“TÜRMƏ ƏHVALATLARI” LAYİHƏSİNDƏ
Bayıl türməsinin 6-cı korpusundakı 106-cı kamera “burjuy kamera”sı adlanır. Məhkəmənin hökmündən Apelyasiyaya şikayət ərizəsi yazan dustaqlar 200-300 manat xərc çəkib bu gözləmə kamerasının 1-2 ay sakini olardılar.
3-cü korpusun 90-cı kamerasında dustaqların sayının çox olması və havasızlıq məni də “məcbur” etdi ki rəhbərliklə “bazarlıq” edib yuxarıda bəhs etdiyim kameraya köçürülüm. Bunun üçün türmənin rəis müavini Ağəmmədə “çöldə” 250 dollar verilmişdi.
Kamerada məni çox mehriban qarşıladılar. Artıq 3 aya yaxın idi ki, dustaq həyatı yaşayırdım. Həm də təcrübəsiz deyildim, içəri girən andan bu həyatın içindən xəbəri olmuş adam təsiri bağışlamışdım. Dustaq yoldaşlarım sonradan mənə:
- Elə bildik ki, 3-4-cü “xodkandır”(gəlişin), - dedilər.
Kamera yoldaşlarımın bəziləri haqda ötən yazılarımda qısaca da olsa, bəhs etmişəm. Hərbiçi Mikayıl haqda geniş yazmışdım. Masallının Alvadı kəndindən olan deputatlığa keçmiş namizəd Elçin, hal-hazırda adam öldürdüyünə görə ikinci dəfə həbs olunaraq ömürlük həbs cəzası alan Elnur Sadıqov, avtoritet Xaqani Həşimov, salyanlı narkobaron Vüqar, bir də indi haqqında bəhs etdiyim “Seyid” ləqəbli Əliyev Nizami...
YANAN BARMAĞA
Seyid Beyləqan rayonundan idi. Ali təhsili vardı. Özünün dediyinə və mənim sonrakı müşahidələrimə görə, böyük nüfuz sahibi idi. Çox hörmətli seyid olan Əminə xanımın nəslindən olduğunu deyirdi. Sonralar 10 saylı CÇM-də birgə cəza çəkdikdə eloğlularının onun hörmətini saxlamalarının, cəddinə and içmələrinin şahidi oldum. Eyni zamanda da bütün ömrü boyu vəzifədə işləyib, “yanan barmağa su tökmədiyinə, daima yeyib içdiyinə, arvadbazlıq etdiyinə görə cəzasını çəkir”, demələrinin də şahidi olmuşdum. Bunları sonralar eşidəcəkdim, indilərdə isə, Seyidin Bayıl həbs evindəki günlərini vərəqləyək.
KOMSOMOLUN KATİBİ
Bəri başdan deyim ki, Seyid çox səliqəli adam idi. Üzünü hər gün taraş edər, hər həftə saçlarını kəsdirərdi. Onun bu şakəri gənclik illərindən məsul vəzifələrdə işləməsinə görə də ola bilərdi. Sovetlər dönəmində Rayon Komsomol komitəsinin 1-ci katibi, Raykomda təlimatçı, kolxoz sədri, Müstəqillik dönəmində isə məktəb direktoru, təhsil şöbəsinin müdiri və Rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdu...
MƏNİ İRŞAD ƏLİYEV TUTDURDU
Dediyinə görə, Nizami müəllimi əvvəllər Kənd Təsərrüfatı naziri olmuş, sonradan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı işləyən İrşad Əliyev həbs etdirib:
- Mənim onun yerinə başçı təyin olunacağımı aparatdan ona deyiblərmiş. Başçı da məni sıradan çıxarmağın yolunu həbs etdirməkdə gördü...
O, həbs olunarkən rayonun mədəniyyət idarəsinə rəhbərlik edirmiş.
Seyid deyirdi ki, İrşad Əliyev rayonda lap ağ eləmişdi. İşi-gücü rüşvət toplamaq idi və bu da rayon ziyalılarını çox narahat edirdi. Ona görə də İ. Əliyevin yerinə real namizəd kimi məni görürdülər. Bu haqda yuxarılara müraciət də olunmuşdu.
Nizamini Azərbaycan CM-in 315-ci (Polisə müqavimət, əmrə tabe olmamaq) və 152-ci (yetkinlik yaşına çatmamış şəxslə seksual hərəkətlər etmə və öz razılığı ilə cinsi əlaqədə olmaq) maddələrlə təqsirli bilib həbs etmişdilər. Seyid hər kəsə həkimdən aldığı arayışı göstərirdi ki, onun xəstəliyi var və qadınla yaxınlıq edə bilmir. Deyirdi ki, bu, quramadır. Mənim yanına pis yolda olan ana-bala göndərmişdilər. Qəbul etdim. Kömək istədilər. 30 “şirvan” pul da verdim. Sonradan qadını üzümə durğuzdular ki, guya o pulun müqabilində qızla yaxınlıq etmişəm...
O biri maddəsi haqda isə ürəklə danışırdı. Polisləri “şillə-təpiyin altına salması, onları it küçüyü kimi doqqaza qədər qovması”nı günün hansı vədəsində danışdırsan, həvəslə danışa bilərdi.
200.000 MANAT VERDİM
Vəzifəyə isə uzağı 10-15 günə gələcəkmiş:
- Bir tanış xanım vardı. O da seyid qızıdır, danışmışdı işimi. 200.000 manat verdim. Apardı kiməsə verdi. Dedi, iki aya təyinatın olacaq. Amma heç kəsə heç nə demə. Şad xəbərə görəsə 10.000 manat da verdim xanıma. Amma haradansa informasiya çatmışdı başçıya, mənim torbamı tikdi.
Allah bilir, mənə qədər bunu neçə adama söyləmişdi. Vəzifəyə gəlmə istəyinin uğursuz başa çatmasında özünü günahkar sayırdı.
Qadın tanışının kim olması ilə maraqlandım, adını soruşdum. Demək istəmədi. Birdən heç özüm də bilmədim necə oldusa:
- Şəmsiyyə Bəylərqızı deyildi ki? - deyə soruşdum.
- Hə, o, idi, – dedi. Sonra da onu haradan tanımağımla maraqlandı. Onun haqda nə bilirdimsə, hər şeyi danışdım:
- Seyid, o qadın sənə atıb, heç kəsə pul verməyib və İrşada da yüz faiz özü sənin haqda donos verib. Deyib ki, ay bədbəxt, bəs Seyid səni devirmək istəyir. Bilmək olmaz, bəlkə də səsini də yazıb ona eşitdirib.
İnanmadı. Amma onu yaxından tanımağımı, mənimlə də belə bir iş tutduğunu danışdıqdan sonra inandıra bildim.
RANTİQİN ARVADI VƏ QIZI
Seyid söhbətcil adam idi. Amma yalanları da çox idi. Hansı mövzudan bəhs edərdinsə, o mövzuya müdaxilə edərdi. Azərbaycanın bütün rayonlarında dostu olduğunu deyərdi. Onun söhbətində yalan ayaq tutur və yeriyirdi.
- Şair, “Brilyant məsələsi” romanında Rantik var e... onun Qırmızı Bazarda gözəl bir restoranı vardı. Dostluq edirdik. Yaxşı arvadı vardı. Arvadının mənə gözü düşmüşdü. Birləşmişdik. Qızı da vardı. Haradasa Rusiyada oxuyurdu. Gəlmişdi, gördüm, keçməli şey deyil, onu da...
ERMƏNİ AXÇİLƏRİ TOPLAŞDI BAŞIMA
Seyidin “macəraları” çox idi, nədənsə hamısı da qadınla bağlı olardı.
- Cavan oğlan idim. Kolxoz sədri işləyirdim. Bir gün raykom katibinə dedim ki, pambığın yığımına az qalıb, 5 gün icazə ver, məzuniyyət götürüm, dincəlim. Mənim cəddimdən çox qorxurdu. Nəfsim ağırdı. Bir söz demədi, icazə verdi. Getdim Rantiqgilə. Erməni axçiləri həmən topalaşdı başıma. Rantiqin qızına qızıl sırğa da almışdım. Ana-bala xidmətimdə idilər. Həmin axşam, qız dedi ki, bəs sinif yoldaşımın ad günüdür, gedək ora. Getdim. Erməni dığaları vardı. Özümü elə apardım ki, guya heç bunlar adam deyil. Gözaltı da baxırdım ki, babatının birini marıtlayım. 15-ci gün idi burda qonaq idim, hər gün bir evdə qalırdım. “06”-mın “bardaçoku” pulla dolu idi, xərcləyirdim özüm üçün. Bir dəfə də bir erməni axçisi ilə oturub həyətdə söhbət edirdim. Gördüm, bir yuxarı sinif şagirdi olan erməni qızı bizə baxır, gözaltı fikir verdim..
RAYKOM KATİBİ SƏNİ ÖLDÜRƏCƏK
Seyidə imkan vermədim 16-cı erməni qızını da “xoşbəxt” etsin. Tələsik dedim:
- Seyid, raykom katibi səni öldürəcək.
- Niyə ki?
- Ay zalım, pambıq tökülüb qaldı. Bir-iki günə yağışlar başlayacaq. 10 günlük icazə alıbsan, 16 gündür ki, Qırmızı bazarı, Mardakerti söküb çevirirsən..
Hamı gülüşdü. Salyanlı Vüqar:
- Şair, başuva iş qəhətdi də. Danışırdı dənə. Ermənidən o cür qisas ala bilmirik, imkan verəydin, Seyid bunları bir-bir qıraydı, tifaqlarını dağıdaydı dənə...
SEYİDİN SPİRTİ
Seyidin şəkəri vardı və hər gün özünə insulin iynəsi vururdu. Buna görə də onun iynəni vuracağı yerə sürtmək üçün spirti olardı. Bayıldakı həkim ona 100 qramlıq tibbi spirt gətirirdi. Bir dəfə dostlar mənə dedi ki, arağımız var, içərsən? Ehtiyat etdim. Fikirləşdim ki, zarafat edirlər və növbəti zarafatın hədəfi mən ola bilərəm. Amma kifayət qədər ciddi olan təklifə razılaşmamaq da olmadı:
- Nə bilim,- dedim.
Sən demə, Elnur Seyidin spirtini götürüb plastik qabda su ilə qarışdırıb 40 dərəcəli araq halına salırmış. Yerinə su tökülən spirtin eləcə qoxusu gəlirdi. Mən orada olana qədər bu 3 dəfə təkrarlandı. Deyim ki, Elnur da namaz qılırdı. Bəzən narkotik tərkibli həblər atırdı. Namaz qılanda dəstəmazın arxasında oturduğu yerdə yuxulayırdı. Xaqani gülürdü, dustağı yuxudan və fikirdən oyandırmazlar. Yuxusunda, fikirlərində “volya”da ola, doğmaları ilə söhbət edə bilər deyirdi.
CƏDDİNİ “KLYUÇAT” ELƏ
Seyidlə mübahisəmiz də olardı. Bəzən macəraları o qədər ifrat dərəcədə bəzəkli-düzəkli olurdu ki, inanmadığımızı üzünə açıq deyirdik. İnciyərdi:
- Mən Seyidəm, yalan danışamaram, cəddim sizi tutar.
Zarafatla deyirdim ki, Seyid, sənin cəddin adam tutmağı bacarırsa, səni tutanları tutsun da, bunun üçün cəddini “kluyuçat” elə, “xod”a düşsün...
Qeyd etmək yerinə düşərdi ki, əliaçıq adam idi. Nəzarətçilərə, rejim və DPN-ka işçilərinə xərclik verməkdə xüsusi səxavət sahibi idi. Bahalı siqaret çəkərdi və onun üçün qıraqdan xüsusi yorğan-döşək gətirmişdilər. Uzun müddət vəzifədə işləməsi dostlarının çox olmasına səbəb olmuşdu. Onu ziyarət edirdilər.
QOYUN UDUZMUŞDU
Qumar oynamasa da, mərc gəlməyi sevirdi. Və mənə xeyli qoyun uduzmuşdu. Açığı deyim ki, azadlığa çıxdıqdan sonra bir toğlu kəsib pay göndərmişdi və mən də onun bu diqqətinə görə borclarının üstündən xətt çəkmişdim. Bütün bunlar çox sonralar olacaqdı. İndilərdə isə Seyid Bayıl türməsindədir və İrşadın əleyhinə faktlar verəcəyini deyirdi. Onunla zarafatlarım çox olmuşdu. Deyim ki, o da Bayıldan 10 saylı CÇM-ə gəlmişdi və burda da bizim zartafatlarımız yetərincə olmuşdu