Divarları uçan tikilinin xərcini yerli idarə və müəssisələrin rəhbərləri məcburi şəkildə çəkməli olublar
Bir müddət əvvəl Quba rayon İcra Hakimiyyətinin yeni istifadəyə verilmiş binasının divarlarının uçması barədə məlumat vermişdik. Binanın divarlarına vurulmuş üzlük daşları qoparaq, yerə düşməyə başlayıb.
Həmin məlumatlarda qeyd olunurdu ki, binanın təmiri dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib. Hətta bu məqsədlə bir neçə milyon manatın sərf olunduğu vurğulanırdı. Lakin son dəqiqləşdirməmizə görə, Quba İcra Hakimiyyətinin binası heç də dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmir edilməyib.
anaxeber.info-a İcra Hakimiyyətindəki mənbələrdən verilən məlumatda deyilir ki, binanın təmirinə çəkilən bütün xərclər yerli idarə və müəssisə rəhbərlərinin hesabına ayrılıb. Daha doğrusu, bütün idarə və müəssisə rəhbərlərinə, həmçinin yerli icra nümayəndələri və bələdiyyə sədrlərindən məcburi qaydada pul yığılıb.
Onu da bildirək ki, məlumatı həmçinin icra başçısının müavinlərindən biri də təsdiqləyib.