Bahalığa etiraz edən kütlə rayon mərkəzi bazarına hücum etdi
Manatın bir ildə iki dəfə dəyərdən düşməsi və hökumətin isə Azərbaycan insanının güzəranının normallaşdırılması üçün hər hansı iqtisadi konsepsiyasının olmaması ciddi sosial - iqtisadi problemlər yaradıb.
Problem özünü regionlarda daha qabarıq şəkildə göstərir. İllərdir ki, bir soyadın – Məmmədovların feodal qaydaları ilə idarə etdikləri Ucarda bir saat öncə əhalinin rayonun mərkəzi bazarının ətrafında etiraz aksiyası keçirilib. Conflict.az-a hadisə yerində olan mənbənin verdiyi məlumata görə xəbərdarlıqsız, ani olaraq başlayan aksiyanın dağıdılması üçün göndərilən rayon polis idarəsinin əməkdaşları öncə çaşqın vəziyyətdə aksiya iştirakçılarını müşahidə ediblər.
Rayon İcra Hakimiyyətinin bir neçə rəsmisinin hadisə yerinə gəlişindən sonra isə kütləni dağıtmaqda zorluq çəkən polis nəfərləri aksiya iştirakçılarından bir neçəsini saxlayaraq, polis idarəsinə aparıblar.
Məlumatı verən mənbə bildirir ki, əhali bahalığa etiraz əlaməti olaraq kütləvi şəkildə rayon mərkəzi bazarına girməyə şalışsa da, polis izdihamın hərəkətinə mane ola bilib. Mənbə onu da qeyd etdi ki, rayon rəhbərliyi hələ də sakitləşməyən kütlənin qarşına çıxmaqdan ehtiyat edir. Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırdır. Mövzunu diqqətdə saxlayacağıq.///conflict.az