İcra başçısından Heydər Əliyevin heykəlinə şikayət etdi - AĞSUDA İLGİNC AKSİYAAğsu rayonunda məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Quliyev Asəf Lətif oğlu dövlət qrumlarında şikayətlərinə baxılmadığı üçün Heydər Əliyevin Ağsu rayonunda olan heykəlinə şikayət edib.
Savash.org xəbər verir ki, bu barədə Teleqraf.az-a məlumat verən Asəf Quliyev bildirib:
“20 ildən çoxdur Ağsu rayonunun Meleoratorlar qəsəbəsində yerləşən “Qərənfil” uşaq bağçasında məskunlaşmışıq. Hər iki valideyinimi itirmişəm, iki körpə övladımla bağça binasında yaşayırıq. Keçən bu illər ərzində bir dəfə də olsun istər Ağdam rayon, istərsə də Ağsu rayon rəhbərliyindən bizim vəziyyətimizlə maraqlanan olmayıb. Əksinə, olaraq hər zaman problemlərlə rastlaşmışıq. Məskunlaşdığımız binanı bir il də üç dəfə təmir işi aparıblar. Hər dəfə də, biz tozun-torpağın içində yaşamağa məcbur olmuşuq. Dekabr ayında da yenicə təmir etdikləri yerləri sökərək, yenidən təmir adına iş apardılar. Biz dəfələrlə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə və onun müavinlərinə müraciət edərək başqa yerdə mənzillə təmin edilərək məskunlaşdırılmağımızı bildirsək də, kimdir bizi eşidən...? Yenə də bu soyuq qış ayında binanın damını sökərək bizi şaxtanın altında yaşamağa məcbur etdilər. Dəfələrlə prezidentimiz İlham Əliyev cənablarına da yazaraq şikayət etsək də, şikayətimizə baxılmayıb. Əksinə Ənvər Seyidəliyev deyib ki, “kimə şikayət edirlər etsinlər, onları o binada çürüdəcəm.”
Mən də gördüm şikayətim eşidilmir, dərdimi Heydər Əliyevə deməyə qərar verdim. Mərhum prezidentimizin dövründə bu adamlar haqsızlıq edə bilmirdilər. Hər yerdə dərdimiz eşidilirdi. Ulu öndər Heydər Əliyevin vəfatından sonra isə məmurlar söz eşitməz olubdur. Xalqa sanki düşmən kəsliblər. Ənvər Seyidəliyev sanki bizim qəsdimizə dayanıb. Tikintidən 5-10 manat pul yeyəcək deyə, bizi bu qədər aşağılamağı hansı ədalətə uyğun gəlir? İki övladım var, o binada hər an faciə baş verə bilər və uşaqlarıma ciddi xəsarət toxuna bilər. Mən Cənab prezidentimizdən də, bizim problemlərimizə nəzər salmağı xahiş edirəm.