb. Onların bir qismi Suriya baş qərargah rəisinin xüsusi müşavirləri vəzifəsində, digərləri isə idarənin müxtəlif şöbələrində çalışır. Sözügedən hərbçilərin qalanları isə əməliyyatlara rəhbərlik edir. Bundan əlavə, Rusiya hökuməti logistik və təhlükəsizlik sahəsində Suriya ordusuna yardımları xeyli miqdarda artırıb.
Ötən ildən isə Rusiyanın aparıcı şirkəti olan "Rosoboroneksport"un Suriya ilə daha əvvəl imzalanmış, ancaq bu ölkədəki vəziyyət səbəbilə icraatı dayandırılmış müqavilələrin həyata keçirilməsi üçün müvafiq addımlar atmağa başlaması da məlumdur. Bu çərçivədə ilk olaraq 2007-ci ildə Rusiya ilə Suriya arasında imzalanan hərbi təyyarə müqaviləsinin icrasına başlanmasına dair də məlumatlar gəzir. Qeyd edək ki, bu müqavilə Suriyaya 12 ədəd "MiQ 29M/M2" tipli qırıcı təyyarə satışını nəzərdə tutur. Rusiya bu təyyarələrin ilk partiyasını təşkil edən 6-nı Suriyaya göndərmək istəyərkən bu ölkədə iğtişaşlar başlamış və rəsmi Moskva müqavilənin icrasını sabitlik yaranana qədər dayandırdığını bildirmişdi.
Ekspertlərə görə, Rusiya rəhbərliyinin Suriya ilə hərbi əməkdaşlığı daha da genişləndirmək istədiyini göstərən bu qərarı iki amillə izah edilə bilər. Əvvəla, Rusiyanın bu addımı Avropa Birliyinin müxalifətə silah satışı qadağasını ləğv etmə qərarına bir cavabdır. İkincisi, Rusiya artıq Əsəd rejiminin müxalifət üzərində qələbə çalma və ölkədə nəzarəti yenidən təmin etmə imkanlarının gücləndiyini hesab edir.
Bununla yanaşı, Qərbdən fərqli olaraq, Rusiya Suriyada keçiriləcək prezident seçkilərində də Əsədə hərtərəfli dəstək verir. ABŞ prezidenti Barak Obama isə Suriya inqilabı və müxalifət qüvvələrinin milli koalisiyasının rəhbəri Əhməd Carba ilə görüşündə deyib ki, Vaşinqton Suriyada keçirilməsi planlaşdırılan prezident seçkilərini qanunsuz hesab edir. Xatırladaq ki, Carbanın Obama ilə görüşünə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Süzan Rays da qatılıb. Prezident Obama və Rays Bəşər Əsədin legitimliyini itirdiyini, gələcək Suriyada ona yer olmadığını vurğulayıb. Tərəflər Suriyada artan ekstremizmə və terror qruplaşmalarına qarşı mübarizə barədə həmrəy olduqlarını bildiriblər.
Ə.Carbanın özü isə "Wall Street Жournal" qəzetinə müsahibəsində söyləyib ki, B.Obama ilə görüşdə müxalifətə daşına bilən zenit-raket komplekslərinin çatdırılması müzakirə olunub. Qeyd edək ki, ABŞ rəhbərliyi son vaxtlar Suriya rəhbərliyi ilə mübarizə aparan müxalif güclərə yardımı artırmaq xəttinin seçib. Bura həm hərbi, həm də maliyyə yardımı daxildir. Bir neçə gün əvvəl Vaşinqton müxalif güclərə raketlərin göndərilməsini nəzərdə tutan pilot proqramını açıqlayıb. ABŞ mətbuatının yazdığına görə, son dövrlər rejim gücləri qarşısında ağır itkilər verən və son olaraq Homsdən geri çəkilmək məcburiyyətində qalan müxalifətə raketlər veriləcək. ABŞ səlahiyyətliləri bildirib ki, müxalifətə silah yardımının 27 milyon dollar artırılması planlaşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.