Qəbələ Qəbələlilər üçün deyil:yerli əhalini kimlər nə səbəbə bezdirirlər? – VİDEO
4-01-2016, 12:51
Redaksiyamızın elektron poçtuna Qəbələ rayonunun kiçik Pirəlli kənd sakini Vüqar Məmmədovun ünvanladığı şikayət məktubu daxil olub. Şikayət məktubunda yazılanları cumhuriyyət. az olaraq qərara aldıq ki, şikayətçinin öz dili ilə söylədiyi video müraciəti təqdim etməklə kifayətlənək. Bundan öncə isə bir az Qəbələ rayonu haqda dəyərli oxucularımızı bilgiləndirmək istəyirik. Əvvəla onu deyək ki, Qəbələ rayonu haqqında deyilənlər heç də ciddi həqiqət dolu faktlara söykənmir. Qəbələ rayonu respublikanın digər rayonlarından kəskin dərəcədə fərqlənir. Bu fərq nədir? Fərq ondadır ki, Qəbələ rayonunda sərt avtoritar idarəetmə forması tətbiq edilir. Burada insanlar daimə nəzarət və təhdid altında yaşamağa məhkumdurlar. Rayon Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olduğu üçün maksimum dərəcədə çalışılır ki, rayonla bağlı hər-hansı informasiya KİV-ə çıxaraq ictimailəşməsin. Nazir Kəmaləddin Heydərovun xeyir-duası ilə yanğın təhlükəsiziliyi üzrə ixtisaslaşmış polkovnik Səbuhi Məmmədov rayona icra başçısı təyin edilib. Səbuhi Məmmədov nazirlə yaxın olmaqla yanaşı bundan öncə rayonda yanğınla mübarizə idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda nazirin atası Fəttah Heydərov artıq dördüncü dəfədir ki, Qəbələni milli məclisdə təmsil edir. İcra başçısı Səbuhi Məmmədov haqqında əhali qeyd edir ki, onun idarəetmə səriştəsi yox dərəcəsindədir. Rayon faktiki olaraq hüquq mühafizə orqanlarının ixtiyarına verilib ki, rayonda heç kəs hər hansı məsələyə etiraz olaraq baş qaldırmasın. Polis, prokurorluq, məhkəmə bütün bu strukturlar qanunlara deyil, rayonun qeyri-rəsmi kuratoru olan nazir Kəmaləddin Heydərovun tapşırıq və göstərişlərini icra edirlər. Qəbələdə fəaliyyətdə olan nə kimi zavod, müəssisə varsa hamısı nazir Kəmaləddin Heydərova məxsusdur və yerli əhalidən burada tək-tük adamın çalışdığı bildirilir. Yerli əhali deyəndə yalnız Bum kəndinin əhalisindən olanlar nəzərdə tutulur. Çünki nazirin həyat yoldaşı əslən Bum kəndindəndir. Rayonda inkişaf dedikdə yalnız mərkəzi yollar, parklar və sair üzdə olanları inkişaf edənlər sırasına daxil etmək olar. Görülən bütün işlər kosmetik xarakterli olmaqla, əslində dövlət büdcəsinin talanmasına və gözdən pərdə asilmasına zəmindir. Sanki Qəbələ başdan-başa cah-cəlal içərisində üzür. Əslində isə rayonun içərisinə doğru küçələrə nəzər yetirilsə görmək olar ki, buralar bərbad vəziyyətdədir. Rayonda işsizlik tüğyan edir, insanlar bütün günü kafe və çayxanalarda domino və nərd oynamaqla günlərini keçirirlər. Rayonda polis özbaşnalığı pik həddədir. Rayon polisinin rəisi Etibar Abdiyev nazir Kəmaləddin Heydərovun yaxın adamıdır. Polis rəisi Qəbələ əhalisi ilə işğal olunmuş ərazilərdən girov götürülmüş əsrlər kimi rəftar edir. Burada istənilən adamı şərləyib uzunmüddətli həbsə göndərmək mümkündür. Çünki Qəbələdə mövcud ölkə qanunlarına məhəl qoyulmur, məmurların iradəsi qanunlardan üstün mövqedə dayanır. Qəbələ rayonunu idarə edən şəbəkə strukturlaşmış mafioz dəstəni xatırladır ki, bizlər bu səhnələri yalnız mafiya filmlərində görüb tamaşa etmişik. Rayonun meşələrində gizli cəmiyyətə təhlükəli tendensiyaya aparıb çıxaran işlərlə məşğul olunur. Rayonda iş başında olan məmur ordusu Heydərovların kölələri funksiyasını həyata keçirirlər deyərək əhali tərəfindən izah verilir. Rayonda fəal vətəndaş cəmiyyətlərinə xas olan fərqli fikirlilik, demokratik ab-havaya uyğun olan hər hansı təsisatdan belə söhbət gedə bilməz. Bütün bunlar boğularaq məhv edilmişdir. Qəbələ rayonunda gənc ailələr üçün, yerli sakinlər üçün həyətyanı torpaq alaraq yaşayış evi tikmək sanki qadağan olunub. Burada kənardan gələn istənilən pullu müştəri üçün yaşıl işıq yandırılıb. Azərbaycana rəhbərlik edən bütün məmurların Qəbələ rayonunun ən görməli, gəzməli, səfalı yerlərində villaları var. Həmin ərazilər xüsusi şəxslər tərəfindən gecə-gündüz mühafizə olunur. Bir sözlə Qəbələ rayonu kənardan baxanda sanki özü boyda bir həbsxanadır və əhalisi isə həbs olunmuş durumdadır. Cumhuriyyət. az olaraq mövzunu diqqətdə saxlayacağıq. Rayondakı mənbəmiz yaxın günlərdə daha şok edici faktları açıqlayacağını qeyd edir. Sonda şikayətçi Vüqar Məmmədovun şikayətlə dolu video görüntüsünü təqdim edirik.