«Vice News»: «Hətta Allah da sanki bu yeri yaddan çıxarıb…»
ABŞ mediasında Azərbaycandakı vəziyyət, xüsusən neft gəlirlərinin havaya sovrulması, bu ölkədə insanların böyük əksəriyyətinin səfalət içində yaşamasından bəhs olunan yazı 2015-ci ilin ən yaxşı məqalələrindən biri seçilib. “Vice News”da dərc olunan “Hətta Allah da bu yeri yaddan çıxarıb: Azərbaycanın neft yataqlarına xoş gəlmisiniz” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
XIII əsrin sonlarında araşdırmaçı Marko Polo müasir Azərbaycanın da yerləşdiyi regiona səfər etmişdi. Yazırdı ki, orada fışqıran neft hövzələri görüb ki, onların da bəziləri alovlanır və qaranlıq gecələrdə səmanı işıqlandırırdı.
Bugünlərdə isə paytaxt Bakıda səma ölkənin qara qızılı hesabına başa gəlmiş göydələnlərin və stadionların projektorları ilə işıqlanacaq.
Bu şəhərdə keçən yay birinci Avropa Oyunları – 50 ölkədən olan idmançıların iştirakı ilə Olimpiya Oyunları üslubunda idman turniri keçirildi. Azərbaycan hökuməti bu turnirə görə milyardlar xərclədi.
Bununla belə, Azərbaycan dünyada iqtisadiyyatı neftdən ən çox asılı olan ölkələrdən biridir. Ölkədə növbəti devalvasiyalar, neftin qiymətinin kəskin ucuzlaşması, Avropa Oyunlarına görə dövlətin pullarının havaya sovrulması xalq arasında narazılıq yaradıb.
Bakının mərkəzindən bir neçə kilometr şimalda yerləşən və 640 milyon dollara başa gəlmiş Olimpiya stadionunda Avropa Oyunlarının açılış mərasimi keçirilmişdi. Vladimir Putinin də iştirak etdiyi açılış mərasimində tamaşaçılar Ledi Qaqanın ifasını, uçan xalçanı izlədilər. Ibrahim adlı çoban isə stadionun yaxınlığında inanılmaz boşluqdakı Balaxanı neft yataqlarının ətrafında sürünü otarırdı.
“Mən fəxr edirəm. Bu oyunlardan əvvəl Azərbaycanı, onun harada yerləşdiyini çoxları tanımırdılar. Amma bu oyunlardan sonra adamlar öz ölkələrinə qayıdıb Azərbaycan haqda öz ailələrinə danışacaqlar”, – deyə Ibrahim “Vice News”a bildirib.
Avropa Oyunlarını izləməyə gəlmiş tamaşaçının Balaxanını görməsi az inandırıcıdır. Hərçənd, Balaxanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan yerdir. 2013-cü ildə Avropada böhran yaşananda Azərbaycan gündə orta hesabla 880 min barrel neft çıxarırdı və bir neçə il ərzində dünyada iqtisadiyyatı sürətlə artan ölkələrdən biri idi.
Lakin neftin qiymətinin kəskin ucuzlaşaraq 110 dollardan xeyli aşağı düşməsi Azərbaycan hakimiyyətində panika yaradıb, həmçinin milli valyuta olan manatın dəyərdən düşməsilə nəticələnib. Amma ölkənin böyük neft ehtiyatlarından əldə olunan gəlirlərin adamlara çatdığı aydın deyil.
“Siz burada nə gəzirsiz? Hətta Allah da bu yerləri yaddan çıxarıb!”, – deyə Balaxanıda gənc bir sakin “Vice News”a deyib.
Boruların kəsişdiyi, paslanmış metalla dolu ərazidə yerləşən, yüzdən artıq yaşı olan köhnə evlərdən birinin qapısında dayanmış Samirə adlı xanım deyir ki, bütün ömrü boyu burada yaşayıb. Hər iki babası və nənəsi, həmçinin valideynləri xəstəlikdən dünyasını dəyişəndən sonra iki kiçik qardaşının qayğısına o qalır.
“Hesab edək ki, mən Azərbaycanda ilk dəfə neft çıxarılmış yerdə yaşadığıma görə fəxr edirəm. Amma mən istəyirəm ki, burada şərait yaxşılaşdırılsın. Azərbaycanda insanların çoxu işsizdir. Indi mən özüm də işləmirəm. Çünki Avropa Oyunlarına görə fabriki bağladılar”, – deyə o bildirib.
Şəhərdə söz-söhbət gəzirdi ki, şirkət rəhbərləri, dövlət strukturlarında çalışanlara Avropa Oyunlarının biletləri məcburi şəkildə satılıb. Azərbaycanda müəllimin aylıq maaşı orta hesabla 150 dollar civarındadır.
Səs-küylü kafelərdən birində görüşdüyümüz Emil adlı vətəndaş ehtiyatla deyir ki, pulların hara getdiyi hamıya məlumdur. O, əli ilə yuxarını göstərir. Ölkədə bu jestlə hakimiyyət nəzərdə tutulur.
“Əcnəbilər gəlib bizim torpağı qazdılar və indi xərclədiyimiz pulları bizə verdilər. Bu inkişafdır? Yox, bu petrokratiyadı (neftə əsaslanan hakimiyyət). Iyirmi ildir bizə deyirlər ki, iqtisadiyyatımız şaxələndiriləcək, amma hələ də bu, baş verməyib. Həqiqi inkişaf yalnız o vaxt ola bilər ki, ölkədə siyasi və mülki hüquqlar bərqərar olsun”, – deyə politoloq Hikmət Hacızadə “Vice News”a bildirib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) internet səhifəsində ölkənin keçmiş prezidenti, 1994-cü ildə neft-qaz razılaşmalarına dair “əsrin müqaviləsi”ni imzalamış Heydər Əliyevdən sitat verilib: “Azərbaycanın böyük neft-qaz ehtiyatlarının olması bizim millətimizin uğurudur və xalqımızın rifahının təmin olunması, indi və gələcəkdə ölkəmizin inkişafı baxımından çox vacib faktordur”.
Bu arada, Balaxanıya qayıdaq, Samirə gülümsədi və gözlərini yavaş-yavaş üfüqdə batmaqda olan Günəşin parıltısına dikdi. Yaxınlıqdakı nasosun səsi sükutu pozdu.
“Böyük məmnuniyyətlə sizi çay süfrəsinə qonaq edərdim, amma təəssüf ki, indi çay almaq imkanım yoxdur. Inşallah, növbəti gəlişinizdə olar…”, – Samirə dedi.